

Tədbiri giriş sözü ilə açan Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları salamlayaraq demişdir ki, belə bir konfransın keçirilməsi ictimaiyyətin son illərdə respublikada ictimai həyatın bütün sahələrində həyata keçirilən islahatlar, o cümlədən Nərimanov rayonundakı genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri barədə obyektiv məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Abdin Fərzəliyev əmin olduğunu bildirmişdir ki, konfrans rayonun rəhbər şəxsləri ilə kütləvi informasiya vasitələrinin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafında yeni imkanlar açacaqdır.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinin respublikada yüksək səviyyədə qeyd olunduğunu bildirmiş, eyni zamanda, milli mətbuatın cəmiyyətin inkişafındakı rolundan danışmışdır. Müstəqillik illərində milli mətbuatın keçdiyi tarixi inkişaf yoluna nəzər salan Fondun icraçı direktoru ölkədə söz, fikir və məlumat azadlığının təminatı sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açmışdır.
Müstəqilliyin ilk illərində ölkədə barmaqla sayılacaq qədər az qəzetin olduğunu diqqətə çəkən Vüqar Səfərli son illərdə mətbuat orqanlarının təsis edilməsi üçün son dərəcə liberal mühitin yaradıldığını bildirmiş, bunun nəticəsi kimi 5000-ə yaxın qəzet və jurnalın Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini diqqətə çatdırmışdır. Həmçinin bildirmişdir ki, 2009-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ölkə mətbuatının inkişafına və maliyyə problemlərinin həllinə mühüm töhfə olmuşdur.
Vüqar Səfərli qeyd etmişdir ki, Fondun maliyyə yardımları ölkə mətbuatının inkişafında və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Fondun icraçı direktoru çıxışının sonunda əmin olduğunu bildirmişdir ki, belə tədbirlər mətbuat nümayəndələri ilə dövlət məmurları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verəcəkdir.
Daha sonra məruzə ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mətbuatının yaranması və tarixi inkişaf yoluna nəzər salmış, müxtəlif mərhələlərdə milli jurnastikamızın cəmiyyətin tərəqqisinə verdiyi sanballı töhfələrdən söz açmışdır. Əflatun Amaşov həmçinin, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində ötən əsrin 90-cı illərinin əvvəllərində təşəkkül tapmış qəzetlərin rolundan danışmış, ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə mətbuat üzərində senzuranın ləğvini kütləvi informasiya vasitələrinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirmişdir. Əflatun Amaşov ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən islahatların cəmiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında, habelə demokratik proseslərin inkişafında ölkə mətbuatının xidmətlərinə də xüsusi toxunmuşdur.
Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev xüsusi vurğulamışdır ki, rəhbərlik etdiyi rayon ölkədəki dinamik sosial-iqtisadi inkişaf və abadlıq-quruculuq işlərini öz nümunəsində qabarıq şəkildə əks etdirir. Genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri barədə məlumat verən Abdin Fərzəliyev demişdir ki, qarşıdakı illərdə Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin tikintisi, T.Bəhrəmov adına Respublika Stadionun yenidənqurulması, Rəssamlıq və Diplomatik akademiyaların yeni binalarının inşası başa çatdırılacaqdır. Eyni zamanda paytaxt üçün son dərəcə mühüm əhəmiyyət daşıyan yol-nəqliyyat layihələrinin icrası başa çatdırılacaqdır. Abdin Fərzəliyev çıxışında rayon sakinlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə də tədbir iştirakçılarına məlumat vermişdir.
Daha sonra dialoq və diskussiya şəklində davam edən tədbirdə Nərimanov rayonunun rəhbər şəxsləri, habelə rayon ictimaiyyətinin nümayəndələri onları maraqlandıran suallarla bağlı kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət etmişlər.
Reket jurnalistikaya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı sualı cavablandıran Mətbuat Şurasının Reket jurnalistika ilə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə son illərdə ölkə mətbuatını nüfuzdan salan 80-dan çox qəzetin adının «qara siyahı»ha salındığını diqqətə çatdırmışdır. O, bütün cəmiyyəti reket jurnalistikaya qarşı mübarizədə, onların ifşasında yaxından iştirak etməyə çağırmışdır.
Sonda Abdin Fərzəliyev Nərimanov Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşəbbüsü ilə jurnalistlər üçün «Nərimanov rayonunun sosial-iqtisadi inkişafının vəziyyəti» mövzusunda yeni yazı müsabiqəsinin keçiriləcəyini bildirmişdir. O demişdir ki, müsabiqənin keçirilməsinə məqsəd son illərdə rayonda həyata keçirilən tədbirləri və mövcud problemləri mətbuatda obyektiv şəkildə işıqlandırmaqdır.
Tədbirdə çıxış edən digər məmurlar və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulamışlar.
![]()