Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və onların təbliği
Enerji mənbələri günümüzün tələbatıdır
Hədər yerə deməyiblər: «Energetika - sənayenin çörəyidir». Sənaye və texnika nə qədər inkişaf edərsə, ona daha çox enerji lazımdır. Hətta belə bir məfhum da vardır: «Energetikanın öncül inkişafı». Bu o deməkdir ki, heç bir sənaye müəssisəsini, heç bir yeni şəhəri və ya sadəcə olaraq evi onlar üçün enerji mənbələri hazırlanmadan tikmək mümkün deyil.
Təbiətdə enerji ehtiyatları çox böyükdür. Bu ehtiyatlar günəş şüaları, külək və hərəkətdə olan su kütlələri vasitəsi ilə yaranır, ağac və daş kömüründə, qaz və neft yataqlarında olur. Lakin onların bütün formaları birbaşa istifadə üçün yararlı olmur.
Enerjinin əldə edilməsi və onun insanlara lazımi formada çatdırılması üçün çoxlu sayda texniki vasitələr və üsullar mövcud olub. Əslində insan o vaxt insan olub ki, istilik enerjisi əldə edib və ondan istifadə etməyi öyrənib. İnsanlar hələ ocağın mahiyyətinin nə olduğunu bilmədiyi vaxtlarda da tonqal qalayıblar. Lakin kimyəvi enerjinin istilik enerjisinə bu dəyişilmə üsulu artıq min illərdir ki, mövcudluğunu saxlayır.
20-ci əsrin ikinci yarısından isə bəşəriyyət qarşısında qlobal problem yaranmağa başlayıb. Bu, ətraf mühitin üzvi yanacağın yanması nəticəsində əmələ gələn tullantılarla çirklənməsidir. Hətta əgər bu problemin hər bir sahəsini ayrıca nəzərdən keçirsək, qarşımızda dəhşətli bir mənzərə yaranacaq. Məsələn, ətraf mühitə avtomobillərdən zərərli maddələrin atılması üzrə statistikaya nəzər yetirək. Avtomobillərin dəm qazlarından atmosferə 14,7 ton karbon oksidi, 3,4 milyon ton karbon, 1 milyon tona yaxın azot oksidi, 5,5 min tondan çox yüksək toksiki qurğuşun birləşmələri düşür. Bu nəticələr uzaq 1993-cü ildə əldə edilib və əgər nəzərə alsaq ki, hər il avtomobil zavodlarının konveyerlərindən 40 milyondan çox maşın buraxılır və istehsalın tempi artır, onda demək olar ki, artıq 10 ildən sonra bütün dünyanın iri şəhərləri hisə bürünəcək. İstilik elektrik stansiyalarında yanacağın yanması tullantılarını, çox böyük ərazilərdə su-elektrik stansiyalarının tikilməsini və atom elektrik stansiyası rayonlarında daimi təhlükənin olmasını da buraya əlavə etsək, onda dəhşətli bir mənzərə ilə üz-üzə qalmış olarıq. Bir şeyi də nəzərə almaq lazımdır ki, indi istifadə edilən enerji mənbələri tükənən ehtiyatlar sırasındadır. Yəni neftə, kömürə və qaza ehtiyac bu templə davam edərsə, yüz ildən sonra Yer kürəsinin əhalisi enerji böhranına məruz qalacaq. Ona görə də dünyanın bütün alimləri qarşısında yeni alternativ enerji mənbələrinin tapılması problemi durur. Bu işdə tullantısız və tükənməz adlandırıla biləcək yeni enerji növlərinin, eləcə də günəş enerjisi üçün müxtəlif maddələrdən istifadə etmək problemi də nəzərdən keçirilməlidir.
Dünyada alternativ enerji mənbələrinə tələbat hissediləcək dərəcədə artır. Və təsadüfi deyildir ki, bir çox ölkələr, xüsusilə Avropa ölkələri karbohidrat ehtiyatına malik olan ölkələrdən enerji asılılığında qalacaq.
2030-cu ilə qədər dünyada enerjiyə olan tələbat 45 faiz artacaq. Bu barədə bp şirkətinin rəhbəri Toni Heyvord Buenos-Ayresdə 24-cü Ümumdünya qaz konfransında bildirib: "Biz bu enerjinin nəqli üçün tələb olunan işin həcmini dəyərləndirməliyik". Onun sözlərinə görə, bu enerjinin nəqli üçün 25-30 trilyon dollar sərmayə qoymaq lazım gəlir ki, bu da 2030-cu ilə qədər hər il 1 trilyondan çox dollar deməkdir.
"Atom, günəş və külək enerjisi, əlbəttə, yaxşı ideyadır. Onlar energetika təhlükəsiziyinin təminatı üçün lazımdır və iqlim dəyişməsi ilə mübarizədə kömək edər" - Heyvord bildirib. Bununla belə onun fikrincə, alternativ enerji mənbələrinə keçid heç də tezliklə alınmayacaq. "Biz realist olmalıyıq-dəm qazının aşağı səviyyəli tullantıları ilə qənaətə keçid bir gecə ərzində baş verməyəcək"- bp-nin rəhbəri vurğulayıb.
Onun fikrincə, tükənən yanacaq hələ kifayət qədər böyük rol oynamaqda davam edəcək.
Nə üçün alternativ və bərpaolunan enerji mənbələrinə keçid bu qədər vacibdir?
Alternativ və bərpaоlunan enerjiyə aşağıdakılar aiddir: günəş enerjisi, külək enerjisi, su axınlarının enerjisi, dənizlərin qabarma və çəkilmə enerjisi, geotermal enerji, torpağin, havanın və suyun enerjisi, biokütlə, bioqaz, tullantı və mədən qazları, insan fəaliyyəti nəticəsində yaranan sənaye və məişət tullantıları.
Bunu araşdırmağa çalışaq.
Qlobal ekoloji cəhətdən: bu gün ənənəvi enerji texnologiyalarının ətraf mühitə mənfi təsiri hamıya məlumdur və faktlarla sübut olunub ki, onlardan istifadə labüd olaraq artıq 21-ci əsrin ilk onilliklərində fəlakətli iqlim dəyişmələrinə aparır.
Siyasi cəhətdən: ilk olaraq alternativ enerjini tam mənimsəyən ölkə dünya birinciliyinə iddia etməyə və faktiki olaraq yanacaq ehtiyatlarının qiymətlərini diktə etməyə qadirdir.
İqtisadi cəhətdən: energetikada alternativ texnologiyalara keçid sənayenin kimyəvi və digər sahələrində istehsal üçün ölkənin yanacaq ehtiyatlarını saxlamağa imkan verir. Bundan başqa, çoxlu sayda alternativ mənbələr vasitəsilə hasil edilən enerjinin dəyəri artıq bu gün ənənəvi enerji mənbələrinin dəyərindən aşağıdır. Eyni zamanda alternativ elektrik stansiyalarının özünüdoğrultma vaxtı kifayət qədər qısadır. Alternativ enerjinin qiymətləri aşağı düşür, ənənəvi enerjinin qiymətləri isə daim artır.
Sosial cəhətdən: əhalinin sayı və sıxlığı daim çoxalır. Eyni zamanda enerjinin istehsalı üçün rentabelli və ətraf mühit üçün təhlükəsiz olan AES, DRES-lərin tikintisinə ərazi tapmaq çətindir. AES, iri DRES, istilik -enerji kompleksləri müəssisələrinin yerləşdiyi ərazilərdə onkoloji və digər ağır xəstəliklərin artım faktları məlumdur və bu da sosial gərginliyi artırır.
Təkamül-tarixi cəhətdən: Yer kürəsində yanacaq ehtiyatlarının məhdudluğu, eləcə də planetin atmosfer və biosferində fəlakətli dəyişikliklərin artması ilə əlaqədar ənənəvi energetika dalana dirənib. Cəmiyyətin təkamül inkaşafı üçün dərhal alternativ enerji mənbələrinə keçid lazımdır.
Azərbaycanda vəziyyət nə yerdədir?
2009-cu il yanvar-sentyabr aylarında Azərbaycanda 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 milyard kv/saat əvəzinə 14 milyard saata yaxın elektrik enerjisi hasil edilib. Enerjinin istehsalının aşağı düşməsi tələbatın aşağı düşməsi ilə bağlı olub və bu, elektrik enerjisinin istifadəsində effektivliyin artması, sayğacların quraşdırılması və digər işlərlə əlaqələndirilir.
Azərbaycanda ildə orta hesabla 22 mld.kVt/saat enerji istehsal olunur ki, bunun 90% yanacaq-enerji kompleksinin payına düşür. Respublikamızda mövcud olan su-elektrik stansiyaların da istehsal olunan enerjisi isə orta hesabla 2 mld.kVt/saatdır. Digər bərpaolunan enerji mənbələrindən əldə edilən enerji çox az olduğu üçün rəsmi statistikada çəkisi görünmür.
Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramında təsdiq edilmiş tədbirlər 2013-cü ilədək həyata keçirilməlidir.
2009-cu il iyulun 16-da Azərbaycan prezidenti İlham Əliyev tərəfindən verilən sərəncamla Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və bu agentlik Alternativ Enerji üzrə Beynəlxalq Agentliyin 93-cü üzvü olub. Sənaye və Energetika Nazirliyində hesab edirlər ki, nazirlik yanında bərpaolunan və alternativ enerji mənbələrinin istiafadəsi üzrə Dövlət Proqramının həyata keçirilməsi qısa vaxt ərzində bu mühüm istiqamətdə nəticə əldə etməyə imkan verəcək.
Yaxın vaxtlarda Dövlət Proqramına kiçik su-elektrik stansiyalarının, Tovuzçay üzərində su-elektrik stansiyasının, həmçinin külək və günəş enerjisindən istifadə ilə bağlı işlər daxildir.
Azərbaycan yaxın illərdə alternativ enerji mənbələrindən kompleks şəkildə istifadə etməyi planlaşdırır. Bu barədə Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentiliyinin direktor müavini Cəmil Məlikov bildirib. Onun sözlərinə görə, agentliyin öz layihələri var və prezident İlham Əliyevin alternativ enerji mənbələrinin istifadəsi barədə sərəncamına uyğun olaraq günəş və külək enerjisindən istifadə üzrə həyata keçirilməsinə hazırlıq görülür. "Bakı yaxınlığında - Abşeron rayonunda günəş enerjisi ilə işləyəcək elektrik stansiyası tikilir. Bundan başqa, dağ çayları üzərində tikiləcək və quraşdırılacaq kiçik SES-lərin tikintisi planlaşdırılır. Ölkədə həmçinin günəş enerjisinin inkişafı və öncül texnologiyaların tətbiqi üçün yaxşı potensial vardır. Ümid edirik ki, yaxın zamanlarda alternativ energetika Azərbaycanda energetikanın aparıcı sferasına çeviriləcək" - Məlikov vurğulayıb.
Məlikov həmçinin bildirib ki, Azərbaycan ölkədə alternativ energetikanın inkişafına sərmayələrin cəlb edilməsində beynəlxalq maliyyə strukturları ilə əməkdaşlığa ümid edir, o cümlədən bu əməkdaşlıq güzəştli kreditlərin cəlb edilməsi formasında həyata keçiriə bilər.
Azərbaycan Sənaye və Energetika Nazirliyi 2015-ci ilə qədər elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin xüsusi çəkisini indiki 1 faizdən 15 faizədək artırmağı planlaşdırır.
Günəş, külək və bioqazdan istilik və elektrik enerjisi alınması imkanı verən texnologiyaların Azərbaycana gətirilməsinin stimullaşdırılması Azərbaycanın ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi üçün mühüm tədbirlər sırasındadır. 2010-cu ildən başlayaraq Azərbaycan Dövlət Neft Fondu və dövlət büdcəsi hesabına Azərbaycanda kütləvi şəkildə alternativ və bərpaolunan enerji mənbələri yaradılmaqdadır. Alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsi, energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, müasir tipli elektrik stansiyalarının inşasının, yenidənqurulmasının və inkişafı layihələrinin həyata keçirilməsinin davam etdirilməsi 2009- 2013-cü illərdə regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin əsas istiqamətləridir.
Yazı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür
![]()