Ünal Sevil
AZƏRBAYCAN ALTERNATİV ENERJİDƏ İNQİLAB EDƏ BİLƏR

Mütəxəssislər ölkəmizin bu sahədə də geniş imkanlara malik olduğunu bildirir

"Əsginazı yandırmaq olar, nefti yox" (Dmitri Mendeleyev)

Mütəxəssislər dünyada təbii fəlakətlərin artmasını XX əsrin əvvəllərində daxili yanma mühərriklərinin ixtira edilməsi, sənayeləşmə dövrünün başlanması və yanacağa olan tələbatın çoxluğu ilə əlaqələndirir. Ənənəvi enerji mənbəyi olan karbohidrogen ehtiyatlarının istismarı isə getdikcə məhdudlaşır. Təqribi hesablamalara görə, dünyada 1 sutkada 70 milyon barel neft işlədilir. Elmi proqnozlarda isə bildirilir ki, 2030-2040-cı illərdə neftlə bağlı qlobal böhran gözlənilir.

Digər tərəfdən, ənənəvi enerji mənbələrindən istifadə ətraf mühitin çirklənməsinə və "parnik effekti"nin yaranmasına gətirib çıxarır. Odur ki, alternativ və bərpa olunan enerji mənbələrindən əldə olunan enerjiyə ehtiyac zəruridir.

Dünyada oksigen çatışmazlığı yaranıb

Kimyaçı-mühəndis Rəsman Hacıyevin bildirdiyinə görə, daxili yanma mühərriklərinin ixtirası texniki nailiyyət olsa da özü ilə bir sıra qlobal problemlər də gətirib. R.Hacıyev deyir ki, həyat üçün zəruri əhəmiyyət daşıyan oksigen yanacağın yandırılması prosesində külli miqdarda istifadə olunduğu üçün atmosferdə oksigenin çatışmazlığı yaranır. Elmi hesablamalara görə, bu prosesdə 2000-ci ilə kimi 57 milyard ton oksigen sərf olunub. Proses bu şəkildə davam edərsə, 2050-ci ilə kimi 230 milyard ton oksigen sərf olunacaq.

Ekoloji problemlərin qarşısını almaq üçün isə dünyada təcili və təxirəsalınmaz tədbirlər görülməkdədir. Hazırda alternativ enerjilərdən geniş istifadənin inkişafı üçün indiyədək bir çox beynəlxalq proqramlar qəbul olunub. Azərbaycan da bu sənədlərə tərəfdaş çıxıb. Digər tərəfdən, 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qəbul olunub. 2009-cu ildə isə Sənaye və Energetika Nazirliyinin (SEN) tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.

Müasir dünyamızda istehsal olunan enerjinin hələ ki yalnız 13,5 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Bu enerjinin 79,9 faizi biokütlənin, 16,4 faizi suyun, 3,2 faizi geotermal, 0,3 faizi günəş və 0,2 faizi külək enerjisinin payına düşür.

Azərbaycanın altı da enerjidir, üstü də

Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı həm də alternativ enerji mənbələri ilə zəngindir. SEN-in sözçüsü Azər Mənsimli bildirir ki, Azərbaycan bu sahədə ayrı-ayrı ölkələrin təcrübəsini öyrənir və beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, ölkədə xüsusən kiçik su elektrik stansiyaları, günəş, külək, termal su, bioqazlar vasitəsilə səmərəli şəkildə enerji almaq mümkündür: "Son illər bu sahədə aparılan elmi-tədqiqat işləri nəticəsində külək, günəş və biokütlədən enerji alınması sahəsində bir sıra layihələr hazırlanıb, təcrübə-sınaq qurğuları yaradılıb. Azərbaycan təxminən 800 MVts həcmdə günəş, elə o qədər də külək enerjisi ehtiyatına malikdir. Bu məqsədlə Qobustanda poliqon qurulub, orada külək və günəş enerjisi alınır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Hidrometeorologiya Departamentinin direktor müavini Sahib Xəlilov isə hesab edir ki, Azərbaycanın günəş enerjisindən səmərəli istifadəsində böyük potensialı var: "Azərbaycan 40-cı paraleldə yerləşdiyinə görə burada günəş enerjisindən istifadə imkanları genişdir. Günəş şüalarının düşmə mailliyi az olduqca enerji almaq o qədər çox olur. Xüsusilə Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, Naxçıvan Muxtar Respublikasında isə 2900 saata bərabərdir. Külək enerjisinə gəldikdə isə Abşeron yarımadası və Xəzər dənizinin sahilboyu ərazisində il ərzində 270 gündən artıq güclü küləklər əsir".
Mühəndis-geoloq Vaqif Behbudoğlu hesab edir ki, ölkəmizin altı da, üstü də enerji mənbəyidir. Lakin hazırda şəraitə uyğun olaraq enerjini ən əlverişli şəkildə bol sulu çaylar üzərində kiçik su elektrik stansiyasından (SES) və termal suların səmərəli istifadəsi ilə əldə etmək mümkündür: "Qubadan Masallıyadək ərazi yeraltı isti dənizlərin üzərində oturub. İsti maqma ocaqlarına yaxın olan həmin ərazilərdə 3300 metr qazıntı aparılsa, orada minimum qaynama temperaturu əldə etmək mümkündür. Özü də bu ərazilərdəki termal sular təzyiqlidir. Hazırda mövcud artezian quyularının Qubada dördü, Kürdəmirdə və Masallıda isə biri qazılıb".

Azərbaycanda elektrik enerjisinin 10-12 faizi SES-in, qalanının isə istilik elektrik stansiyalarının (İES) hesabına olduğunu bildirən mühəndisin fikrincə, bu İES-lər neft məhsulları hesabına qızdırıldığı üçün ətraf mühit kifayət qədər çirklənir: "Odur ki, istilik elektrik stansiyalarını həmin termal sularla yaratmaq olar. Buna da imkanlarımız var".
Mikro-SES-lərin hesabına səmərəli enerji əldə etməkdən danışan mühəndis çaylarda suyun səviyyəsi yüksək olan yerlərdə effektivliyin mümkün olduğunu bildirir: "Xəzərə ildə 32 milyard kub/kilometr su tökülür. Çaylarda suyun səviyyəsi yüksək olan yerlərdə yüksək effektivlik əldə etmək olar. Hesablama aparsaq, 32 milyard kub/kilometr sudan ən azı 45 milyard kilovat/saat elektrik enerjisi almaq mümkündür. Bu isə Azərbaycanda hasil olan elektrik enerjisindən iki dəfə çoxdur. Onu da deyim ki, külək, günəş enerji mənbələri yaratmaq ölkə üçün bir o qədər də əhəmiyyətli deyil. Bu şəkildə enerji təminatı üçün milyardlarla manat maliyyə vəsaiti lazımdır. 10-15 ildən sonra günəş batareyaları dəyişməlidir. Amma hidrostansiyalar 150-200 il istifadə oluna bilir".

Vaqif Behbudoğlu qlobal əhəmiyyətə malik digər alternativ enerji mənbələrinin istehsalının mümkünlüyündən də danışdı: "Qravitasiya enerjisi ilə bağlı vaxtilə Nyuton və Hügensin elmi araşdırmaları olub, lakin nəticəsiz qalıb. Hazırda bu enerji ilə bağlı layihə işləyirik. Qravitasiya enerjisi hesabına yerin bir kvadrat santimetrindən 720 kilovat enerji almaq mümkündür. Hazırda dünya vaxtı keçmiş atom elektrik stansiyalarının (AES) təhlükəsinə görə onlardan bütövlükdə imtina üzərində düşünür. Qravitasiya enerjisi ilə bağlı ideyanın Azərbaycan tərəfindən reallaşması çox böyük elmi nailiyyət olardı".

V.Behbudoğlu ildırım çaxması nəticəsində ion boşalmaları ilə alınan enerjidən də bəhs etdi: "Buludlar ən böyük enerji mənbəyidir. Bu enerjinin ayrılması, məsələn, Mingəçevir SES-in bir sutkalıq enerjisinə bərabərdir".

Hidrostansiyalar ətrafında ekosistem yaradıb turizmi inkişaf etdirmək olar

Axtarış Energetika İnstitutu MMC tərəfindən verilən məlumata görə, hazırda ölkəmizdə çay suları üzərində 56 kiçik SES-in tikilməsi planı var. SEN rəsmisi A.Mənsimli isə bildirir ki, Naxçıvanda yeni tikilmiş elektrik stansiyasının hesabına artıq Türkiyəyə elektrik enerjisinin ixracına başlanılıb.

Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü Teymur Hacıyev hesab edir ki, tikilən hidrostansiyaların faydalı iş əmsalı yüksək olmalıdır: "Cay sularını tənzimləmək üçün qurulan bəndələr üzərində faydalı iş əmsalı yüksək olan hidrostansiyalar yaratmaqla səmərəli enerji ala bilərik. Həmin ərazilərdə ekosistem yaratmaqla isə Azərbaycanda turizmin inkişafı etdirmək mümkündür".

Azərbaycanda alternativ enerji baha başa gəlir

İqtisadçı-ekspert İlham Şabanın fikrincə, Azərbaycanda hələ ki daha çox ənənəvi enerjidən istifadəyə üstünlük verilir. Bu şəraitdə isə iqtisadçı hesab edir ki, həm elektrik enerjisində, həm də təbii qazda texniki itkilərin aradan qaldırılmasına səy göstərmək lazımdır. İ.Şaban hesab edir ki, alternativ enerji sahəsini inkişaf etdirmək üçün sahibkarlığın inkişafına imkan verilməlidir: "Ölkədə alternativ enerji ənənəvi enerjidən bahadır. Alternativ enerji almaq üçün lazım olan qurğuları Bakıda qiyməti 1000 manatdır, Türkiyədə 400 ABŞ dolları. Bu qurğuların gətirilməsi inhisardadır. İnhisarın qarşısı alınmalı, idxal, əlavə dəyər vergisi ləğv edilməlidir".

ETSN yetkilisi Sahib Xəlilov da bildirir ki, Azərbaycanda alternativ enerjinin hasilatı üçün tələb olunan qurğular ucuzlaşdıqdan sonra bu sahənin fəaliyyətini artırmaq mümkündür.

A.Mənsimli isə alternativ enerji mənbəyinin inkişafına mane olan amilləri sadalayır: "Ənənəvi təcrübənin yoxluğu, peşəkarların azlığı, müasir texnologiya və təbliğatın çatışmazlığı kimi problemlər var".

Bioqaz təbiətin mühafizəsinə xidmət edir

Qeyd edək ki, bu gün Azərbaycanın təbii qaz təminatı olmayan ərazilərində əhalinin əksəriyyəti istilik üçün odundan istifadə edir. Bu da meşələrin qırılmasına gətirib çıxarır. Bir tərəfdən, mal-qaranın otarılması, digər tərəfdən isə ağacların qırılması Azərbaycanda səhralaşma problemi yaradır. Bunun üçün ekoloq Telman Zeynalov əsasən kənd şəraitində bioqaz qurğusundan istifadəni tövsiyə edir: "Bioqaz enerjisi həm iqtisadi, həm də ekoloji cəhətdən əlverişlidir. Əgər bir kəndlinin 5 inəyi varsa, onun tullantısından özünü qazla da, işıqla da, qızdırıcı ilə də təmin edə bilər. 10 kubmetrlik qurğu təxminən 5 min manata başa gəlir. Bu qurğunun ölkəmizə idxalı artsa, o, hər kəndliyə 1200-1500 manata başa gələr, kəndli də qoyduğu xərci bir il ərzində götürər. Məndə olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə qurğuları alıb və onlar Şamaxıda məktəbin isidilməsində, ev şəraitində tətbiq olunub".

T.Zeynalov hesab edir ki, bioqaz qurğusu təbiətin mühafizəsinə birbaşa xidmət edir: "Meşələrin qırılmasının qarşısı alınır, biomüxtəliflik artır, səhralaşma problemi aradan qalxır. Enerji istehsalından sonra yaranan tullantıdan gübrə kimi istifadə olunur ki, bu da kimyəvi gübrələrin tətbiqini, qrunt sularla çirklənməni azaldır. Bundan başqa, Azərbaycanda 100-150 manata başa gələn günəş qazanlarından çöl şəraitində əlverişli istifadə etmək olar".

Avtomobildən veloelektromobilə keçid vacibdir

Yazının əvvəlində daxili yanma mühərriklərinin dünyada yaratdığı oksigen qıtlığı təhlükəsini qeyd etmişdik. Kimyaçı-mühəndis R.Hacıyev təklif edir ki, daxili yanma mühərriki ilə işləyən nəqliyyat vasitələrini tədricən məhdudlaşdırıb onun əvəzində ekoloji cəhətdən təmiz və zərərsiz veloelektromobil nəqliyyat vasitələrinin kütləvi istehsalına başlamaq vacibdir. Yeri gəlmişkən, mühəndisin bununla bağlı ixtirası da var. Bu ixtira ilə əlaqədar azərbaycanlı müəllifə Rusiya və ABŞ tərəfindən patent də verilib.

NASA alimlərinin hələ bir neçə il əvvəl həyəcanlı xəbərlərindən birində deyilirdi ki, Yer kürəsi çəkisini hər il tonlarla azaltmaqla Günəşə doğru yaxınlaşır. Yaxınlaşmaya səbəb isə neft və neft məhsullarından atmosferə atılan tullantılardır. Görünür, kimya elminin banisi Dmitri Mendeleyev vaxtilə nahaq yerə deməyib: "Əsginazı yandırmaq olar, nefti yox".

Neft emalı üzrə mütəxəssis Allahverdi Nuriyev bildirir ki, neftdən 10 mindən artıq sintez alınır və gələcəkdə daha çox məhsulların alınacağı gözlənilir. Neft istismarından törənən fəlakətlərin qarşısını almaq üçün isə Azərbaycanın da imkanları genişdir. Sadəcə, onları hərəkətə gətirmək lazımdır...

P.S.Yazı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim olunur.





Bu yazı 1061 dəfə oxunmuşdur.