Meşə yanğınları: lokal problemdən qlobal fəlakətə
Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. Yaranmasında iqlim dəyişmələri, insanların məsuliyyətsizliyi, sənaye qəzaları kimi faktorların əsas rol oynadığı bu hadisələr uzun illər ərzində qorunub saxlanmış meşələrin, nadir ağacların bir anda məhvinə səbəb olur. Bu da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin faunanın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlarla yol açır.
Araşdırmalar göstərir ki, bütün dövrlərdə yer kürəsində yanğınların təsirinə ən çox meşələr məruz qalır. Statistik məlumatlara görə, son 100 ildə dünya meşə sahəsinin təxminən 70 faizini itirib. Öz növbəsində, bunun təxminən 80 faizi yanğınlar nəticəsində baş verib. Yanğınlar hər il orta hesabla yer kürəsində 20 milyon hektara qədər meşələrin məhvinə səbəb olur.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ötən il açıqladığı "Biomüxtəliflik" hesabatında da meşə yanğınları və qanunsuz ağac kəsimlərinin meşələrin sürətlə məhvinə yol açdığı qeyd olunub. Hesabatda iqlim dəyişikliyinin, meşə yanğınlarının və quraqlıqların çoxalmasının yer üzünün gələcəyi üçün təhlükəli vəziyyət yaratdığını bildirlir və planetin ağciyəri hesab olunan Amazon meşələrinin 2100-cü ildə yox olacağı, onun yerində savanna bitki örtüyünün yaranacağı vurğulanır.
Son illərdə miqyası daha da artan sözügedən problem və onun nəticələri artıq lokal problem səviyyəsindən çıxaraq qlobal təbii fəlakət kimi qəbul edilməkdədir. Ötən il dünyanın ən çox meşə sahəsinə malik dövlətlərindən sayılan qonşu Rusiyanın üzləşdiyi meşə yanğınları bu fəlakətin heç də lokal, ölkə miqyaslı problem olmadığını göstərdi. Şimal qonşumuzun müxtəlif regionlarında eyni zamanda baş vermiş meşə yanğınlarının söndürülməsində Azərbaycan da daxil olmaqla onlarla ölkə yer aldı. Eyni zamanda, keçən il İsraildə kiçik bir səhvdən yaşanmış olay bu ölkəyə böyük maddi və təbii zərərlər vurdu. Bu yanğınların qarşısının alınması isə beynəlxalq miqyasda kömək nəticəsində mümkün oldu.
Azərbaycan az meşəli ölkə
Dünyanın azmeşəli ölkələri sırasında yer alan Azərbaycan ərazisinin təxminən 1 milyon 214 min hektarını meşə fondu torpaqları təşkil edir. Öz növbəsində, bundan meşə ilə örtülü sahə 1 milyon 021 min hektar təşkil edir ki, bu da ümumi ölkə ərazisinin 11,8 faizi deməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, meşələrin 95 faizə qədəri dağlıq və dağətəyi ərazilərdə, qalan 5 faizi isə əsasən çay vadilərində, düzən ərazilərdə yayılıb. Azərbaycanda 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü mövcuddur ki, bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar respublikanın müxtəlif bölgələrindəki meşələrində bitir. Bundan başqa, Azərbaycan meşələrində 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur ki, onlardan 30 faizi istismar əhəmiyyətli məhsullardır.
Azmeşəli ölkə olmasına baxmayaraq Azərbaycan da digər dövlətlər kimi meşə yanğınları problemi ilə üzləşir. Kiçik və orta miqyas daşıyan bu yanğınların qarşısının vaxtında alınmasına baxmayaraq, hər il belə hadisələrə ölkənin müxtəlif bölgələrində təsadüf olunur. Xüsusilə də insanların səhvi ucbatından hər bir kvadratmetr sahəyə yayılan yanğın qiymətli ağac və kolların yanıb məhv olması ilə nəticələnir.
Kef üstündə kefimizə...
Meşə yanğınları və onları doğuran səbəblər bu gün dünyada və ölkəmizdə ciddi müzakirə olunmaqdadır. Baş verən hadisələri təhlil edən ekoloqlar burada bir neçə faktorun üzərində daha çox dayanmağa üstünlük verirlər. Aparılan təhlillərə görə, yanğınların yaranmasında, yayılmasında birinci və əsas səbəb insanların layqeyidliyi və diqqətsizliyidir. Səlahiyyətli şəxslərin məsuliyyətsizliyi nəticəsində enerji ötürücü xətlərinin qopması, gəzinti zamanı ocağın yaxşı söndürülməməsi, siqaretin meşəyə atılması, ovçuların qaladığı ocaqların söndürülməməsi və s. bu kateqoriyadan olan problemlərdir. Qəsdən törədilmiş hadisələrin də bu «yaşıl soyqırım» da rolu az deyil. Ekoloqların sözlərinə görə, meşədə tarla açmaq, cinayət izlərini örtmək, terror və s. məqsədlərlə meşə yanğınlarının törədilməsi faktları da mövcuddur ki, bura əyani sübut kimi işğal altındakı Azərbaycan ərazilərində yaşanan hadisələri göstərmək olar. Dağlıq Qarabağda və ətraf rayonlarda ermənilər tərəfindən qiymətli ağacları qırıb, sonra bu ekoloji vəhşiliyin izlərini örtmək məqsədi ilə həyata keçirilən yanğınlar bu kateqoriyadan olan təbiətə qarşı ən dəhşətli münasibəti sərgiləyir. Meşə yanğınlarının baş verməsində təbii ki, təbii faktorlardan qaynaqlanan yanğınlar da mühüm yer tutur. Öz növbəsində, burada ildırım, quraqlıq nəticəsində baş verən yanğınlar, o cümlədən yerə düşmüş şüşə parçalarının optik xüsusiyyət göstərməsi kimi səbəblər yer alır. Son illər iqlim dəyişməsi, havaların kəskin istiləşməsi nəticəsində Azərbaycanın bəzi rayonlarında, xüsusilə də ucqar dağlıq ərazilərdə bu tip yanğınların baş verməsi hallarına rast gəlinməkdədir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri isə ölkə ərazisindəki meşə yanğınlarının baş verməsinin əsas səbəbinin insanlarla bilavasitə bağlı olduğunu söyləyirlər. Nazirliyin mütəxəssisləri deyirlər ki, bu gün Azərbaycan meşələrində baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir.
«Son dönəmlərdə ölkə ərazisində meşə yanğınlarının yaranmasında kənd təsərrüfatı ilə məşğul olan insanların səhlənkarlığı da önəmli rol oynayır», - ETSN-in Meşələrin İnkişafı Departamentinin mütəxəssisi Siyasət Qarayevin deyir.
Mütəxəssisin sözlərinə görə, dəfələrlə xəbərdarlıqların olunmasına baxmayaraq, fermerlərin taxıl mövsümü başa çatandan sonra biçilmiş sahələri yandırmaları ətrafdakı meşə və yaşıllıq sahələrinin məhvinə səbəb olmaqdadır.
«Ona görə də, son bir neçə ildə belə halların qarşısını almaq üçün ETSN tərəfindən ciddi tədbirlər görülür. Əkin sahələri ilə meşə massivləri arasında yanğının sirayət etməməsi üçün qoruyucu zolaqlar açılır. Təkcə 2010-cu ildə ETSN tərəifndən 691 km qoruyucu zolaq açılıb», - deyə nazirlik rəsmisi vurğulayıb.
S. Qarayev deyir ki, dünyanı oksigenlə təmin edən meşələrin qorunması, yanğının baş verməməsi üçün hər bir insan özündə məsuliyyət hiss etməlidir. Məsələn, ailəsi ilə meşə yerinə istirahətə gedən insan qaladığı ocağın tam sönməsinə əmin olmalı, ətrafa siqaret atmamalıdır: «Adam gəlir tonqal yandırır, sonra yaxşı söndürmür. Nəticədə alov baş verir. Yaxud yolda avtomobillə gedən adam yay aylarında siqareti bayıra tullayır. Bu da meşənin yanmasına səbəb olur».
Yanğınlara qarşı mübarizə güclənib
Aparılan müşahidələr göstərir ki, son 5 ildə Azərbaycanda meşə yanğınlarının qarşısı əhəmiyyətli dərəcədə alınıb. ETSN-in statistik məlumatlarına görə, ötən il ümumilikdə 49,97 hektar meşə fondu ərazisində baş vermiş yanğın hadisələri operativ qaydada ləğv edildiyindən, meşə fonduna ciddi ziyan dəyməyib. Digər illər üzrə isə göstəricilər belədir: 2004-cü ildə 77 hektar, 2005-ci ildə 21 ha, 2006-cı ildə 15 ha, 2007-ci ildə 88 ha, 2008-ci ildə 25 ha, 2009-cu ildə 29 ha.
ETSN-in mütəxəssisi Siyasət Qarayevin fikrincə, yanğın hadisələrinin sayının və yayılma arealının azalması son illər Azərbaycanda müvafiq qurumlar tərəfindən həyata keçirilən proflaktik tədbirlərin nəticəsində mümkün olub: «Bununla belə, bəzi insanların səhvləri ucbatından hələ də hadisələr baş verməkdədir və bəzən bu səhvlər ciddi fəsadlarla - uzun illər böyük zəhmətlə ərəsəyə gətirilmiş hektarlarla meşə sahəsinin məhvi ilə nəticələnir. Əvvəllər meşə yanğınlarının həcmi böyük olub. ETSN yaranandan sonra bu sahədə ciddi tədbirlər görülməyə başladı. Bunun nəticəsi olaraq yanğınların dinamikasında azalma müşahidə olunur».
Bölgədəki digər ölkələrdən fərqli olaraq, son illərdə yeni texnikaların alınması, xarici ölkələrdə yanğınsöndürmə əməliyyatlarında iştirak Azərbaycan yanğınsöndürənlərinin meşə yanğınları ilə mübarizə imkanlarını və peşəkarlığını daha da artırıb. Rusiya və İsraildə meşə yanğınlarının söndürülməsində əldə edilmiş nailiyyətlər bu çərçivədə xüsusilə qeyd edilməlidir.
Dövlət başçısının diqqəti və tapşırığı ilə son illərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ən ucqar ərazilərdə, dağlıq, sıldırım bölgələrdə baş verən meşə yanğınları ilə mübarizə aparmaq üçün texniki vasitələrə yiyələnib. Ötən il FHN helikopterlərdən istifadə etməklə İsmayıllı və Qəbələ rayonlarının ucqar dağlıq ərazilərində baş vermiş meşə yanğınlarının vaxtında söndürülməsinə nail oldu. Nəticədə yanğın arealının böyüməsinin qarşısı alındı. Qeyd edək ki, FHN-in Aviasiya Dəstəsində mövcud olan Ka-32, Mi-171 tipli helikopterlər, «Be-200 ÇS» markalı amfibiya təyyarəsi istənilən şəraitlərdə, dağlıq, qayalıq, keçilməz ərazilərdə belə yanğınların söndürülməsini yerinə yetirə bilir. İstənilən gölün, çayın və dənizin səthinə enib su götürən «Be-200» amfibiya təyyarəsinə dünyada Rusiyadan sonra ikinci sahib ölkə olan Azərbaycan bununla da özünün yanğın təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək imkanı qazanıb.
Yanğınların qarşısının operativ şəkildə alınmasında ETSN-in meşə müəssisələrinin də rolu böyükdür. Artan təhlükələrin qarşısını vaxtında almaq üçün meşə müəssisələri müvafiq nəqliyyat vasitəsi və yanğınsöndürmə avadanlıqları ilə təchiz edilib. Yay mövsümündə isə nazirliyin bütün müəssisələrində yanğınsöndürmə dəstələri formalaşdırılır, müvafiq avadanlıqlar, yanğınsöndürmə texnikaları ilə təmin olunur, növbətçilik işləri təşkil edilir, meşə müəssisələri gücləndirilmiş rejimə keçir.
Yanğınla yeganə mübarizə: şüur dəyişməli
Yanğınla müxtəlif mübarizə metodlarının olmasına baxmayaraq, mübarizənin ən effektiv və sınanmış metodu insanların bu sahədə maarifləndirilməsidir. Dünya təcrübəsində sübuta yetirilmiş bu metod göstərir ki, insanların meşələrlə «şüurlu davranışı» yer kürrəsinin oksigen mənbəyini məhvdən xilas edə biləcək bir nömrəli və vacib məsələdir. Yəni baş verməsinin 80 faizi insanlarla bağlı olan meşə yanğınları «beyinlərə təsirlə» minimuma endirilə bilər.
Artıq psixoloji hazırlıq prosesi bir çox qabaqcıl ölkələrdə daha geniş tətbiq olunmaqdadır. Xüsusilə də bəzi qərbi və mərkəzi Avropa ölkələrində bu metodların müsbət nəticələri görünür. Məsələn, Baltik ölkələrində yay mövsümlərində meşə kənarlarındakı istirahət mərkəzlərində, mağazalarda satılan siqaret və kibrit qutularının üzərinə meşə yanğınları ilə bağlı xüsusi xəbərdarlıq etiketi vurulur.
Azərbaycanda da ETSN yaranandan sonra bu tip tədbirlərin həyata keçirilməsinə başlanıb. Nazirlik tərəfindən yaz-yay mövsümlərində ictimai maarifləndirmə ilə bağlı silsilə tədbirlər həyata keçirilir, bu sahədə KİV-lərin imkanlarından istifadə olunur. Həmçinin yerlərdə, xüsusilə də insanların istirahət üçün daha çox üz tutduqları meşəşələrdə, yol kənarlarında yanğınların baş verməməsi üçün «Yanğın təhlükəsizliyi haqqında» Qanunun tələblərinə uyğun olaraq qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
Mütəxəssislər hesab edirlər ki, həyata keçirilən təbliğat-təşviqat işləri, ictimai maarifləndirmə artıq Azərbaycanda öz nəticələrini verməkdədir. Bununla belə, problemin minimuma endirilməsi üçün kompleks işlərin aparılmasına, o cümlədən medianın, xüsusilə də televiziyaların geniş imkanlarından istifadə etmək lazımdır. Bu işdə isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir tövsiyyəsini mütləq yadda saxlamaq lazımdır: «Bir hadisənin qarşısını vaxtında almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır».
Yazı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir
![]()