Şahverdiyev Cavid
Əhalinin ekoloji maariflənməsində Milli Parklarımızın əhəmiyyəti
Azərbaycan dünyada qədim mədəniyyətə, ən zəngin bioloji müxtəlifliyə
malik olan ölkələrdən biri olaraq fövqəladə əhəmiyyətli təbii irsə
malikdir. Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə
olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz xüsusi mühafizə olunan
təbiət ərazilərinin fəaliyyəti nəticəsində nadir və nəsli kəsilməkdə
olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaranıb. Elə
bundan irəli gəlir ki, ölkəmizdə təbiətin qorunması, ona qayğı və
diqqət ilbəil artır. İndi respublikamızın müxtəlif bölgələrində xüsusi
qorunan ərazilər var ki, onlardan biri də milli parklardır. Milli
parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan
təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik,
elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və
elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Ekologiya və
Təbii Sərvətlər Nazirliyi yaradılmazdan öncə Azərbaycanda milli parklar
mövcud deyildi.
Onu da bildirək ki, milli park ilk dəfə ABŞ-da
1896-ci ildə yaranıb. Dünyanın bir sıra ölkələrində, o cümlədən Avropa
ölkələrində müxtəlif milli parklar var. Milli Park özlüyündə xüsusi
mühafizə olunan təbiət ərazisidir. Azərbaycan Respublikasının da 24 mart
2000-ci il tarixli xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında qanunu var. Həmin qanunda milli parka belə tərif
verilir: "Milli Park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət
daşıyan təbiət komplekslərinin yerləşdiyi, mühafizə, maarifçilik,
elmi-mədəni və digər məqsədlər üçün istifadə olunan, təbiəti mühafizə və
elmi təqdidat idarəsi statusuna malik olan ərazilərdir".
Bu
baxımdan qanun 2000-ci ildə qəbul olunsa da, 2003-cü ildə ilk milli
parklar yaradılmağa başlanılıb. 2003-cü ildən başlayaraq Ekologiya və
Təbii Sərvətlər Nazirliyi tərəfindən Akademik Həsən Əliyev adına
Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə
Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli Parkları
yaradıldı. Hazırda Milli Parklar ölkə ərazisinin 3,4%-ni təşkil edir.
Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət qoruqlarının
yaradılması istiqamətində müvafiq işlər aparılır. Belə parkların
yaradılmasında əsas məqsədlərdən biri də ərazidə ayrı-ayrı
komponentlərin mühafizəsi, özünəməxsus iqlimə, relyefə və digər
fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ
heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı
ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən
maarifləndirilməsi, turizm üçün əlverişli şərait formalaşmasından
ibarətdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi mühafizə
olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, ekoloji şəbəkənin
yaradılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər
nəticəsində hazırda ölkəmizdə yaradılan Milli Parklar təbiətin
mühafizəsində, bioloji müxtəlifliyin qorunmasında əhəmiyyətli rol
oynayırlar. Milli parklarımızın hər birinin özünəməxsus zəngin bioloji
müxtəlifliyi əhalinin ekoloji maariflənməsində böyük əhəmiyyət daşıyır.
İnsanlar Milli Parklarımızın bioloji resurslarının, zəngin flora və
faunasının ətraf mühitə müsbət təsir göstərdiyinin, əhalidə ruh
yüksəkliyi yaratdığının, onlara müsbət enerji verdiklərinin şahidi olub
bu tarixi sərvətin, zənginliklərin qorunub saxlanılmasının həyati
vacibliyini dərk edirlər. Onu da bildirək ki, Milli Parklarımız turizmin
inkişafı üçün də potensial iqtisadi imkanlar deməkdir.
Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyinin Qorunması və
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişaf Departamentinin
direktor müavini Hikmət Əlizadənin sözlərinə gorə, qanunvericiliyə
əsasən, bu məsələ ilə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur. Yeganə
olarq ekoturizm - bu termin bilavasitə Milli Parklarla bağlı
olduğundan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyətləri
çərçivəsindədir: "Milli parkların digərlərindən fərqi ondadır ki, burada
təbiət həm kompleks şəkildə qorunur, həm də turistlərin əraziyə
girmələri, təbiət ilə tanış olmaları, estetik zövq almalarına imkan
yaradılır. Bu baxımdan biz ekoturizm anlayışına gəlib çıxırıq. Ekoturizm
anlayışı təbiətə təsir etməməklə təbiət yerlərinə səyahət, təbiəti
mühafizə fəaliyyətinin yerinə yetirilməsi, maarifləndirmə
komponentlərini ehtiva edir və bu baxımdan belə fəaliyyət xüsusi
mühafizə olunan təbiət ərazilərinə zərər gətirmir, əksinə onun
mühafizəsinə şərait yaradır. Ekoturizm digər turizmlərdən fərqlidir.
Digər turizmdə turist hansısa meşə sahəsinə, qorunmayan sahəyə gedər,
orada hansısa bir fəaliyyət göstərər və bu tənzimlənmədiyi üçün təbiətə
ziyan dəyə bilər. Amma bu ərazilərin milli park statusu olduğu üçün
(milli park statsusu o deməkdir ki, həmin ərazilərdə mühafizə işçiləri,
turistər üçün xüsusi marşrutlar, onların dincəlməsi məqsədilə xüsusi
yerlər var) burada həyata keçirilən turizm tənzimlənir. Ekoturizm
anlayışı tənzimlənən turizmdir. Bundan təbiətə zərər dəymir, dəyirsə də
çox cüzi miqdarda dəyir". Hikmət Əlizadənin fikrincə, ekoturizm - Milli
Park ənənəsi ölkəmizdə çox cavandır, cəmi 7-8 ili əhatə edir. Öncələr
Azərbaycanda ekoturizm fəaliyyətini tənzimləyən qanunvericilik bazası
yox idi. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2006-cı
ildən "Azərbaycan Respublikası milli parklarında ekoturizm fəaliyyətinin
təşkili: mövcud problemlər və inkişaf perspektivləri"nə dair milli
konsepsiya hazırladı: "Həmin konsepsiyadan çıxış edərək turistlərin
milli parklarda mümkün davranış qaydaları, milli park ərazilərindən
istifadənin nümunəvi qaydaları, park xidmətlərindən istifadənin hüquqi
əsasları və digər təlimatlar hazırlandı və nazirliyin 27 iyun 2006-ci il
tarixli 346 saylı əmrilə təsdiqləndi. Həmin təlimatlarla turistlərin
parklara girişi, çıxışı, orada özlərini aparmaları, davranış qaydaları
və s. tənzimlənir". Onu da qeyd edək ki, dövlət həm milli parkların
infrastrukturunu təmin etməklə yanaşı orada turistlər üçün lazımı şərait
yaradır, yollar, cığırlar çəkir, marşrutlar təşkil edir, həm də onun
təbliğatını həyata keçirir. Məsələn, son illər Azərbaycanın cənub
istiqamətində yerləşən Şirvan, Hirkan Milli Parklarına təbliğat işləri
nəticəsində çox böyük turist axını gəlir. Məktəblilər, xarici
vətəndaşlar - istər ölkədə yaşayan, istərsə xaricdən gələnlər gəlib
buranı ziyarət edirlər. Hikmət Əlizadənin sözlərinə görə, bu o deməkdir
ki, həmin milli parklarda nəyin qorunduğunu biz yetəri qədər çatdıra
bilirik: "Məsələn, Şirvan milli parkında Avropa məkanının ən böyük
ceyran populyasiyası qorunur. Ceyranlar da təxminən 9 min başdır. Bizim
təbliğatımız nəticəsində turist yüz və ya min kilometr gəlir ki, o
ceyranları təbii şəraitdə gözü ilə görsün. Ancaq biz bunu çatdıra
bilməsək, o zaman Milli Parkda ən nadir növ saxlasaq belə təbii ki,
gəliş də olmayacaq. Bu işlərin təşkili gedir, amma daha da intensiv
aparılmasına ehtiyac var". Hər bir Milli Parkın yaradılmasında
müxtəliflik olsa da ümumi məqsəd - ölkənin flora və faunasını qorumaq və
yaşatmaqla yanaşı insanların mədəni istirahətini, zövqünü oxşamaqdır.
Məsələn, Ordubad Milli Parkının yaradılmasında məqsəd ərazidə ayrı-ayrı
komponentlərin mühafizəsi, ərazinin özünəməxsus iqlim, relyef və digər
fiziki-coğrafi xususiyyətlərə malik olması, burada müxtəlif növ
heyvanların, o cümlədən, endemik növlərin qorunub saxlanması ilə yanaşı
ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən
maarifləndirilməsi, ekoturizm üçün əlverişli şərait yaradılmasından
ibarətdir. Məsələn, Qaradağ, Salyan, Neftçala rayonlarının inzibati
ərazisinin 54374 hektarında yaradılan Şirvan Milli Parkı yarımsəhra
landşafta malikdir. Ərazinin 4000 hektarını su hövzəsi təşkil edir.
Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir
və qiymətli köçəri quşlar qışlayır və yuvalayır. Ağcabədi və Beyləqan
rayonlarının inzibati ərazilərində Ağ-göl dövlət təbiət qoruğu və Ağ-göl
dövlət təbiət yasaqlığının bazasında 17924 hektar ərazidə Ağ-göl Milli
Parkı yaradılıb. Ağ-göl Kür-Araz ovalığının Mil düzənliyində yerləşir,
yarımsəhra landşafta malikdir, respublika ərazisində quşların ən vacib
qışlama və yuvalama yeri olduğu üçün "ornitoloji sahə" də adlandırıla
bilər. Buranın ornitoloji faunası çox zəngindir. 140-dan çox quş
növlərinə rast gəlmək olar, onlardan 89 növü bilavasitə yuva salan
quşlardır. (Sultan toyuğu, ərsindimdik, qu quşları, fitçi və mərmər
cürələr, bəzgək və s.) Ağ-göl YUNESKO-nun "Əsasən su quşlarının yaşama
yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-bataqlıq yerləri haqqında"
Konvensiyasının siyahısına daxil edilib. Lənkəran və Astara
rayonlarının inzibati ərazisində 21435 hektar sahədə yaradılmış digər
Milli Park isə Hirkandır. Burada üçüncü dövrün qədim relikt və endemik
bitki növləri qorunur. Azərbaycanda yayılan 435 ağac və kol növünün
150-si Hirkan meşələrindədir. Hirkan meşələrinin YUNESKO- nun Təbii və
Mədəni İrs Siyahısına daxil edilməsi üçün elmi cəhətdən əsaslandırılmış
sənədlər tərtib olunaraq, YUNESKO-nun Katibliyinə verilib. Abşeron Milli
Parkı isə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında Bakı şəhərinin
Əzizbəyov rayonunun inzibati ərazisinin 783 hektarlıq sahəsində 1969-cu
ilin iyul ayında ərazidə məskunlaşmış ceyranın, Xəzər suitisinin və su
quşlarının qorunub saxlanılması məqsədilə yaradılıb. Abşeron Milli
Parkının yaradılması həmin ərazidə nadir təbiət komplekslərinin və
obyektlərinin, xüsusən pərayaqlı heyvanların yeganə nümayəndəsi olan
Xəzər suitisinin daha çox yayıldığı arealda, ceyranların, eyni zamanda,
su bataqlıq quşlarının qorunub saxlanılmasına və bərpasına imkan
yaradır. Abşeron Milli Parkının yaradılması, eyni zamanda, təbii
ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitə diqqət və
qayğının artırılması, yeni ekoloji şüurun formalaşması sahəsində
aparılan məqsədyönlü tədbirlərin ardıcıl nümunəsidir. Azərbaycanda ən
böyük xüsusi mühafizə olunan təbiət ərazisi isə Şahdağ Milli Parkıdır.
Milli park Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının
inzibati ərazilərində 115895 hektar ərazidə yaradılıb. Şahdağ Milli
Parkının ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə,
bitki örtüyünün, torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı
təsir göstərib. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr
yaratmaqla məşhurdur. Milli Parklarımızın əhalinin ekoloji
maariflənməsində əhəmiyyəti böyük olsa da, bəzən bu sahələrin
ərazilərində qanunsuz şəkildə ov edilərək fauna və floramıza böyük ziyan
vurulur. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti
qurumlarının əməkdaşları tərəfindən 01 yanvar-27 mart 2011-ci il
tarixlərində aparılan araşdırmalar zamanı Altıağac, Ağgöl, Hirkan,
Şirvan, Şahdağ Milli Parklarının ərazilərində qanunsuz ovla məşğul olan
24 nəfər saxlanılıb, onlardan 25 ov silahı, yüzlərlə patron götürülüb və
qanunu pozmuş şəxslərin hər biri inzibati qaydada cərimə olunub.
Ümumilikdə, aparılan araşdırmalar zamanı 61 nəfər qanun pozucusundan 61
ov silahı, 229 patron götürülüb və qanun pozucularına qarşı 52 600 manat
məbləğində cərimə tətbiq edilib. Əhali üçün Milli Parklarımız ov yeri
yox, elmi biliklərin yiyələndiyi, insan varlığının öyrənildiyi yerdir.
Belə zənginlikləri qorumaqla insan gələcəyini və sağlam həyatını təmin
etmiş, ekoloji şüurunu fofmalaşdırmış olur.
Yazı
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə
müsabiqəyə təqdim olunur.
Bu yazı 1074 dəfə oxunmuşdur.


