Quliyeva Zülfiyyə

Ən sərfəlisi küləkdir

Dünyada enerjiyə olan tələbatın sürətlə artması istifadə olunan təbii yanacağın azalmasına və bahalaşmasına, eləcə də ətraf mühitin çirklənməsinə gətirib çıxarır ki, bu da iqlim dəyişmələrinə, müxtəlif təbii fəlakətlərə səbəb olur. Mütəxəssislər vəziyyətdən ən yaxşı çıxış yolunu alternativ enerji mənbələrindən istifadədə görürlər. Azərbaycanda da artıq bir neçə ildir ki, bu sahədə iş başlayıb. Bir neçə ildir ki, prezidentin 2004-cü ildə təsdiqlədiyi "Alternativ və bərpa olunan enerji mənbələrində istifadə üzrə Dövlət Proqramı" əsasında müxtəlif nazirliklər alternativ enerji mənbələri ilə bağlı kiçik pilot layihələr gerçəkləşdiriblər. Amma hələ ki, bəzi xarici ölkələrdən fərqli olaraq Azərbaycanda üzvi enerjiləri, qismən də olsa, bərpa olunan enerjiyə dəyişmək mümkün deyil.

əcnəbilər alternativ enerjidən daha çox faydalanır

Artıq ABŞ, Almaniya kimi ölkələr ötən əsrin sonlarından yel dəyirmanlarını qurub, onun enerjisindən fayda götürürlər.

Dünya ölkələri içərisində Almaniya küləkdən pul çıxırmağa daha tez başlayıb. Almaniya 1991-ci ildə hazırlanan xüsusi strategiya sayəsində külək enerjisindən istifadə edir. İndiyə kimi Şimal dənizi ilə Alp dağları arasında bu ölkənin mütəxəssislər tərəfindən 12 min 800 külək dəyirmanı qurulub. Dünya miqyasında istifadə olunan külək enerjisinin 1/3 hissəsi də məhz Almaniyanın payına düşür. ABŞ və İspaniya isə ikinci, üçüncü yerləri bölüşdürürlər.

Hətta Almaniyanın böyük bir ərazisində - Şlezviq-Holşteyndə ümumi elektrik istehlakının 1/4 hissəsi külək enerjisi hesabına əldə olunur. Almaniya bu yolla 2012-ci ilədək karbondioksid qazının 21% azaldılmasına nail olmaq istəyir. Həmçinin də bu yolla təbii enerji ehtiyatlarının tükənməsinin qarşısını almış olur.

enerji ehtiyatımız çoxdur, amma...

Ölkəmizin təbii ehtiyatlarla zəngin olması hələ ki, bizi enerji problemi ilə üz-üzə qoymasa da, nə vaxtsa bu ehtiyatların tükənməsi təhlükəsi alternativ enerji mənbələrindən faydalanmağımızı zəruri edir.

Tanrının ölkəmizə verdiyi iqlim xüsusiyyətləri elədir ki, bu gün Azərbaycanda həm küləkdən, həm də günəşdən enerji almaq mümkündür. Təkcə Bakıda demək olar ki, ilin 12 ayı küləkli keçsə də, biz hələ yeldən pul çıxara bilmirik.

Elə ekoloqlar da bərpa olunan enerjilərdən istifadənin vaxtının çatdığını söyləyirlər. Mütəxəssislərin fikrincə, bu yolla həm təbii ehtiyatların tükənməsinin qarşısını almaq olar, həm də ekologiyanı qorumaq mümkündür. Amma bu məsələdə də mütəxəssislərin fikri birmənalı deyil. Ekspertlər deyirlər ki, elə bərpa olunan enerjinin alınması yönündə iş aparılmalıdır ki, həm iqtisadi cəhətdən səmərəli olsun, həm də havanın dəyişməsi enerjinin alınmasına əngəl törətməsin.

günəşi, küləyi, yoxsa biokütləni seçək?

Hazırda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi bərpa olunan enerjinin alınmasında küləyin və günəşin gücünə arxalansa da, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bioqaz enerjisinə güvənməyi məsləhət görür. T.Zeynalovun sözlərinə görə, alternativ enerjinin alınmasının ən səmərəli yolu Azərbaycanda tullantılardan bioqazın alınmasıdır. Ekspert deyir ki, mavi yanacağın olmadığı dağlıq kəndlərdə meşələr qırılır. İnsanlar qışda qızınmaq üçün odun tədarükü görürlər: «Halbuki dağlıq kəndlərdə hər kəs elə qapısında saxladığı mal-qaranın peyini hesabına istilik ala bilər. Mənim fikrimcə, bu ən sərfəli alternativ enerji sayıla bilər. Bioqaz qurğuları qurmaqla həm ucqar kəndlərin mavi yanacaq problemini həll etmək mümkündür, həm də, ətraf mühiti, meşələri mühafizə etmək olar. Bu yolla neçə-neçə kəndlərin mərkəzləşmiş enerji sistemindən asılılığını aradan qaldırmaq mümkündür».

T.Zeynalovun sözlərinə görə, küləkdən və günəşdən enerji alınması mümkün olsa da, təbiətdə gedən iqlim dəyişkənliyi bu alternativ enerji mənbələrindən yararlanmağımıza müəyyən əngəllər törədə bilər: «Son illər qlobal iqlim dəyişkənliyi nəticəsində qışımız yay havası kimi keçir. Belə halda küləkdən enerji almaq o qədər də asan olmayacaq».

külək və günəşdən istifadə daha effektlidir

«Rüzgar Ekololoji Cəmiyyətinin» sədri, professor İslam Mustafayev isə deyir ki, iqlim dəyişkənliyini ləngitmək və qarşısını almaq məqsədilə vaxtında küləkdən və günəşdən enerji almaq üçün hazırlıq işləri aparılmalıdır: «Hələ ki, təbii ehtiyatlarımız bizi enerji ilə bağlı sınağa çəkmir. Amma dünyada ekoloji durum günü-gündən pisləşir. Yaxın zamanlarda üzvi yanacaqlardan havaya atılan zərərli maddələrə görə cərimələr tətbiq olunacaq. Hər bir ölkə məcburdur ki, atmosferə atdığı zərərli maddələrin miqdarını azaltsın. Belə olan halda alternativ enerji mənbələrindən istifadə çox zəruri olacaq. Çünki alternativ enerjidən istifadə zamanı atmosferə azot, karbon, kükürd oksidi atılmır. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, qaz, kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-ni istifadə etməklə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Odur ki, indi alternativ enerjinin alınması məqsədilə həyata keçirdiyimiz pilot layihələri genişləndirməliyik».

Professorun sözlərinə görə, hazırda bu işləri həyata keçirmək üçün dövlət proqramı var. Hətta bu məqsədlə agentlik də yaradılıb. Yerdə qalır dövlət tərəfindən bu məqsədlə investisiya layihələrinin həyata keçirilməsi. İ.Mustafayev hazırda alternativ enerjinin alınmasının çox baha başa gəldiyini söyləyir. Mütəxəssis deyir ki, bizdə 1 voltluq günəş batareyasının qiyməti 4 sentdir. Odur ki, bu işə dövlət tərəfindən sərmayə yatırılmalıdır.

alternativ enerji almaq imkanlarımız böyükdür

Hələ bir neçə il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin alternativ enerji mənbələrindən istifadə ilə bağlı ölkə üzrə ilkin qiymətləndirməsi zamanı üzə çıxıb ki, Azərbaycanda külək enerjisindən istifadə potensialı çox böyükdür.

Bu baxımdan ən əlverişli ərazilər isə Abşeron yarımadası, Xəzər dənizi ərazisi, Kürün aşağı hissəsi və Naçıvan Muxtar Respublikasıdır. Hesablamalar göstərir ki, Abşeron yarımadasında küləkdən 1500 MVt, Xəzər dənizi ərazisi və Kürün aşağı hissəsində 500 MVt, Naçıvan Muxtar Respublikasında isə 70 MVt gücündə enerji almaq olar. Abşeron yarımadasında külək enerjisindən istifadə üçün ən əlverişli şərait Xəzər dənizi sahil zolağında və adalardadır. Nazirliyin müşahidələri göstərib ki, ümumiyyətlə, Azərbaycanın ən küləkli ərazisi Xəzər dənizinin sahilboyu zolağıdır. Xəzər dənizindən uzaqlaşdıqca küləyin orta illik sürəti azalır. Sahilyanı ərazilərdə küləyin sürəti saniyədə 6 metr təşkil etdiyi halda, dənizdən uzaqlaşdıqca bu göstərici 4-ə, dağətəyi rayonlarda 2-yə, bəzi rayonlarda isə 1-ə enir.

Abşeron yarımadasında küləyin orta illik sürəti saniyədə 5,8-8 metr intervalında tərəddüd edir. Yarımadanın ən küləkli dövrü yaz və yay fəsillərinə, mart-avqust aylarına təsadüf edir. Abşeron yarımadasında il ərzində küləkli günlərin sayı isə 245-280-ə çatır.

Nazirliyin mütəxəssisləri müəyyənləşdiriblər ki, Pirallahı, Səngi-Muğan, Neft Daşları, Xərə-Zirə, Çilov adaları və ümumiyyətlə dəniz akvatoriyasının dayaz yerlərində vaxtilə istifadə olunmuş özüllər üzərində iri külək qurğularının quraşdırılması daha məqsədəuyğundur.

ETSN-nin mütəxəssislərinin fikrincə, Abşeron yarımadasının Qobustan, Qaradağ və Sumqayıt şəhəri ərazilərində orta gücə malik külək qurğuları, Azərbaycanın qərbində, Gəncə-Daşkəsən zonasında və Naxçıvanın Şərur-Culfa ərazisində isə kiçik güclü külək elektrik qurğalarından və su qaldırıcı qurğulardan istifadə daha məqsədəuyğundur. Respublikanın digər bölgələrində isə küləyin illik orta sürəti saniyədə 3 metrə bərabər olduğundan, külək qurğalarından istifadə etmək iqtisadi cəhətdən əlverişli deyil.

günəşdən də enerji ala bilərik...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə günəş enerjisindən istifadənin perspektivlərini də müəyyənləşdirib. Araşdırmalar göstərib ki, həmin dövr üçün Kür-Araz ovalığında günəş işıqlandırılmasının davamiyyəti il ərzində 2200-2400 saat təşkil edir. Bu göstəricinin maksimum həddi - 2800 saat - Arazboyu düzənliklərdə müşahidə olunur.

Ümumilikdə isə ölkə üzrə Abşeron yarımadası, Kür-Araz ovalığı və Naxçıvanda hər kvadratmetrə düşən günəş enerjisinin intensivliyi 0,8-1,2 kVt-a bərabərdir.

Bu qiymətləndirməyə əsaslanaraq bəhanəsiz söyləmək olar ki, Azərbaycanda alternativ enerji mənbələrindən istifadə şəksiz mümkündür. Sadəcə olaraq tədricən pilot layihələrdən alternaliv enerji mənbələrinin geniş istismarına keçmək lazımdır.

Yazı «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu»nun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçündür





Bu yazı 1087 dəfə oxunmuşdur.