Meşələrin bərpası və artırılması
TƏBİƏTİ QORUMAQ ÜÇÜN HAMI FƏAL OLMALIDIR
Dünya ölkələrində rast gəlinən təbii sərvətlərin içində meşələr xüsusi yer tutur. Meşə örtüyü həm təmiz hava, həm də göz oxşayan mənzərə deməkdir. Meşələrin insan sağlamlığı üçün əhəmiyyəti nəzərə alınaraq beynəlxalq qurumlar tərəfindən də xüsusi diqqətdə saxlanılır. Təsadüfi deyil ki, BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən 2011 il Beynəlxalq Meşələr İli elan edilib. Bununla belə BMT-nin Baş Assambleyası meşələrin davamlı istifadəsinə və qorunmasına dair ictimaiyyətin məlumatlandırılmasının artırılması sahəsində müxtəlif proqramların işlənməsi üçün üzv dövlətlərə, həmçinin özəl sektora və digər maraqlı tərəflərə çağırışlar edib. Dünya üzrə meşələrin davamlı istifadəsi və qorunması sahəsində mövcud olan müsbət səylərə baxmayaraq bu sahədə hələ də deqradasiya və məhv olunma proseslərinə rast gəlmək olar. Məhz ona görə də Beynəlxalq Meşələr İli bu sahədə olan müsbət təcrübənin toplanması və meşələrin qorunmasında ictimaiyyətin daha fəal iştirakının təşviqi üçün geniş imkanlar yaradır. Qeyd edək ki, Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektar təşkil edir ki, onun 809 milyon hektarı Rusiyanın, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın, 303 milyon hektarı isə ABŞ-ın payına düşür. Ümumiyyətlə, son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məlumatına görə, XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olub. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Bu rəqəm Rusiyada 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür.
1 ha meşə 200 insanı xilas edir
Azərbaycan meşə fondu torpaqlarının ümumi sahəsi 1,214 milyon hektardır və adambaşına 0,12 ha meşə sahəsi düşür. Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir. İynəyarpaqlı meşələrdə əsas Qarmaqvari şama Kiçik Qafqazda, Göygöldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda Qusar rayonu meşələrində təsadüf edilir. Respublika meşələrinin əsasını qışda yarpağını tökən enliyarpaqlı növlər təşkil edir. Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdə min tonlarla (adi qoz, alma, armud, zoğal, alıca, əzgil, fındıq, xurma, yemişan, şabalıd, böyürtkən və s.) yabanı meyvə məhsulu var. Bu meyvələrdən 30%-i istismar əhəmiyyətli məhsullardır. Azərbaycanda əksərən şimal istiqamətli dağ yamaclarında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşağı dağ qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac meşələri, orta dağ qurşağında nisbətən məhsuldar palıd-vələs meşələri, yuxarı dağ meşə qurşağında isə daha yüksək məhsuldar palıd-vələs meşələri mövcuddur. Azərbaycan meşələri əhəmiyyətinə görə əsasən torpaqqoruyucu, sutənzimləyici, kurort, sağlamlaşdırıcı və s. faydalı funksiyalar daşıyır. Meşələrdən sağlamlıq məqsədilə əhalinin mədəni və estetik tələblərinin ödənilməsi üçün də istifadə edilir. Mütəxəssislər bildirirlər ki, münbit torpaqlarımızın yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti var. Meşələr bir növ rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən tarazlaşdırır. Meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir. Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır.
Sərvətimizin qədrini bilək
Meşələrin sahəsinin azalması, onların cins tərkibinin qiymətli ağac cinslərinin ikinci dərəcəli cinslərlə əvəz olunmasına doğru dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi, ağacların yandırılması nəticəsində bitki örtüyünün azalması halları istisna deyil. Bu proseslərin qarşısı vaxtında alınmazsa, respublika ağır ekoloji fəlakətlər, eroziya proseslərinin, bozqır ərazilərin artması, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala bilər. Ona görə də meşə təsərrüfatının problemləri və onun həlli istiqamətində diqqəti artırmaq lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyində hesab edilir ki, respublikanın xüsusilə də az meşəli aran rayonlarında meşəbərpa və qoruyucu meşə zolaqlarının həcmini bir neçə dəfə artırmaq lazımdır. Bu istiqamətdə respublikamızın əsas su arteriyası olan Kür və Araz çayları vadisində yerləşən Tuqay meşələrinin bərpası istiqamətində böyük miqyaslı işlər həyata keçirilməlidir. Dağ yamaclarında su eroziyasının qarşısını almaq üçün geniş sahələrdə qoruyucu meşəliklər salınmalı, eləcə də iri dağ çaylarının hövzələrinin islah edilməsi üçün kompleks tədbirlər (meşəbərpa və hidromeliorativ) aparılmalıdır və s. Lənkəran Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən bildiriblər ki, meşələrin artırılması istiqamətində müəssisənin işçiləri ilin bütün fəsillərində meşələrə və yeni salınmış yaşıllıqlara qayğı ilə qulluq edirlər. Körpə şitilləri əli baltalılardan, pöhrələnənləri isə mal-qaradan qorumaq üçün 12 sahə gözətçisi və 2 təcrübəli meşəbəyi bu işə cəlb olunub. Cari ilin sonunadək Lənkəranda daha 300 hektar sahədə meşə əkini aparmaq planlaşdırılır. Müəssisədən bildirirlər ki, əməkçilər ətraf mühiti qorumaqla yanaşı, yeni meşələrin salınması və bərpa işlərini də böyük həvəslə yerinə yetirirlər. Məsələn, keçən il 150 hektar ərazidə yeni meşə əkini salınıb. Bununla yanaşı, xeyli sayda müxtəlif növ ağac ştili yetişdirilib. Müəssisədə işlərin dövrün tələbinə uyğun qurulmasına çalışır, nöqsan və çatışmazlığın qarşısını vaxtında almağa, yaranmış problemləri həll etməyə səy göstərirlər. Bəzən meşələrdən icazəsiz istifadə edib özbaşına ağac kəsənlərə də rast gəlinir. Belələri qanuna müvafiq qaydada vurduqları ziyanın cəriməsini ödəməli olurlar. İstər qanunsuz ağac kəsimində, istərsə də icazəsiz meşələrə mal-qara, davar otaranlara heç bir güzəşt edilmir.
Meşəyə qayğı sağlam gələcək vəd edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin baş məsləhətçisi Əbdülağa Məlikov meşələrin artırılması və bərpası ilə bağlı bildirir ki, cari ildə nazirlik tərəfindən 10500 hektar sahədə meşəbərpa işləri, 161 ton toxum tədarükü və 30 milyon ədəd əkin materiallarının yetişdirilməsi nəzərdə tutulub. Məsələ ondadır ki, onsuz da Azərbaycan azmeşəli ölkə hesab edilir. Bu səbəbdən nazirlik hər il meşəsalma, meşələrin bərpası işlərinə diqqət ayırır. Ən əsası meşələrin seyrəkləşmə tendensiyasının qarşısı alınıb. Ümumi meşə fondu 1213,7 min hektar, o cümlədən meşə ilə örtülü sahə 1021 min hektardır. Bu da ölkə ərazisinin 11,8 faizini təşkil edir və Azərbaycan azmeşəli ölkələr sırasına daxildir. Eyni zamanda, son 15 il ərzində meşəbərpa tədbirlərinin həcmi 2 dəfə çoxaldılıb ki, bunun nəticəsində də meşə ilə örtülü sahələr 0,4 faiz artırılaraq 11,4 faizdən 11,8 faizə çatdırılıb. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal olunub. Azərbaycanda adambaşına 0,12 hektar meşə sahəsi və 14,5 m3 oduncaq düşür. Məlikov bildirdi ki, nazirliyin 4 regional meşə tinglik müəssisəsi var. Hər rayonun iqlim şəraitinə, torpağına uyğun ağaclar əkilir. Ancaq əfsuslar olsun ki, meşələrin bərpasına, yeni meşə sahələrinin salınmasına ayrılan vəsait yüksək deyil. Odur ki, işçi qüvvəsi cəlb etməkdə çətinliklər ortaya çıxır: "Bir işçiyə aylıq 100 manat məvacib verilir. Ona görə də biz ailələri işə cəlb edirik. Çünki bir ailədən 3-4 nəfər meşə salınmasında iştirak edəndə ailə büdcəsinə 300-400 manat pul gəlir. Rayon yerlərində bu məbləğ heç də az deyil". Mütəxəssis hesab edir ki, bir-iki nəfər haqqında fikirləri hamıya şamil etmək olmaz. Onun fikrincə, bizim meşə mühafizəçiləri əsl fədakarlardır. Çünki onlar 100-120 manat aylıq maaşa 1000-1500 hektar ərazini mühafizə edirlər. Meşəsalma işlərində fəal iştirak edirlər:"Əfsuslar olsun ki, bəzi dağ rayonlarında meşələrə həyat deyil, dolanışıq mənbəyi kimi baxanlar mövcuddur. Çalışmalıyıq ki, biz insanların düşüncəsini dəyişək. Axı bir ağacın yetişdirilməsi üçün bir insan ömrü yetmir. Bu azmış kimi əkilən 100 ağacın 100-nün də bitəcəyinə təminatı yoxdur. Sevindirici haldır ki, bizim əkdiyimiz 100 ağacdan 90-95-i bitir".
Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da iqlim dəyişməsi ilə əlaqədar xüsusi proqram hazırlanıb və bu proqrama görə respublikada meşələrin sahəsinin ərazinin 20%-inə qədər artırılması nəzərdə tutulub. Respublikamızın flora və faunasını qoruyub mühafizə etmək məsuliyyəti təkcə dövlət qurumlarının deyil, eyni zamanda meşəçilərin, təbiəti sevənlərin, bir sözlə hamının üzərinə düşür. Buna görə də hamı təbiəti qorumaq üçün əlindən gələni etməlidir.
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün"
![]()