Məmmədov Vidadi

Zibilin enerjiyə çevrilməsi...

Bir müddət əvvələ qədər Sabunçu rayonu ərazisindən keçmək kifayət idi ki, burada olan üfunətdən insan harada olduğunu müəyyənləşdirə bilsin. Amma indi Balaxanı poliqonunda nə tüstü, nə də zibil qalaqları ilə rastlaşmaq mümkündür. Buna da səbəb 2009-cu ildə dövlət başçısının sərəncamından sonra "Təmiz şəhər" Açıq Tipli Səhmdar Cəmiyyətinin yaradılması və ərazidə tullantıların idarə olunması üçün zavodun tikilməsidir.

Tullantıları qeybə çəkən zavod

Zavod "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"na əsasən, Bakı şəhərində, habelə şəhərətrafı digər yaşayış məntəqələrində yaranan məişət tullantılarının utilizasiyası üçün bərk məişət tullantılarının yandırılması məqsədi ilə tikilir. Zavodu tikəcək şirkət Iqtisadi Inkişaf Nazirliyi tərəfindən tender əsasında müəyyənləşib. Fransanın "CNIM S.A." şirkəti qalib elan olunub.

2009-cu ildə Bakıda bərk məişət tullantılarının yandırılması zavodunun layihələndirilməsi, tikintisi və əməliyyat xidmətinin göstərilməsinə dair müqavilə imzalanıb. Zavodun layihələndirməsi və tikintisinin ümumi dəyəri 346 milyon avrodur. Razılaşmanın şərtlərinə uyğun olaraq, müqavilə məbləğinin 4 faizi zavodun tikiləcəyi rayonun ərazisində həyata keçiriləcək sosial layihələrə - o cümlədən Balaxanı qəsəbəsində su, kanalizasiya xətlərinin çəkilişi və s. istiqamətlərə yönəldiləcək. Bu zavodun tikintisinə subpodratçı qismində yerli şirkətlər də cəlb ediləcək. Şirkətlərlə subpodrat müqavilələr imzalanıb.

Bərk məişət tullantılarının yandırılması zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarət olacaq. Zavodun layihəsi üçüncü xətti əlavə etməklə, illik gücü 750 min tona çatdırmağa imkan verəcək. Zavod əlavə olaraq, ildə 10 min ton tibbi tullantı qəbul etmək imkanına da malik olacaq. Bərk məişət tullantılarının yandırılması zavodu həm yerli, həm də Avropa Ittifaqının ən ciddi istismar və ekoloji tələblərinə tam uyğun olan müasir texnologiyalardan istifadə etməklə inşa olunacaq.

Məişət tullantılarının yandırılması nəticəsində il ərzində, ən azı 231,5 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq ki, bu da ildə təxminən 10 milyon manat əlavə gəlir gətirəcək. Tullantıların yandırılması zamanı qalan küldən yol tikintisində və digər inşaat işlərində istifadə edilməsi mümkündür.

Bərk məişət tullantılarının yandırılması zavodunun inşası Balaxanı poliqonunun yaxınlığında ayrılmış 20 hektar torpaq sahəsində həyata keçiriləcək. 2012-ci ilin sentyabrında zavodun istismara verilməsi gözlənilir. Zavodun fəaliyyəti nəticəsində istilik effekti yaradan qazların həcminin azaldılmasına nail olunacaq.

Ilkin hesablamalara görə, zavodun fəaliyyəti nəticəsində 1,5-2 mln. ton karbon qazı ekvivalentində Sertifikatlaşdırılmış Emissiya Azalması əldə etmək mümkündür.

1962-ci ilin zibilxanası - 2011-ci ilin poliqonu...

Bərk Məişət Tullantılarının Vahid Idarəçiliyi Layihəsi çərçivəsində strateji və sektorun yenidən qurulması üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Türkiyənin "Ekodenge" şirkəti ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, adıçəkilən şirkətin beynəlxalq mütəxəssisləri 2 il müddətində Bakı şəhərində bərk məişət tullantılarının idarəçiliyi üzrə 20 illik inkişaf strategiyası hazırlamalıdır. Bundan başqa, "Ekodenge" şirkəti tərəfindən demoqrafik göstəricilərə əsasən, tullantı miqdarının proqnozlaşdırılması, mövcud tullantı idarəçiliyi sistemi, tullantıların tərkibinin tədqiqi, institusional və maliyyə analizləri, tariflərin öyrənilməsi və hüquqi aspektlər üzrə analitik təhlillərin hazırlanması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan hökuməti və Dünya Bankı arasında "Abşeronun Ekoloji Bərpası Proqramı" çərçivəsində Bərk Məişət Tullantılarının Vahid Idarəçiliyi layihəsi üzrə 20 may 2009-cu ildü kredit sazişi imzalanıb. Layihənin icraçısı Iqtisadi Inkişaf Nazirliyinin nəzdində yaradılmış Layihə Idarəetmə Qrupudur. Layihə Bakı şəhəri ərazisində bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasirləşdirilməsinə xidmət edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Adil Zeynalovun sözlərinə görə, tullantıların idarə olunmasının bölüşdürülməsi həyata keçirilib: "Bakı Şəhər Icra Hakimiyyətinin öhdəsində tullantıların ərazilərdən toplanması, yığılması, daşınmasıdır. "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin məsuliyyəti isə o tullantıları qəbul edib ərazidə zərərsizləşdirməkdir. Sadəcə, Balaxanıda uzun illərdən bəri, hazırkı dövrdə də tullantılar qəbul edilib yerləşdirilir. Yəni, yanğın olmasın deyə, tullantıların üzəri torpaqla örtülür. Balaxanı poliqonu 1962-ci ildən fəaliyyət göstərir. Balaxanı poliqonu öncə Bakı Şəhər Icra Hakimiyyətinin balansında idi, sonra "bp-Azərbaycan"ın balansına verildi, ardınca yenidən Bakı Şəhər Icra Hakimiyyətinin balansına qaytarıldı. Tullantılar sön dövrlərə qədər oraya daşınıb yerləşdirilirdi. Bunun da nəticəsində orada yanğın olurdu. Bu da tullantılardakı çürümə nəticəsində əmələ gələn metan qazının alışmasından baş verir. Bu, təbii bir prosesdir. Tullantılar Böyük Şor gölünə də külək vasitəsilə yayılırdı. Hazırda Balaxanıda tüstü də kənara çıxmır. Ancaq təsiri olduğu kimi qalır. Çünki 1962-ci ildə poliqon yaradılanda poliqon yox, zibilxana kimi yaradılmışdı. Yəni tullantılar gətirilir, torpaqdan, ətraf mühitdən izolə olunmamış ora boşaldılırdı".

Bu gün Balaxanının əvvəlki kimi atmosferə o qədər də zərərli təsirinin olmadığını deyən A.Zeynalov bununla belə, onun yer qatına və yeraltı sulara mənfi təsirini aradan qaldırmağın qeyri-mümkün olduğunu vurğuladı.

Iqtisadi Inkişaf Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, Balaxanıda poliqon hasarlanıb, tüstü aradan qaldırılıb, tullantıların üstü torpaqla örtülüb: "Məişət tullantılarının çeşidlənməsi sahəsi də yaradılır. Çünki bu tullantıların bəziləri yenidən emala yarayır. Yararsız hissənin utilizasiyası gedəcək. Bu siyahıya da taxta, kağız, korton, polietilen torbalar, şüşə və s. daxildir. Poliqona girib-çıxan maşınlar şəhərin müxtəlif hissələrində dolaşırlar. Bunun üçün poliqon ərazisində onlar dezinfeksiya olunacaq. Xeyli yaşıllaşdırma işləri görülüb və poliqonda 2000-dək ağac-kol bitkisi əkilib. Məişət tullantılarının qəbulu üçün meydançalar yaradılıb. Zavod özü açar-təhvil sistemi ilə istifadəyə veriləcək. Yəni, onu tikən "CNIM" şirkəti onun uzunmüddətli istifadəçisi olacaq. Zavod həm də yeni iş yeri deməkdir".

Balaxanıya bərabər 38 poliqon var...

Hazırda tullantı məsələsinin bütün dünyanın ən ağrılı problemlərindən biri olduğunu deyən ekoloq Telman Zeynalov bununla belə, düşünür ki, Azərbaycan bu işin öhdəsindən gələ biləcək. Onun sözlərinə görə, "Təmiz şəhər" ASC yarandıqdan sonra monitorinq üçün QHT-lərə müraciət edib. Yeddi QHT də öz növbəsində "Təmiz şəhər"in maliyyə dəstəyilə həyata keçirərək, tullantı olan sahələrin koordinatlarını müəyyənləşdiriblər, onların elektron xəritəsini hazırlayıblar.

"Biz müəyyən etdik ki, Bakıda və Abşeron yarımadasında qanuni Balaxanı poliqonundan savayı ona bərabər, hətta ondan daha artıq olan 38 belə tullantı sahəsi var. Onları da fotoşəkilləri ilə bərabər "Təmiz şəhər"ə təqdim etdik. Onlar da bizim təkliflərimizi qəbul etdilər. Hazırda bunun üzərində işləyirlər və bəzi zibilxanaları ləğv ediblər. Onu heç kəs dana bilməz. Ancaq siz soruşsanız ki, "Təmiz şəhər" ASC bu işin öhdəsindən gələ biləcəkmi? Mən deyərdim ki, bu iş yalnız bir zavodun yox, bütün vətəndaşların üzərinə düşür", - deyə Telman Zeynalov bildirib.

"Mən bu zavodun əleyhinə idim..."

Əvvəllər bu zavodun tikintisinə qarşı çıxdığını deyən ekoloq sonra bu məsələdə fikrini dəyişməsinin səbəblərinə də aydınlıq gətirdi: "O zavod tikiləndən bunun əleyhinə çıxmışdım. Sonra digər təşkilatlar da mənə qoşuldu. Ancaq mən o zavodun tikilməsini sonunda dəstəklədim. Düşündüm ki, 40-50 il ərzində yığılan tullantıları biz neyləməliyik? Necə idarə etməliyik? Ondan canımızı necə qurtarmalıyıq? Yeganə üsul zavoddur. Istifadəyə verilir, 2-3 il tullantıları yandırır, enerji istehsal edir və özünə yaxın regionları enerji ilə təmin edir. Bu ilin sonunda tullantıların çeşidlənməsində bölmələr yaradılacaq - Balaxanı, Suraxanı və Qobustan tərəfdə. Orada yaranan tullantılar çeşidlənəcək, ona müvafiq olaraq müəssisələr açılacaq və təkrar emala veriləcək".

Əvvəldən zavodun tikilməsinin əleyhinə çıxmasını isə ekoloq belə izah etdi: "O tullantıları yandıranda ətrafa çoxlu dioksin maddəsi atılır. Bu maddə insanlarda, əsasən yaşlılarda və uşaqlarda xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Mən bu səbəbdən zavodun tikintisinin əleyhinə çıxmışdım. Mənə də izah etdilər ki, zavodda müasir filtrlər quraşdırılacaq və onlar bu maddəni tutacaq".

"Öz məhsullarını özləri emal etsin"

Telman Zeynalovun fikrincə, bəzi şirkətlər, məsələn, "Coca-Cola" kimi içki istehsal edən şirkətlər təkrar emalı özləri maliyyələşdirməlidir: "Yaxud da polietilen torbaların istehsalı ilə məşğul olan şirkətlər... Bərk tullantılardan onlar yalnız plitələr düzəldə bilərlər. Polietilen torbaları və yaxud da plastik butulkaları təkrar emala buraxanda dağətəyi yerlərdə sürüşməmək üçün bu plitələrdən istifadə oluna bilər. Kəndlərdə cığırların salınmasında istifadə oluna bilər.

Ya da Azərbaycanda bu məhsulların istehsalı qadağan olunsun. Əhali pambıq torbalardan istifadə etsin. Ekologiya Nazirliyi də bu işə nəzarət etsin".

Yeri gəlmişkən, Ekologiya Nazirliyinin rəsmisi Adil Zeynalov Balaxanıda yeni zavodun tikintisinin yeni yaranan tullantıların yandırılması nəticəsində alternativ enerji əmələ gətirməsini mühüm bir addım hesab edir. Onun sözlərinə görə, tullantıların idarə olunması getdikcə daha da gücləndiriləcək: "Onun zərərli təsirini azaltmaqla, həcmini minimuma endirməklə təbiətə təsirinin qarşısı alınır. Xarici ölkələrdə poliqonlar tikilməzdən öncə onun yeri planlaşdırılır, sahə ətraf mühitdən təcrid olunmuş ərazidə salınır. Əgər gələcəkdə bioqazın utilizasiyası nəzərdə tutulubsa, o da nəzərə alınır. Bunun əsasında poliqon yerləşdirilir. Bu problem Rusiyada da var. Gələcəkdə bu cür poliqonların inşası görünür, həyata keçiriləcək.

Ekologiya Nazirliyi tərəfindən Şamaxıda və Hacıqabulda regional məişət tullantıları poliqonlarının tikintisi təklif olunmuşdu. Təklif Nazirlər Kabineti tərəfindən də dəstəklənmişdi. Sadəcə maliyyə böhranı yaşandığı bir zamana tuş gəldiyi üçün maliyyələşdirilmədi. Salınacaq poliqonlar müasir tələblərə cavab verəcəkdi. Orada əmələ gələn metan qazının tutularaq utilizasiyası nəzərdə tutulmuşdu. Ola bilsin ki, bu təklif yenə təqdim olunacaq.

Bu gün Bakıda mövcud olan 4 poliqon - Qaradağ rayonu, Suraxanı, Əzizbəyov və Sabunçu rayonundakı vəziyyət eynidir. Sovet dönəmində yaradılan poliqonlar kor-təbii şəkildə yaradılıb, heç biri ekoloji və sanitar normalara cavab vermir. Mən biləni, 3 poliqonun (Qaradağ, Suraxanı, Əzizbəyov) ləğv olunması və onların yeni bir poliqon formasına salınmasına hələ ki, Iqtisadi Inkişaf Nazirliyində baxılır.

Adil Zeynalov poliqonların zavoda nisbətən ucuz başa gəldiyini də vurğuladı: "Baxmayaraq ki, torpaq sahəsini də məşğul edir, ancaq poliqonun da alternativ enerjinin alınmasına xeyri var".





Bu yazı 1094 dəfə oxunmuşdur.