Məhərrəmova Təranə

Məişət tullantıların idarə olunması təkmilləşdirilir

Adətən məişət tullantısını evdən çölə çıxaranda çox nadir hallarda onun sonrakı taleyinin necə olacağını düşünürük. Maraqlananlar isə bilir ki, dünya ölkələrində məişət tullantıları xüsusi poliqonlara daşınır, ya da zavodların zibilyandırma sobalarında yandırılır. Amma hər iki üsul artan məişət tullantıları ilə mübarizədə az effektlidir. Bu tədbirlər xarici mühitə, atmosferə dəyən zərərin, insanların səhhəti üçün yaranan problemin qarşısını tam almaqda acizdir. Hazırda bütün dünyada tullantıların idarə olunması, onların həcminin azaldılması sanitar-ekoloji və sosial-iqtisadi baxımdan ən prioritet istiqamət kimi gündəmdədir. Dün­ya­da eko­lo­ji tə­miz­li­yi­nə, sa­ni­tar-­gi­gi­ye­nik və­ziy­yə­ti­nə gö­rə in­san­la­rı hey­ran qoy­maq­da da­vam edən öl­kə­lə­rin si­ya­hı­sı­na Azərbaycanın nə vaxt düşəcəyini bilmək fikri isə yəqin ki, hamını narahat edir.

Azərbaycanda hələ ki problemin qarşısını alacaq poliqon və zavod yoxdur. Yalnız Balaxanı zibilliyi var ki, onun bağlanışından sonra da ətraf aləmi çirkləndirməkdə davam edib-etməyəcəyi müzakirə mövzusudur.

Həllini tapmayan problem

Bakının küçələrində ictimai yerlərdə dolub-daşan zibilqabları, uyğun olmayan yerlərdə yaradılan zibilxanaları hər addımda müşahidə etmək mümkündür. Şəhərin mərkəzi küçələrində də vəziyyət bu cürdür, kənarda da.

Məsələn, Xəzər rayonu II Şağan qəsəbəsində məi­şət tul­lan­tı­la­rı­nın da­şın­ma­ma­sı qə­sə­bə­də ən bö­yük prob­le­mə çev­ri­lib. Əra­zi­də de­mək olar ki, ümumiyyətlə zi­bil da­şın­mır. Məi­şət tul­lan­tı­la­rı əra­zi­də bir ne­çə ye­rə tul­la­nır. Sa­kin­lər öz qa­pı­la­rın­dan zi­bi­li uzaq­laş­dı­ra­raq ha­ra gəl­di atır­lar. Xüsusən yay ay­la­rın­da zi­bil­lə­rin qo­xu­du­ğu üfu­nət­dən nə­fəs al­maq çox çə­tin­dir. Məişət tullantıları bəzən axşamlar qə­sə­bə və ya bələdiyyə nü­ma­yən­də­li­yi­nin üzv­lə­ri­ tərəfindən yandırılır. On­lar əra­zi­nin məi­şət tul­lan­tı­la­rın­dan tə­miz­lən­mə­si­nin yo­lu­nu yal­nız bun­da gö­rür­lər. Əraziyə atılan məişət tullantılarının həm insanların sağlamlığına, həm də atmosferə atılan zərərli maddə olduğunun fərqində olan yoxdur. Maraqlananda da səlahiyyətli qurumların hər biri məsuliyyəti boynundan atır. Onu da nəzərə alaq ki, biz məişət tullantılarının paytaxtın yalnız bir rayonu ərazisində qalaqlanmasından danışırıq. Bakının 11 inzibati rayonunda isə yüzlərlə belə ara məhəllələrin və oralarda minlərlə sakinin yaşadığını nəzərə alsaq, onda acınacaqlı bir mənzərəni təsəvvür eləmək çətin olmaz.

Bu gün Ba­kı şə­hə­rinin hər bir rayonunda bu cür qey­ri-­qa­nu­ni zi­bil­xa­na­lar mövcuddur. Ancaq onu da qeyd edək ki, zibillərin daşınmasını gözləməkdən öncə, hər bir şəxs zibillə davranma mədəniyyətini də özündə formalaşdırmalıdır.

Genefondun düşməni

Sadalanan problemləri aradan qaldırmaq üçün həyata keçirilən layihələr də hələ ki, problemi tam qaradan qaldırmağa kömək etmir. Bu isə deməyə əsas verir ki, ölkəmizdə məişət tullantılarının yaranması, atılması, zərərsizləşdirilməsi ilə bağlı vəziyyət qeyri-qənaətbəxşdir. Belə ki, indiyə kimi tullantıların inventarizasiyası və analizi sahəsində zəruri işlər aparılmayıb. Bu səbəbdən ölkədə tullantıların toplanması, daşınması, basdırılması, zərərsizləşdirilməsi əməliyyatları ətraf mühit, təhlükəsizlik və sağlamlıq tələblərinə cavab verməyib. Paytaxtda əmələ gələn tullantıların həcminin mövsümdən asılı olaraq dəyişməsi də problemin dərinləşməsinə təsir edib. Belə ki, yay vaxtı yaranan tullantıların miqdarı qış vaxtında olduğundan təxminən 48 faiz yüksək olur. Həmçinin indiyə qədər Abşeron yarımadasında da bərk tullantıların idarə edilməsi ilə bağlı böyük problemlər olub. Təhlillər onu da göstərib ki, regionda hər il əmələ gələn təxminən 900 min ton tullantıdan yalnız 60 faiz toplanıb və rəsmi tullantı yerlərinə çatdırılıb. Bərk tullantıların qalan hissəsi isə qeyri-rəsmi zibilliklərdə toplanaraq nəticədə suyu və havanı çirkləndirir, pis qoxu əmələ gəlir, infeksiya yayıcılarının artması ilə bağlı problemlər ortaya çıxarır.

Ekspertlər narahatlıqla bildirirlər ki, müəssisə, idarə və təşkilatların öz iş fəaliyyətləri zamanı xarici mühiti fiziki, kimyəvi, bakterioloji və maye halında olan müxtəlif növ toksiki, radioaktiv və s. tullantılarla çirkləndirmələri qlobal istiləşməyə, millətin genefonduna təsir edir. Eyni zamanda, bu çirklənmə ekoloji cəhətdən insanların yaşamasına öz mənfi töhfəsini verir.

Xəstəlik mənbəyi

Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitoring Departamentinin direktor müavini Mətanət Avazova məişət tullantılarının çeşidindən asılı olaraq cürbəcür zərərli təsirlərinin olduğunu istisna etmir: "Məişət tullantıları quru halda yananda onlardan əsasən azot oksidi(IV) və karbon qazı (CO2) ayrılır. Təbii ki yandırılan bütün əşyaların hisi olur. Polietilen qablar, sellafon torbalar yananda isə ayrılan dioksinlər ayrı toksikologiyaya malikdir. Üzvü sintezdən alınan maddələr daha çox toksiki təsir göstərir. Onlar yananda cürbəcür xlor birləşməli qazlar ayrıla bilir ki, onlar daha toksikidir. Üzvü birləşmələr yananda həmçinin onların spesifik iyi hiss olunur. Bu da insanların səhhətinə mənfi təsir göstərir. Bu ərazilərin bəzilərində bəzi qaz birləşmələri normadan artıq olur». M.Avazova məişət tullantılarının hər hansı ərazidə yandırılmasının qadağan olunduğunu bildirdi: "Bakı şəhərində məişət tullantılarının daşınması və çeşidlənməsi ilə məşğul olan mərkəzləşdirilmiş qurum var. Kommunal təsərrüfat işçiləri və işbazlar isə adətən gecə vaxtları məişət tullantılarını qanunsuz olaraq yandırırlar". M.Avazovanın sözlərinə görə, bu cür qeyri-qanuni hallara qarşı Ətpaf Mühitin Mühafizəsi Departamenti öz tədbirlərini görür. Belə ki, əhali tərəfindən nazirliyin qaynar xəttinə daxil olan zənglər əsasında monitorinq qrupu həmin ərazidən götürdükləri hava nümunələrini laboratoriyada analiz edərək müəyyənləşdirir və Ətraf Mühitin Mühafizəsi Departamentinə məlumat verir. Monitorinq Departamenti öz növbəsində gündəlik bülletenləri yerli icra hakimiyyətlərinə də ünvanlayır. Bundan əlavə, buraxılan operativ bülletenlərdə məişət tullantılarının yandırılmasının qadağan olunması barədə tövsiyələr yer alır.

Res­pub­li­ka Gi­gi­ye­na və Epi­de­mio­lo­gi­ya Mər­kə­zi­nin (R­GEM) Sa­ni­ta­ri­ya-­gi­gi­ye­na şö­bə­si­nin mü­di­ri Zi­yəd­din Ka­zı­mov bu gün şə­hə­ri­miz­dəki mövcud sa­ni­ta­ri­ya du­ru­munun nəin­ki əha­lini, hət­ta mü­tə­xəs­sis­lə­ri də ra­zı sal­madığı qənaətindədir. Onun sözlərinə görə, Bakı ərazisində məişət tullantılarının daşınması yüksək səviyyədə təşkil olunmur. Z.Kazımov da ayrı-ayrı küçələrdə, məhəllələrdə məişət tullantılarının yığılıb qalmasının qanunla qadağan olunduğunu bildirdi: "Bu, insanlar arasında cürbəcür yoluxucu xəstəliklərin yaranmasına şərait yarada bilər. Eyni zamanda, həmin ərazilərdə sahibsiz heyvanların, gəmiricilərin çoxalmasına səbəb ola bilər. Hansı ərazidə antisanitar şərait yaradılırsa, orada istənilən yoluxucu xəstəliyin yaranma ehtimalı yüksəkdir".

R­GEM öz növbəsində mövcud vəziyyətlə bağlı də­fə­lər­lə sa­ni­ta­ri­ya tə­miz­li­yi ilə əla­qə­dar ola­raq həm ra­yon ic­ra ha­ki­miy­yət­lə­ri­nə, həm Ba­kı Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nə (B­ŞİH) ge­niş mə­lu­mat­lar təq­dim edib. Am­ma əf­sus­lar ol­sun ki, mər­kə­zi yol kə­nar­la­rın­dan sa­va­yı, yer­də qa­lan əra­zi­lər­də, tin­lər­də, dön­gə­lər­də qey­ri-­qa­nu­ni zi­bil­xa­na­la­rın ya­ran­ma­sı­na ge­niş şə­rait ya­ra­dı­lıb. Təbii ki, əsas irad obyekti hər bir ra­yon­da fəa­liy­yət gös­tə­rən mən­zil­-is­tis­mar sa­hə­lə­ri (MİS) və on­la­rın bir­ba­şa ta­be ol­duq­la­rı mən­zil-­kom­mu­nal tə­sər­rü­fat de­par­ta­ment­lə­ri­dir (MKTD) ki, bu­ra­da da iş ya­rıt­maz­dır. Z. Kazımovun bildirdiyinə görə, problemlə əlaqədar olaraq R­GEM İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müxtəlif cərimə sanksiyaları tətbiq edir. Təəssüf ki, küçələrdə, məhəllələrdə yaranan qeyri-rəsmi poliqonlardan görünür ki, bu cəzalar da heç bir effekt vermir.

Zibillərin bəxti açılır

Dünya ölkələrində çoxdandır ki, məişət tullantılarına yalnız zibil kimi yanaşılmır. Belə ki, inkişafda olan ölkələr hazırda məişət tullantılarının idarə olunması-onların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində ən optimal variantın axtarışındadır. Artıq Azərbaycan da bu ölkələr sırasındadır. Heç şübhəsiz, tullantıların tərkibinin kağız, plastik və polimer materiallar, qara və əlvan metallar, həmçinin elektron cihazlarının nadir elementləri kimi müxtəlif, bəzən də ekoloji nöqteyi-nəzərdən təhlükəli olması da problemə müxtəlif istiqamətlərdən yanaşmanı tələb edir. Sellüloza-kağız, kimya, neftkimya, dağ-mədən və metallurgiya sahələrində formalaşan tullantılar ətraf mühitə və insan sağlamlığına toksikoloji təsirlər göstərir ki, bunun təsirini azaltmaq məqsədilə tullantıların idarə olunması dövlətlərin başlıca siyasətinə çevrilməkdədir.

Qeyd edək ki, ölkə başçısının 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində tullantılarının yandırılması zavodunun tikilişinə başlanıb. Zavodun layihələndirilməsi, tikintisi və istismarı bütünlüklə Fransanın "Constructions Industrielles de la Méditerranée S.A." ("CNİM" S.A.) şirkəti tərəfindən həyata keçirilir. Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavodun tikintisi və 20 illik istismarı nəzərdə tutulur. Ətraf mühitin çoxsəviyyəli mühafizəsi mexanizminə malik olan bu zavod Avropa Birliyinin və Azərbaycanın ətraf mühitin qorunmasına dair qoyduqları ən ciddi tələblərə uyğun şəkildə işləyəcək.Belə ki, yanma məhsulu olan tüstü külüxüsusi filtrlərlə tutularaq ətraf mühiti çirkləndirməyəcək. Daha ağır və zərərsiz olan dib külü yol inşası üçün nəzərdə tutulmuş tikinti materiallarında istifadə oluna bilər.Bundan əlavə, tullantının yandırılması zamanı soyutmaq üçün istifadə edilən təchizat suyu yalnız təmizləndikdən sonra çirkab sularına yönəldiləcək. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik olaraq həyata keçiriləcək və nəzarətdə saxlanılacaq.

Balaxanı tullantı poliqonu daxil olmaqla Bakı şəhərində yerləşən tullantı poliqonlarının bərpası və ya bağlanması nəticəsində ətraf mühitə ekoloji təsirin qiymətləndirilməsi üzrə məsləhət xidmətlərinin həyata keçirilməsi üçün Azərbaycanın "ACEP" şirkəti ilə müqavilə imzalanıb. Şirkətin göstərəcəyi xidmətlərə əsasən, layihənin komponentlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və idarəçiliyi planının hazırlanması vasitəsilə Bakı şəhəri ərazisində tullantıların idarə edilməsi sisteminin təkmilləşdirilməsi və bərk məişət tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması həyata keçiriləcək.

Byndan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də"Təmiz şəhər ASC" ətraf mühitin məişət tullantılarından qorunması və onların zərərinin azaldılması üçün müxtəlif layihələr həyata keçirməkdə davam edir.

Bəlkə bütün bu layihələrin tam reallaşacağı təqdirdə doğrudan da "Təmiz şəhər"dən danışmaq mümkün olacaq. Hələlik isə...

Yazı Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün hazırlanıb.





Bu yazı 1068 dəfə oxunmuşdur.