Alternativ enerji üzrə böyük imkanlara malik nadir ölkə
Yaxın illərdə günəş, külək, su, bioqaz kimi alternativ enerji mənbələrindən yetərincə istifadə edəcəyik
Bioqaz və günəş enerjisindən istifadə ilə meşələrin qirilmasinin qarşisini almaq olar
Abdul Abdullayev Lerik rayonunun Züvüc Günqışlaq kəndində yaşayır.
Abdullayevlər ailəsinin yaşadığı kənddə təbii qaz olmadığından onlar
yanacaq kimi odundan istifadə edirlər. Kənd təsərrüfatı ilə məşğul olan
A.Abdullayev hər qış odun almaq üçün təxminən 600 manat xərcləyir.
A.Abdullayev yanacaq kimi odundan istifadə etməsini evi qızdırmaq üçün
başqa vasitənin olmaması ilə izah edir. Ölkəmizdə A.Abdullayev kimi
düşünənlərin sayı isə minlərlədir.
Apardığımız kiçik araşdırma
göstərir ki, respublikanın təbii qaz olmayan ərazilərində yaşayan
əhalinin 80 faizi istilik almaq üçün odundan istifadə edir. Əhalinin çox
az bir qismi neft və elektrik sobalarından yararlanır. Hər bir ailə
qış mövsümündə ən azından 3 ağac kəsir. Bununla da həyatımız üçün
müstəsna əhəmiyytə malik meşələr mal-qara tərəfindən otarılmaqdan əlavə,
şüurlu şəkildə qırılaraq da məhv edilir. Halbuki respublkamızın təbiəti
zəngin neft qaz ehtiyatları ilə barabər həm də, alternativ enerji
mənbələrinə malikdir. Respublikamızın elə bir ərazisisi yoxdur ki, orada
hansısa alternativ mənbədən enerji almaq mümkün olmasın.
Dünyanın enerjiyə artan təlabatı alternativ enerji mənbələrindən istifadəni zəruri edir
Təbii resursların tükəndiyi bir vaxtda dünyanın enerjiyə ilbəil artan
təlabatının ödənilməsi alternativ enerji mənbələrindən istifadəni zəruri
edir. Buna görə də ekoloji cəhətdən təmiz günəş və külək enerjisinin
istehsalına daha çox diqqət yetirilir. Hesablamalar göstərir ki, 500
kVts, yəni orta ölçülü istilik elektrik stansiyası qədər gücə malik
külək elektrik stansiyası bir ildə 1000 tondan çox karbon qazı, 5
tonadək digər zərərli maddələrin atmosferə atılmasının qarşısını alır.
Amma hazırda dünyada istehsal olunan elektrik enerjisinin cəmi 13,5
faizi alternativ mənbələrdən alınır. Yer səthinə düşən günəş enerjisinin
miqdarı bütün neft, qaz, kömür və digər yanacaq ehtiyatlarından çox
olsa da, hələlik yalnız dünyanın 70 ölkəsində günəş elektrik
stansiyalarından istifadə edilir. Halbuki onun 0,0125 faizinın istifadə
olunması ilə dünyanın enerji ehtiyaclarını ödəmək olardı. İl ərzində 1
kvadrat metr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da
1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində
1800-2000 kVts, Azərbaycanda isə 1500-2000 kVts təşkil edir. Günəş
enerjisindən istifadənin üstünlüyü ondadır ki, həmin qurğular işləyən
zaman «parnik effekti» yaranmır, hava çirklənmir və istilik aşağı
atmosfer qatlarına yayılmır. Bu gun günəş kollektorlarından istifadə
mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq ərazilərdə özünü daha çox
doğruldur. Düzdür, qiyməti baha olduğundan (3 lampanı 4 saat yandıra
biləcək qədər enerji yığan günəş qurğusu 1500 manat) hələlik günəş
stansiyalarına maraq azdır. Amma ekspertlər hesab edir ki, bu sahədə
araşdırmalar davam etdikcə daha sərfəli günəş qurğuları qurulacaq.
Ölkəmizin iqlim şəraiti ilin bütün fəsillərində alternativ enerji alınmasına imkan yaradır
Azərbaycan alternativ enerji üzrə potensial imkanlara malik nadir
ölkələrdən biridir. Bu sahəni inkişaf etdirmək üçün ölkəmizdə kifayət
qədər günəş, külək, su, bioqaz və digər enerji mənbələri mövcuddur.
Statistik məlumatlara görə, Azərbaycanda ilin 260-280 günü günəşli olur.
Burada il boyu küləyin sürəti saniyədə 3-dən 27 metrə qədər çatır.
Küləyin sürəti saniyədə 4 metr olanda isə alınan enerji rentabelli hesab
olunur. Demək, iqlim şəraiti ilin bütün fəsillərində ölkəmizdə
alternativ enerji alınmasına imkan yaradır. Günəş, külək, biokütlə,
geotermal mənbələr və kiçik su elektrik stansiyalarının gücündən
istifadə edilməsi həm iqtisadi, həm də ekoloji cəhətdən səmərəlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya
Departamentinin direktor müavini Sahib Xəlilovun sözlərinə görə,
Azərbaycanın 40-cı paraleldə yerləşdiyindən günəş enerjisi alınması üçün
böyük potensialı var: «Günəş şüalarının düşmə mailliyi nə qədər az
olsa, enerji almaq imkanları da o qədər çox olur. Abşeron, Mərkəzi Aran
və bəzi dağ rayonlarında günəş enerjisindən istifadə üçün böyük imkanlar
var. Hazırda Türkiyə, İsrail və Ərəb ölkələrində günəş enerjisindən
yaşayış evlərini istiliklə təmin edilməsi üçün də istifadə edilir.
Binaların damında qoyulan su çənləri və günəş işlədiciləri vasitəsilə su
qızdırılaraq evlərə istilik verilir. Bu daha rentabellidir və az vəsait
tələb edir. Resublikamızda külək, kiçik çaylar, termal sular və
bioqazdan istifadənin də geniş potensialı var. Kənd yerlərində
bioqazlardan istifadə daha effektivdir. Ölkəmizdə olan 8 mindən artıq
çayın üzərində kiçik su elektrik satansiyaları qurmaq olar».
Beynəlxalq Ekoenerji Akademiyasının prezidenti, professor Fəqan Əliyev
də alternativ enerji mənbələrindən istifadənin intensivləşdirilməsini
vacib sayır: «Bunun üçün maarifçilik işi aparılmalıdır. Məsələn,
Xınalıqda gözəl çaylar var. Yüksək sürətli külək az qalır qurulan
qurğunun pərlərini dağıtsın, günəş çıxanda qarşısında dayanmaq olmur.
Həmin mənbələrdən enerji almaqla bütün kənd əhalisinə həm elektrik, həm
də istilik enerjisi vermək olar».
İqtisadçı Vüqar Bayramov da hesab
edir ki, alternativ enerji mənbələrindən istifadə həm iqtisadi, həm də
ekoloji cəhətdən sərfəlidir: «Alternativ mənbələrdən enerji alınması
ekologiyaya ziyan vurmur. Bu gün Avropanın əksər şəhərlərində
mənzilərin qızdırılmasında bu enerjidən istifadə edilir. Ölkəmizin iqlim
şəraiti isə imkan verir ki, əksər rayonlarda alternativ enerji
mənbələrindən istifadə olunsun. Müasir texnologiyalardan istifadə ilə
alınan külək və günəş enerjisi ənənəvi enerji növlərindən daha
rentabellidir».
Ucqar kəndlərin hər biri bioqaz vasitəsilə istiliklə təmin oluna bilər
Bu gün ucqar bölgələrimizin təbii qaz verilməyən hər bir kəndi
bioqaz vasitəsilə istiliklə təmin oluna bilər. Üzvi tullantıların
bakteriyalar vasitəsilə çürüdülməsindən alınan bioqazın tərkibi təbii
qaza yaxın olub, metandan və karbon qazından ibarətdir. Bu üsulla
yanacaq əldə edilməsinin üstülüyü müxtəlif məişət, kənd təsərrüfatı və
yeyinti sənayesi tullantılarından istifadə edilməsidir. Həmin
tullantıların adi çürüməsi zamanı ayrılan zərərli qazlar havaya
qarışmır. Bu isə qlobal istiləşmə ilə mübarizənin ən yaxşı üsullarından
biridir. Emaldan sonra isə tullantılar gübrə kimi istifadə olunaraq
kimyəvi gübrələrin tətbiqini və qrunt sularla çirklənməni azaldır.
Bu gün Qərbi Avropada fermaların yarıdan çoxu bioqazla qızdırılır.
Bioqazın payı Danimarkanın ümumi enerji balansında 18, İsveçrədə 10 faiz
təşkil edir. Çin, Hindistan, Nepal, Vyetnam kimi ölkələrdə isə məişət
üçün nəzərdə tutulan kiçik bioqaz qurğularından geniş istifadə edilir.
Çində istifadə edilən 18 milyon belə qurğu vastəsilə 60 milyon insan
yanacaqla təmin edilir.
Ekspert Fəqan Əliyev də Azərbaycanda
bioqazdan istifadəni əlverişli sayır: «Sadəcə Azərbaycan vətəndaşları bu
barədə o qədər də məlumatlı deyil. Halbuki Azərbaycan kəndlərinin əksər
sakinləri bioqaz ala bilər. Hazırda bir ailəni istiliklə təmin etmək
üçün lazım olan bioqaz qurğusunu quraşdırmağın ən bahası 2000 manata
başa gəlir. Bu isə bir ailənin iki il enerji üçün işlətdiyi vəsaitdir və
bu pulu xərcləməklə uzun illər istilik almaq olar. Bu ekoloji cəhətdən
də səmərəli olsa da, cəmi 8 rayonda az sayda bioqaz qurğusundan isifadə
edilir. Bu sahənin inkişafı üçün Azərbaycanın ucqar bölgələrində
alternativ enerji almaq istəyən vətəndaşlara faizsiz kreditlər
verilməlidir».
Yaxın 10 il ərzində Azərbaycanda elektrik enerjisinin 20 faizi alternativ mənbələrdən alınacaq
Azərbaycanda da son illərdə ekoloji problemlərin həllinə, ətraf mühitin
qorunmasına və alternativ enerji mənbələrindən istifadəyə daha çox
diqqət yetirilir. Azərbaycanda alternativ enerji mənbələrindən istifadə
olunması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident
İlham Əliyevin Sərəncamı bu istiqamətdə atılan ən mühim addım kimi
dəyərləndirilir.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyinin direktoru Akim Bədəlovun sözlərinə görə,
respublikada külək, günəş, kiçik çaylar və geoterminal sistemlərdən
enerji alınma imkanları artıq öyrənilib: «Agentlik tərəfindən Qobustanda
poliqon qurulub və günəş, külək enerjisi alınır. Yaxın gələcəkdə bu
imkan genişləndirilərək Qobustanın enerji təlabatı tam ödəniləcək.
Ölkəmizdə təxminən 800 MVts həcmində günəş, elə o qədər də günəş
enerjisi almaq mümkündür. 2020-ci ilədək 2500 MVts həcmində alternativ
mənbələrdən enerji almağı düşünürük. Ölkəmizdə alternativ enerji
mənbələrinin potensialını öyrənmək üçün 27 müşahidə və informasiya
yığımı stansiyası qurulacaq ki, artıq onlardan 3-ü istifadəyə verilib.
Həmçinin, özəl sektor da alternativ enerji alınması işinə cəlb edilib.
Alternativ mənbələrdən istifadə isə enerji itkisinin qarşısını almaqla
bərabər qeyri-monopol bir sistem yaranacaq».
S.Xəlilov da hesab
edir ki, bu işlərin görülməsində tələskənliyə yol vermək olmaz:
«Azərbaycan neft və qaz ölkəsidir və bu resurslardan istifadə olunur.
Alternativ mənbələrdən enerji alınması üçün isə kiçik layihələr icra
edilməklə təcrübə toplanılır. Bunun üçün tələb olunan avadanlıqlar
ucuzlaşdıqca alternativ enerji alınmasına başlanılacaq. Hazırda
alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə qlobal
istiləşmənin qarşısının alınmasına könüllü şəkildə öz töhfəmizi veririk.
Azərbaycanın bu addmı beynəlxalq təşkilatlar tərəfindən də müsbət
qarşılanır».
Enerji ehtiyacını daxili mənbələr hesabına ödəyən
Azərbaycan bu gün Avropa dövlətlərinin enerji təminatçısı kimi də
tanınır. Buna baxmayaraq alternativ enerji alınması üçün başlıca mənbə
sayılan günəş, külək, su və biokütlə ilə bağlı imkanlardan daha
səmərəli istifadə olunmalıdır. Xüsusən, bölgələrdə mövcud olan potensial
hesabına maksimum etibarlı alternativ enerji mənbələri yaratmaq
mümkündür. Amma bu sahənin daha geniş inkişafı üçün vergi və gömrük
rüsumları ilə bağlı güzəşt tətbiq edilməli, özəl sektorun bu sahəyə cəlb
edilməsi üçün taariflər müəyyənləşdirilməlidir.
![]()