Su ehtiyatları və onlardan səmərəli istifadənin təbliği
İnsanın canlı varlıq kimi layiqli həyat sürməsində, cəmiyyətin formalaşmasında və inkişafında həmişə mühüm rol oynayan ətraf təbii mühitin qorunması məsələsi bu gün daha da aktualdır. Çünki onun çirklənməsi və pozulması böyük fəsadlar yaradır, bəşər övladının uzun, layiqli və yaradıcı həyat sürmək imkanlarını məhdudlaşdırır, biomüxtəlifliyin qorunmasını və təbii ehtiyatlardan səmərəli istifadəsini əngəlləyir. Nəticədə insanların həyatı, ərzaq və ekoloji təhlükəsizlik üçün risklər yaranır.
Nur tufanı ətraf mühitin məsuliyyətlə idarə edilməsinə çağırışın gözəl nümunəsidir. Bu hadisə həm də ekoloji mədəniyyətin ümumbəşəri əhəmiyyət daşıdığını nümayiş etdirir. Müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə məxsus olan insanlar bu məlumatı qoruyaraq nəsildən-nəsilə ötürüblər. Bir nəslin demoqrafik və sosial baxımdan 25 il təşkil etməsi nəzərə alınsa, aydın olar ki, hadisənin mövcud olduğu 5 min və ya daha çox illər ərzində həmin tufanla ən azı 200 nəsil tanış olub. Təəssüf ki, son 8-10 nəslin ətraf təbii mühitə dağıdıcı müdaxiləsi bütün nəsillərin vurduğu zərbədən daha çoxdur. Artıq insanın meymundan əmələ gəldiyini iddia edən Ç.Darvinin "Biz təbiəti dəyişdirəcəyik və ondan istədiyimizi alacağıq" arzusu yerinə yetirilməkdədir. Bunu dünyadakı qlobal iqlim dəyişikliyi, biomüxtəlifliyin sürətlə azalması, su mənbələrinin çirkləndirilməsi, təbii fəlakətlərin adi hala çevrilməsi və s. qlobal faciələrin baş vermə tezliyinin artması da sübut edir.
Ətraf mühitə müasir baxış: bir mühit - müxtəlif kompanentlər
1990-ci ildə Nabel mükafatı laureatı olan 49 alim bəyan etdi ki, "qlobal istiləşmə XXI yüzilliyin ən ciddi ekoloji təhlükəsidir. Biz gələcək nəsillərin bu təhlükə ilə üzləşməyəcəklərinə əmin olmaq üçün indidən ölçü götürməliyik". Lakin insanın maraqlı və təzadlı xarakteri onu XXI əsrin əvvəlinə kimi gözləmə prinsipilə yaşatdı. Artıq XXI əsrin əvvəlində dünyanın əksər ölkələrinin rəhbərləri əmin oldular ki, ekologiya sahəsindəki problemlər "məndən yan geçdi" prinsipilə yox, qloballaşdırmanı reallaşdıran qarşılıqlı əməkdaşlıqla mümkündür.
Ətraf mühitin bugünki vəziyyəti yeni terminlərin yaradılmasına da səbəb olub. "Ətraf mühit" termini jurnal listlər və onların auditoriyası tərəfindən "təbii ətraf mühit" kimi, yəni canlı aləm və onu əhatə edən mühit kimi başa düşülür. Hal-hazırda yaşadığımız, iqlim dəyişmələrindən və digər ekoloji fəsadlardan əziyyət çəkən və bu baxımdan mühafizəyə ehtiyac duyan mühit vahiddir. Bu mühit təbii, iqtisadi, sosial və onları idarə edən siyasi kompanentlərdən ibarətdir. Burada təbii ətraf mühitin azacıq pisləşməsi digər mühitlərin qeyri - sabitliyinə zəmin yaradır.
Ekologiyanın əsas elementlərindən biri-içməli su
İçməli su ətraf təbii mühit haqqında elmin - ekologiyanın ən mühüm sahəsidir. İçməli su Rəbbimizin insanlara bəxş etdiyi müstəsna nemətlərdən biridir. Təəssüf ki, bu nemət ilbəil tükənmək üzrədir. Bu tendensiyanın qarşısını almaq üçün yeraltı sulardan içmək və məişətdə işlətmək üçün istifadə olunmalıdır. Ümumiyyətlə, bu gün su da daxil olmaqla təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün həm də güclü ictimai nəzarətə ehtiyac var. Bu nəzarətin təmin olunmasında isə Kütləvi informasiya vasitələrinin rolu danılmazdır.
İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur. Araşdırmalara görə, Azərbaycanın yerüstü su ehtiyatı orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə bu göstərici 23 mlrd. kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr su ehtiyatı var. Respublikada istismarda olan yeraltı suların 70-75%-i suvarma üçün istifadə edilir. Azərbaycan ərazisinin hər km 2-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatlarına görə, Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd. m 3) 62%-i Gürcüstan, 28%-i Ermənistan, yalnız 10%-i Azərbaycanın payına düşür. Göründüyü kimi, Azərbaycanda su ehtiyatının məhdud olması bu ehtiyatlardan səmərəli istifadəni, suyun bərabər bölgüsünü su mənbələrinin çirklənmədən etibarlı mühafizəsini və digər tədbirləri arxivacib edir.
Ölkədə su çatışmazlığı mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də izah edilir. Bakının su təsərrüfatı, infrastrukturu 1,3-1,7 mln. insan üçün nəzərdə tutulsa da, hazırda paytaxtda yaşayanların sayı 2 dəfə artıb. Su çatışmazlığının digər səbəbi isə su anbarlarının az olmasıdır. Rəsmi məlumatlara görə, Bakı və Sumqayıt şəhərlərinin yeraltı su kəmərləri sistemi köhnə olduğu üçün, bura daxil olan suyun yarısı tam itkiyə gedir. Bundan başqa, təəssüf ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və bir sıra iri şəhər və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur. İçməli suyun rasional və təlabata görə ədalətli bölünməsi də bu sahədəki çatışmazlıqdan biridir. Məsələn, bu gün Abşerona 30 kub metr/saniyə içməli su gəlir ki, bundan da 20 kub metr/saniyəsi Bakı şəhərinin payına düşür. Digər problem hazırda Abşeronun içməli su ehtiyat mənbələrinin çox sürətlə çirklənməsidir.
Hazırda Bakı şəhərinin içməli su təlabatının 55-60%-i Ceyranbatan anbar vasitəsilə həyata keçirilir. Yaxın vaxtlarda yeni anbarın istifadəyə verilməsilə paytaxtın su ilə təmini xeyli artacaq. Paytaxtın içməli suya olan təlabatını tam ödəmək üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin tam istismarı Bakının su problemini tam həll edəcək.
Mütəxəssislər nə deyir...
AMEA Geologiya İnstitutunun Hidreologiya və Mühəndisgeologiya şöbəsinin rəhbəri Yusif İsrafilovun fikrincə, yeraltı su yataqları səmərəli istifadə edildikdə uzun illər boyu mövcud ola bilir. Bundan səmərəli və düzgün istifadə edilmədikdə suyun parametrləri və tərkibi dəyişir. U.İsrafilovun sözlərinə görə, bu gün yeraltı sular antropogen (insanın fəaliyyəti nəticəsində meydana çıxan ətraf təbii mühitə, o cümlədən biomüxtəlifliyə, ekoloji amillərə olan təsirlər - V.C) təsirlərə məruz qalır. Bu da içməli suyun tərkibinin dəyişməsinə səbəb olur. Hazırda ölkə ərazisində məişət - tullantı suların təmizlənməsi məqsədilə 25 ədəd mexaniki, kimyəvi və bioloji təmizləyici qurğu fəaliyyət göstərir. Lakin bu qurğuların gücünün formalaşan axınlardan az olması respublikada su hövzələrinin antropogen təsirinə məruz qoyur. Ölkədə əhaliyə verilən içməli suyun təmizlənməsi məqsədilə Almaniyanın aparıcı şirkətlərinin təklif etdiyi müasir texnologiyalar tətbiq edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, 224 min əhalisi olan 12 rayon 122 kəndində içməli su üçün nəzərdə tutulan təmizləyici qurğular - Model Tipli Stansiyaların quraşdırılıb və onların sayı yaxın gələcəkdə 2 dəfə artırılacaq.
Su ehtiyatları və onlardan səmərəli istifadədə Meliorasiya və su təsərrüfatında onların islahatların da mühüm əhəmiyyəti var. Qeyd edək ki, islahatların sürətləndirilməsi və bu sahənin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 1996-2005-ci illərdə islahat proqramı həyata keçirilib. Proqramda meliorasiya və su təsərrüfatı sahəsində aparılan islahatların məqsəd və vəzifələri, prinsipləri və əsas istiqamətləri, obyekt və subyektləri, islahatların ardıcıllığı müəyyənləşdirilib. Respublikanın bazar iqtisadiyyatına keçməsilə əlaqədar aparılan aqrar islahat nəticəsində torpaq üzərində yeni mülkiyyət folrmalarının yaranması su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində münasibətlərin əsaslı sürətdə dəyişməsinə rəvac verib. Ötən illər ərzində bu sahədə normativ - hüquqi baza yaradılmış, meliorativ fondların inventarlaşdırılması tamamlanmış, özəlləşdirmə Proqramına əcacən dövlət mülkiyyətində saxlanılan və su istifadəçilərinin istifadəsinə verilən obyektlər müəyyənləşdirilmişdir. Bu sahədə "Meliorasiya və İrriqasiya haqqında" (1996-cı il), "AR-nin Su Məcəlləsi" (1997-ci il), "Bələdiyyələrin su təsərrüfatı haqqında" (2001-ci il), "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" (2003-cü il), "Meliorasiya və İrriqasiya haqqında" AR-nin Qanununa dəyişiklər və əlavələr edilməsi barədə" (2004-ci il), Prezidentin "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" (2006-cı il), 2010-cu ilin ölkədə ekologiya ili elan olunması və s. qanunlar qəbul edilib, tədbirlər görülür.
Müstəqillik dövründə təbii ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə üzrə əsas kapitala yönəldilmiş investisiyalar, prioritet istiqamətlərdən biri kimi dövlət tərəfindən həmişə maliyyələşdirilib. Əsas kapitala yönəldilmiş investisiya 1995-ci ildə cəmi 5354,7 min manat, o cümlədən su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə 826,6 min manat olubsa, 2008-ci ildə bu kapital müvafiq olaraq 97885,5 və 78830,2 min manata qədər artıb.
Dünyanın ekoloji durumunun kritik həddə çatması həm də su hövzələrinin sənaye tullantıları ilə çirkləndirilməsi səbəbindən baş verir. Bu neqativ fakt Azərbaycana da təsirsiz ötüşməyib. İşğal altındakı doğma torpaqlarda mənfur qonşumuzun fauna və flora aləmini məhv etməsi, Araz çayına sənaye və məişət tullantıarını axıtması, Ermənistandakı "Metsamor" AES-in region üçün radiasiya mənbəyi olması və 5 dövlətin dənizi sayılan Xəzərin ekoloji durumunu da əlavə etsək, Azərbaycanın mövcud olan vahid ekoloji konsepsiyasının felən yerinə yetirilməsinin alternativsiz olduğunu görərik.
Təbiəti qorumağa məhkumuq
İqlim dəyişmələrinin qarşısının alnması və ekoloji stabilliyin təmin edilməsində ekoloji maariflənmənin xüsusi rolu vardır. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu ilə hər il ekologiya günü - 5 iyun ərəfəsində həmin mövzuda yazan qalib jurnalistləri aşkar etməsini xüsusilə vurğulamaq lazımdır. Ekoloji maariflənmə və təbliğə yönələn tədbirlər içərisində YUNESKO-nun dəstəyilə 2010-cu ilin 17-19 dekabrında Bakıda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2010-2011-ci illərdə keçirdiyi 6 aylıq təlim-seminar həm jurnalistlərin, həm də ictimaiyyətin ekoloji maariflənməsinə xidmət edir. Ümumiyyətlə, ölkədə su ehtiyatları və onlardan səmərəli istifadə sahəsində görülən bütün işlər AR Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsidir.
Bəşərin xoşbəxt yaşamasının nəzəri əsaslarını özündə ehtiva edən İslam dini, dünyəvi elmlərin inkişafı və yeni-yeni kəşvlərlə planetin insan tərəfindən yaxşılaşdırılmasını təqdir edir. Kainatı açıq bir kitab kimi qəbul edən İslam, həm də planetdəki hər bir canlının yaşamaq, nəsil artırmaq haqqını tanıyır. Deməli, insan-təbiət münasibətlərində 2-cinin verimliliyi 1-cinin ona olan münasibətindən asılıdır. Alternativi yoxdur. Çünki biz ilk anamız olan Yer kürəsində yaşamağa məhkum olduğumuz kimi, onu qorumağa da məhkumuq.
Yazı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim olunur.
![]()