Meşə fondunun mühafizəsinin təbliği və yeni yaşıllıqların salınmasında ictimaiyyətin rolu
Sağlam olamaq istəyirsən, təbiəti qoru!
Atalarımızın belə bir misalı var, "Özünə hörmət qoymayan, başqalarına da hörmət qoymaz". Bugünkü yazım təbiətimizin, əsasəndə meşələrimizin qorunmasında icimaiyyətin rolu ilə bağlı olduğundan, bu misalı bir qədər fərqli formada qeyd etmək istəyirəm.
Öz sağlamlığına biganə olan, Allahtəalanın bizə bəxş etdiyi təbii sərvətlərin qədrini bilməyən, meşələrimizi insafsızcasına talayan, viran qoyan insan özünəqəst etdiyinin fərqində olmaz. Burada həmçini ümummilli lidierimiz, mərhum prezident Heydər Əliyevin, "Hər bir ağacı kəsən, elə bil mənim qollarımı kəsir" müdrik ifadəsini xatırlamamaq mümkün deyil. Bütün Azərbaycanı, Azərbaycan xalqını ürəkdən sevən ulu öndər, həm də təbiətimizin vurğunu idi. Meşələrimizin qorunması, yaşıllıqların salınması, təbiətimizin daha da gözəlləşdirilməsi üçün hər zaman əlindən gələn xidməti göstərmişdi və bu işdə ictimaiyyətin rolunu vəzifəsin, eləcə də məsuliyyətin müdrikcəsinə bir tələb olaraq ortaya qoymuşdu.
Azərbaycan adlı məmləkətimizə rəhbərlik etdiyi illərdə ölkəmizdə 100 minlərlə hektar yeni meşələrin salınması, köhnə meşələrin bərpa olunması da, məhz Heydər Əliyevin təşəbbüsü və ölkə ictimaiyyətinin dəstəyi ilə həyata keçirilmişdi. Azərbaycan KP MK-nın başçısı olduğu illərdə ölkəmizdə keçirilən bütün ictimai tədbir iştirakçılarının Bakı ətrafında ağacəkmə kampaniyalarına cəlb olunması da, Heydər Əliyevin təşəbbüsü, həm də tələbi idi. Çox yaxşı yadımdadır ki, o dövürdə hətta ölkəmizə gələn mötəbər qonaqlar belə, ulu öndərin təşəbbüsü ilə Şıx ərazisində, "Dostluq parkı" adlanan sahədə ağacəkmə kampaniyasına cəlb olunardılar.
Ağacəkmə, meşəsalma kampaniyaları indi də həyata keçirilir. Fəqət, indi bu işi yalnız Ekologiyi və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Ölkə ictimaiyyəti sanki bu işdən kənarlaşdırılıb. Mən bu yazımda statistik məlumatlara istinad edirək, son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü işlər barədə uzun-uzadı rəqəmlər sıralaya bilərdim. Ancaq buna nə lüzüm var? O işlər ki görülüb, onlar artıq göz qabağındadır və bu, ancaq hökumətimizin, dövlət başçımız cənab İlham Əliyevin və Ekologiya və Təbii Sərvəilər Nazirliyini xidmətidir. Gəlin özümüzə sual verək, bu illər ərzində bir ölkə vətəndaşı olaraq, ictimaiyyət nümayəndəsi olarq biz təbiətimizin qorunması, mühafizə olunması üçün nə kimi işlər görmüşük?
İnandırım sizi ki, heç birimiz bu suala müsbət cavab verə bilmərik. Biz elə bil vətəndaş olaraq bu proseslərdən kənar düşmüşük. Elə bil meşələrin mühafizəsinin, qorunmasının cəmiyyətimizə heç bir aidiyyatı yoxdur, bu yalnız hökumətimizin və Ekologiya və Təbii Sərvətləri Nazirliyini işidir. Sadə vətəndaşlar, öz yaşam şəraitini yaxşılaşdırmaq istəyənlər, yeni obyektlər inşa edən sahibkarlar, biznesmenlər, məmurlar isə sanki təbiətimizə, meşələrə, yaşıllıqlar qənim kəsiliblər. Müstəqillik əldə etiyimiz vaxtdan Bakı şəhərində bəlkə də milyonlarla ağac kəsilib. Hökumətimizin və Ekologiya və Təbii Sərvtlər Nazirliyinin bu vandalizmə qarşı ciddi mübarizədən sonra bu tendensiya bir qədər səngisə də, prosesin tamamiylə dayandığını demək çətindir. Ekalogiyi və Təbii Sərvtlər nazirliyi, eləcə də digər aidiyyəti qurumlar, belə faktları aşkarlayaraq, cərimələr tətbiq etsələr də, bu cür hallar hələ də davam edir. Mənə belə gəlir ki, bu vandalları cərimə etməklə yanaşı, həm də, hər kəsilən ağaca görə, 100 ağac əkib becərməyə məcbur etmək lazımdır.
Onda ağacların qədrini bilərlər. Bu işdə isə əsas rolu ictimaiyyət oynalmalıdır. Bakıda baş verənlər göz qabağındadır. Və Bakıda baş verinlərin qarşısını alimaq da, bir qədər asandır. Lakin bölgələr gözdən-qulaqdan uzaq olduğu üçün burada vəziyyət daha acınacaqlıdır. Bəziləri bunu həmin yerlərdə insanlarımızın odundan yanacaq kimi istifadə etmək məcburiyyətində qalmaları ilə əlaqələndirməyə çalışırlar. Buna etirazım yox, mən demirəm ki, qışın soyuğunda insanlarımızı odunsuz, istisiz qoyaq. Ancaq qırılan ağacların yerinə yeniləri əkilməlidir. Bunu da etmirlər, bəs buna sözünün nədir? O da danılmaz faktdır ki, bölgələrimizə insanlar daha possivdirlər və hər hənsı bir insanı ictimai qınağa çəkmək o qədərdə asan məsələ deyil. Bununla belə, mehələrimizin qorunmasında, müşafizəsində ictimaiyyət, aidiyyəti qurumlara yaxından kömək edə bilirlər və bu onların vətəndaşlıq borcudur.
Heç birimizə sirr deyil ki, meşələrimizin bol olduğu Lənkəran, Lerik,Yardımlı, Quba, Xaçmaz, Qusar, eləcə də Şəki, Qax, Zaqatala, Balakən bölgələrində çox geniş miqyasada ağac brokonyerliyi yayılıb. İctimaiyyət isə sanki bunları görmür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də hüquq-mühafizə orqanları bu bəlaya qarşı ciddi mübarizə aparsalar da, problem bu gün də qalmaqdadır. Bu da bizim hər birimizin meşələrin qorunmasına və mühafizəsinə biganəliyimizdən, possivliyimizdən irəli gəlir.
Sizə uşaqlıqdan tanıdığım, doğulub, boya-başa çatdığım bir bölgə haqqında danışmaq istəyirəm. Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi Deportamenti bu bölgəni hansı dolaylara aid etdiyini dəqiq bilmirəm. Ona görə də, həmin meşə ərazilərində yerləşən kəndlərin adlarından istifadə edəcəyəm. Qaracay və Katex çaylarının arasında yerləşən Maqov kəndi və sovet dönəmində həmin sovetliyə daxil olan Paşan, Yolayrıc, Höytala, daha aşağıda isə Alazan çayına qədər uzanan yolun kənarənda yerləşən Fındıq sovxozu, Danaçı və Aşağı Çardaqlar kəndlərin ətrafı təxminən 40-50 il əvvəl keçilməz meşələrlə əhatə olunmuşdu. Valideyinlər hətta yetkinlik yaşına çatan uşaqlarını meşəyə tək buraxmazdılar. Uşaqlar meşədə aza, vəhşi heyvanlara tuş gələ bilirdilir.
Zaqataladan bizim kəndimizə qədr olan 20-23 km məsafə qalın meşələrdən ibirət idi. İndi bizim kənddən baxanda Zaqatalanın sayrışan işıqları görünür. Həmin meşələr bol yabanı məhsulları ilə hər tərəfdə məşhur idi. Hələ 10-12 yaşlarında olan uşaqlar bu meşələrdən yığdıqları meyvələrlə xeyli vəsait əldə edirdilər.
Kəndlərdə "Zaqadkontora" deyilən meşə nemətlərin alan məntəqələr fəaliyyət göstərirdi. Kəndimizin uşaqları bu meşələrdən yığdıqları moruğu, qozu, fındığı, zoğalı, cır almanı və s. meyvələri həmin məntəqəlrə satmaqla, həm də bir növ ailələrinə yardım edirdilər. Bu meşələrin qorunmasına, mühafizəsinə də, nəinki hökumət strukturları, eləç kənd camaatı ciddi nəzarət edirdi. Meyvələri ağacların budaqlarını qırmaqla yığan uşaqlar ciddi tənbeh olunurdu. Bu həqiqətən də, ictimaiyyətin meşələrin mühafizəsinə könüllü nəzarəti idi.
Bu da maraqlı haldır ki, həmin meşələrdə hər birimizin çox yaxşı tanıdığı onlarla bulaq var idi ki, hətta şəhərdən gələn qonaqları həmin bulaqların başına aparıb, təbiətin qoynunda kababa qonaq edirdilər. Fəqət və çox təəssüf ki, bunların hamısı çoxdan olub. Bu gün isə insan bu meşələrin durumunu görəndə, deməyə söz belə tapmır. Hanı bəs o meşlər, nə oldu o bulaqlara? Ağsaqqallarımız deyərdi ki, meşələr bulaqları, bulaqlar da meşələri qoruyar. Bəs niyə insanlarımız bunların hamısını qoruya bilmədilər? Meşələr vandalcasına qırılır, bulaqlar quruyur, bu səbəbdən də bir vaxtlar bol suyu olan çaylar da kiçik arxlara bənzəyir. Meşələrə münasibət bu cür davam edərsə, heç zaman sudan korluq çəkməyən bu kəndlərdə su üzünə həsrəit qalacaqlar. Bir zamanlar ağacın bir budağını qırdığına gör uşaqlarını tənbnh edən valideyilər, ictimaiyyət kənd ağsaqqalları bəs hara baxır?
Onu da qeyd edim ki, bu kəndlərdə təbii qaz heç zaman olmayıb, nə sovet dönəmində, nə də indi. Meşələrin bu cür qırılmasına əsas səbəb də elə budur. Son zamanlar aldığım məlumata görə, hökumətimiz bu problemin aradan qaldırılması üçün işlər görür və yaxın zamanlarda bu kəndlərin də qazlaşdırılması gözlənilir.
Zaqatala-Danaçı yolunun üstündə, Maqov kəndinə çatmamış, "Balıqçılıq birliyi"adlanan ərazidə bir akasiya meşəliyi var. Bu akasiya meşəliyini görəndə, mən də istər-istəməz qürür hissi keçirirəm, çünki bu meşəliyin salınmasınada, hələ orta məktəblə oxuduğum zaman mənim də əməyim olub. O zaman məktəblər də ağacəkmə kampaniyalarında yaxından iştirak edirdilər və şagirdlərə meşələrin qorunmasının vacibliyi barədə, elə təbiətin qoynundaca, dərs keçirilirdi. Deyəsən, son zamanlar bu cür təşəbbüslərdə bulunanar da yoxdur. Hər kəs ancaq özünü və bu gününü düşünür.
Meşələr vandalcasına qırılır, gələcəyi, gələcək nəsilləri heç kim düşünmür. Yuxarıda qeyd etdiyim qoz, fındıq, zoğal, moruq, cır alma ilə bol olan meşələrdən əsər-əlamət qalmayıb. Bu gün həmin ərazilərdə nəinki tonlarla, heç bir ovuc da yuxarıda qeyd etdiyim meyvələrdən tapa bilməzsən. Vaxtı ilə sıx meşələrlə, gur çaylarla bol olan bu ərziləri ancaq ürəkağrısı ilə seyr etmək mümkündür. Həmkəndlilərimlə hər zaman bu barədə uzun-uzadı mübahisələrimiz olur. Onlar öz arqumentlərin sübut etməyə çalışırlar. Onları qınamaq fikrindən də çox uzağam, çünki qaz və digər yanacağın olmadığı yerlərdə onlar odundan istifadə etmək məcburiyyətindədirlər. Bütün bunlara baxmayaraq, meşələrə göstərdikləri münasibətə görə onları bağışlamaq fikrim də yoxdur. Hər ağac kəsən ən azından 10 ağac əkib qulluq etməlidir ki, gələcəkdə səhralaşmış ərazilərdə yaşamaq məcburiyyətində qalmasınlar. Buna da təkcə hökumətimiz yox, həm də yuxarıda qeyd etdiyim "könüllü ictimai nəzarət" həyata keçirməlidir.
Bu da heç kimə sirr deyil ki, meşələr kainatımızın ağ ciyərləri hesab olunur. Bu ciyərlərimizi qorumasıq, özümüzü ölümə məhkum etmiş olarıq. Bu gün məmləkətimizdə heç həkimlərin özlərin də mənşəyini müəyyən edə bilmədikləri xəstəliklərin yayılması adi hala çevrilib. Ancaq heç kim fərqində deyil ki, bu bizim təbiətə vurduğumuz zərbənin əks-sədasıdır.
İl uzunu cəmiyyətin müxtəlif sahələrində çalışan insanlar, heç olmasa ilin bir ayını təbiətin qoynunda istirahətələ, itirdikləri enerjini kompensasiya etmək istəyirlər. Eyni zamanda meşələri qırır, buna görə heç bir məsuliyyət hiss etmirlər. Bu təzadın aradan qaldırılması isə təkcə hökumətin və Ekologiya və Təbii Sərvətlər Nazirliyini işi deyil. Əgər biz öz sağlamlığımızı, gələcək nəsillərin sağlamlığını qorumaq istəyiriksə, meşələrə, çaylara, bulaqlara, ümumiyyətlə ölkəmizin ekologiyisına olan biganə münasibətimizi dəyişməliyik. Onun qorunması və mühafizəsi üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Əks təqdirdə, qazandığımız gələcək nəsillərin qarğışı olacaq.
Yazı "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün" çap olunub.
![]()