Əhmədova Əminə

"SU EHTİYATLARI VƏ ONDAN SƏMƏRƏLİ İSTİFADƏNİN TƏBLİĞİ"

SU HƏYAT MƏNBƏYİDİR

Təbiətdə 1 milyon 500 min növ canlı aləm mövcuddur. Bu canlı aləmin içrərisində insan yeganə varlıqdır ki, planetin hər yerində yaşayır. Dünyanın əşrəfi sayılan insan qurur, yaradır, təbiəti ram edir. Amma bütün bunları ekoloji qanunlardan asılı deyilmiş kimi edir. Əslində isə kosmik gəmilərlə Aya qədəm basan, səksən dərəcəli Antarktidada yaşayan insan heç vaxt öz ekoloji "taxtını" tərk etmir. Çünki onun həyatı, yaşamağı üçün zəruri sayılan hava, su, ərzaq və s. heç nə ilə əvəz olunmur.

Ötən əsrin 30-cu illərinə kimi təbiətin vəziyyəti ciddi narahatlıq yaratmırdı. Bununla belə, iki əsr öncə vüsət alan elmi-texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər öz mənfi nəticələrini büruzə verməyə başlamışdı. İkinci dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə qarşı münasibət ilbəil kəskinləşdiyindən ekologiya tamamilə, yeni, inkişafı zərurətə çevrilən elm sahəsi oldu. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, dünya ictimaiyyətinin tərəqqipərvər qüvvələri məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdılar.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il iyunun 5-də Stokholm şəhərində keçirilən toplantısında bu məsələ ciddi şəkildə müzakirə olunaraq, problemin kəskinliyi, əhali arasında ekoloji şüurun yüksəldilməsi, ətraf mühitin problemlərinə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq iyunun 5-nin Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilmişdir. 1973-cü ildən etibarən həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.

Ətraf mühit dedikdə insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu başa düşülür. İnsanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, enerji mənbələrinin və suyun mühafizəsi, qorunub saxlanması olduqca əhəmiyyətlidir.

Ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, iqtisadiyyatımızın sürətlə inkişaf etdirilməsində və xalqımızın rifahının yüksəldilməsində danılmaz rolu olan ümummilli lider Heydər Əlyiev ətraf mühitin mühafizəsi problemlərini də həmişə diqqət mərkəzində saxlamışdır. Məhz ulu öndərin 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə ətraf mühitin mühafizəsi sahəsində mühüm qərarlar, sərəncamlar qəbul edilmiş, institusional dəyişikliklər baş vermişdir.

Ulu öndər "Yer üzündəki təbii sərvətlər, təbiət İlahi tərəfindən yaradılıbdır. Ancaq torpağın, yerin, kürreyi-ərzin üzərində yüz illərlə, min illərlə qurulanlar insanların zəhməti, iradəsi, zəkası və əlləri ilə yaradılıbdır" sözləri ilə təbiətin əşrəfi insana böyük dəyər verməklə yanaşı onun üzərinə məsuliyyət də qoyur. Bu məsuliyyət hissi insandan təbiətə aldıqlarının müqabilində qayğı göstərməyi tələb edir. Çünki nadan münasibətdən, israfçılıqdan təbiət bərbad günə düşür, tükənməz saydıqlarımız məhvə doğru gedir. Məsələn, dünyanın böyük bir hissəsi sudan ibarətdir. Amma hamımızmı bilirik indi yer üzündə nə qədər insan su təşnəsidir?

BƏŞƏRİYYƏTİN SU FƏLAKƏTİ

2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin "Su çatışmazlığı probleminin həll olunması" məsələsinə xüsusi diqqət yetirilən bir müraciətində "Su çatışmazlığı fiziki, iqtisadi və təşkilati səbəblərdən zaman və məkana görə dəyişə bilər. Bu gün 43 ölkədə təxminən 700 milyon insan su çatışmazlığından əziyyət çəkir və 2025-ci ilə kimi bu göstərici 3 milyarda qədər yüksələ bilər" xəbərdarlığı yer alırdı. Baş katib hesab edirdi ki, dünyada su ilə bağlı vəziyyət qeyri-stabil olaraq qalır və su ehtiyatlarının idarə edilməsində inteqrasiya olunmuş və davamlı yanaşmaya həmişə olduğu kimi ciddi ehtiyac duyulur. Əhalinin yüksək artım templəri, istehlakın qeyri-ciddi paylanması, qeyri-effektiv idarəetmə, ətraf mühitin çirkləndirilməsi, infrastruktura uyğun investisiyanın qoyulmaması və suyun qeyri-səmərəli istifadəsi nəticəsində mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir.

Müraciətin sonunda 2005-2015-ci illər "Həyat üçün su onilliyi" elan olunur və Birləşmiş Millətlər Təşkilatı sistemi, o cümlədən bütün maraqlı tərəflər möhkəm əməkdaşlıq əlaqələri qurmağa, daha mütəşəkkil addımlar atmağa çağırılır.

ÖLKƏMİZİN SU EHTİYATLARI

Azərbaycanda Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay vardır ki, onların da çoxunun(7860) uzunluğu 10 kilometrdən azdır.

Cənubi Qafqazın, o cümlədən də Azərbaycanın əsas su arteriyası Kür çayıdır. Böyüklüyünə və sululuğuna görə respublikanın ikinci çayı Arazdır. Respublikanın daxili suları ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmış və onların axımının əsas hissəsi yaz dövrünə düşür. Çayların əksəriyyətinin axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur və bu sular dənizə axır. İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur.

Respublikamız arid quraq zonada yerləşdiyindən onun su eh2tiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,2 mlrd.kbm təşkil edir və quraqlıq illərdə 22,6 mlrd.kbm-ə qədər azalır. Yeraltı su ehtiyatları 5,2 mlrd.kbm-dir. Respublikada orta illik su çatışmazlığı 4,5-5 mlrd.kbm arasında dəyişir.

Daxili suların əsas sərfi yaz dövrünə düşdüyündən və əksəriyyətinin axımı tənzimlənmədiyindən sel və daşqın sularından tam istifadə etmək mümkün olmur. Sellər və daşqınlar hər il ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur.

Qlobal iqlim dəyişilmələri ilə əlaqədar dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan uzunsürən quraqlıqlar və son 2-3 ildə çaylarda baş verən sel və daşqınlar ölkənin iqtisadiyyatına və əhaliyə xeyli zərər vurmuşdur.

Erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxu işğal altındadır. Odur ki, həmin ərazilərdəki sulardan istifadənin mümkünsüzlüyü su qıtlığı sahəsində respublikada yaranmış gərginliyi dərinləşdirir.

Mövcud vəziyyət ölkə başçısının daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev cənablarının Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin yaradılması ilə bağlı imzaladığı 2006-cı il 19 aprel tarixli fərmanı fikrimizin təsdiqidir.

YEVLAXDA SU PROBLEMİ YAŞANMIR

Yevlaxın daxilində formalaşan heç bir çay mənbəyinə rast gəlinməsə də, ərazidən respublikanın ən böyük çayı olan Kür və ona tökülən bir neçə çay keçir.

Yevlax rayonu daxilində Kürün uzunluğu 48 km-dir. Əlicançay Kürün sol, Kürəkçay, İncəçay sağ qollarıdır. Bundan başqa, Korçay və Gorançay çayları da vardır ki, onlar da Kürəkçayın sağ və sol qollarıdır.

Yevlax rayonu ərazisində şəhər və kənd yaşayış məntəqələrində içməli suya olan tələbatın ödənilməsinin əksər hissəsi artezian sularının hesabınadır.

Bir vaxtlar Yevlaxın bəzi kəndlərində kəhriz sularından içməli su kimi və suvarmada geniş istifadə olunardı. Rayonun Malbinəsi, Kövər, Qaraməmmədli və digər kəndlərində itib-batmaqda olan kəhriz izlərinə indi də rast gəlmək olar.

Rayonun, xüsusən də Xaldan ətrafı kəndlərinin əhalisi uzun illər içməli su sarıdan əziyyət çəkmişlər. Amma artıq Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən quraşdırılmış sutəmizləyici qurğuların sayəsində rayonun 17 yaşayış məntəqəsində insanlar ekoloji cəhətdən təmiz sudan istifadə edirlər. Gülövşə, Quşçu, Ərəş, Bəydilli, Yenicə, Aşağı Salamabad, Yuxarı Salamabad, Xaldan I, Xaldan II, Əcəmi, Qaraoğlan, Aşağı Bucaq, Yuxarı Bucaq, Aran, Duzdaq, Əkşəm, Xanabad kəndlərində quraşdırılmış sutəmizləyici qurğuların açılış mərasimlərində Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov da iştirak etdi və bildirdi ki, ölkə başçısı "Ekologiya və ətraf mühitin qorunması üçün göstərdiyi fəaliyyətə görə" Almaniyanın Mixail Zukkov Fondu tərəfindən layiq görüldüyü Ali Mükafatla birgə ona çatacaq 15 min avro məbləğində pulu ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması üçün istiqamətləndirəcəyini bəyan edib: "Cənab Zukkov mükafatla bərabər mənə çek də təqdim etdi. Burada 15 min avro məbləğində pul mükafatı da nəzərdə tutulub. Mən də bu məbləği Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşmasına yönəldirəm".

Və Prezident ona verilmiş mükafatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edərək bu vəsaitin regionlarda ekoloji problemin həllinə yönəlməsini tapşırdı. İstifadəyə verilən sutəmizləyici qurğuların məhz bu vəsait hesabına quraşdırıldığını söyləyən nazir bunu Azərbaycan dövlətinin öz vətəndaşlarına, onların sağlamlığına verdiyi dəyərin ifadəsi kimi qiymətləndirdi. Təqdirəlayiq haldır ki, bir qayda olaraq kənd mərkəzlərində quraşdırılan qurğuların suyu yaşayış yerlərinin ərazisindən, əhalinin sayından asılı olaraq yaradılmış bulaqlar vasitəsilə paylanır. Bu bulaqların sayı ayrı-ayrı kəndlərdə 7, 8, 9, 11, 12, 16, hətta 51-ə qədərdir. Gələcəkdə bu cür sutəmizləyici qurğuların artırılması nəzərdə tutulur. Çünki ölkəmizdə aparılan ekoloji siyasət, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlər nəticə etibarı ilə bunu zəruri edir.

Mərkəzi Aran, o cümlədən Yevlax arid (quraq) rayonlar sırasına daxil olduğu üçün süni sututarların çəkilişinə böyük ehtiyac olmuşdur. Rayon ərazisindən Yuxarı Qarabağ, Yuxarı Şirvan su kanallarının keçməsi əkinçilik üçün böyük əhəmiyyət kəsb edir.

Ümumi uzunluğu 172,4 km olan Yuxarı Qarabağ kanalı respublikada Samur-Abşeron kanalından (182 km) sonra ikinci yeri tutur. Mənbəyini Mingəçevir su anbarından alan Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərini suvarmaqla Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Üstündə 119 hidrotexniki qurğu, 20 nasos stansiyası var. Ümumilikdə 82856 hektar sahəni suvarır. İntensiv suvarma dövründə Araz çayının suyunu artırmaq və Muğan düzündə suvarmada istifadə etmək üçün Yuxarı Qarabağ kanalı vasitəsilə Kür çayından Araza su axıdılır.Yuxarı Qarabağ kanalı vasitəsilə Yevlax rayonunun 23150 hektar əkin sahəsi suvarılır.

Yuxarı Şirvan kanalı Yevlax da daxil olmaqla Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu rayonları ərazisindən keçir və Ağsu çaya tökülür. Ümumi uzunluğu 122 km olmaqla Şirvan düzünü suvarır.

Yevlaxın daxilində uzunluğu 14,5 km, eni 14 m, orta dərinliyi 4,2 metr olan kanal rayonun Xanabad, Ərəş, Ərəbbəsrə, Meyvəli kəndlərindən keçərək 9000 hektar torpaq sahəsini suvarır.

Yuxarı Şirvan kanalı boyunca mühafizə məqsədilə 287 hektar meşə zolağı salınmışdır. Suyundan içməli su kimi də istifadə olunur.

Kür çayının hövzəsində yaradılan-Mingəçevir, Şəmkir və Yenikənd su anbarları sırasında Varvara su anbarı da var.

Varvara su qovşağı Yevlax rayonu ərazisində Varvara kəndində Kür çayı üzərində tikilmiş hidrotexniki qurğu olub məqsədi Kürün gündəlik axımını tənzimləmək və SES-in fəaliyyətini təmin etməkdir.Anbar 1956-cı ildə istifadəyə verilmişdir.

Təbiətdə hər şey elə nizamlanıb ki, "artıqdır" və ya "lazımsızdır", deyib heç nəyə etinasız qalmaq olmaz. Belə davranışlar cavabsız qalmır. Bir aforizmdə çox dəqiq ifadə edilmişdir: təbiətə güllə atsan, o səni top atəşinə tutar. Məsələnin ciddiliyinin orijinal və hər kəs tərəfindən anlaşılan ifadəsi. Təbiətə anamız deyiriksə, onun qayğısına elə övlad kimi qalmalıyıq. Həm də pafos dolu çıxışlarla deyil, əməli işlər və hərəkətlərlə. Su həyatdır, onsuz yaşamağın mümkünsüzlüyünü hər birimiz bilirik. Amma ondan qənaətlə istifadəni də hamılıqla həyata keçirməliyik. 2025-ci ildə su sarıdan əziyyət çəkəcəyi proqnozlaşdırılan 3 milyardın sıralarında olmamaq üçün.

Yazı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün dərc edilir.





Bu yazı 1069 dəfə oxunmuşdur.