Səhralaşan Azərbaycan
Torpaqların eroziyası və səhralaşmanın qarşısının alınması...
Torpaq, bitki örtüyü və su axını arasında təbii bir tarazlıq vardır. Xarici qüvvələrin təsiri ilə bu tarazlığın pozulması nəticəsində torpaq eroziyası baş verir. Dünya təcrübəsi göstərir ki, torpaq eroziyası nəticəsində 2 ml ha-dan çox məhsuldar torpaqlar eroziyaya məruz qalaraq bu və ya digər dərəcədə yararsız torpaqlara çevrilib. Torpaq sahələrinin eroziya prosesi nəticəsində getdikcə azalması, münbitliyinin aşağı düşməsi torpaq ehtiyatlarının qorunmasında kəskin problemə çevrilir. Ölkəmizdə eroziyanın bütün növləri yayılıb...
Son məlumatlara əsasən respublika ərazisinin 3743,5 min hektarı və 43,3 faizi eroziya prosesinə məruz qalıb. Bundan 1524,2 min ha və ya 15,5 faizi isə şiddətli dərəcədə yuyulub. Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun direktoru Seymur Səfərlinin bildirdiyinə görə, institutun apardığı tədqiqatlar onu göstərir ki, Azərbaycanın təbii şəraitinin mürəkkəbliyi və antropogen amillərin gərginliyi nəticəsində eroziya prosesi əmələ gəlib və geniş miqyas alıb. O, respublika ərazisində eroziyanın bütün növlərinin, xüsusilə su, külək, irriqasiya, sürüşmə,otlaq, hərbi və s. inkişaf tapdığını və yayıldığını vurğuladı: "Bundan 3061,7 min ha və ya 81,8 faizi su, 394,3 min ha və ya 10,5 faizi külək və 287,5 min ha və ya 7,7 faizi isə irriqasiya eroziyasına məruz qalıb. Azərbaycanın müxtəlif rayonlarında aparılan tədqiqatların nəticələri göstərir ki, ayrı-ayrı inzibati rayonlarda torpaq eroziyası 15,5 faizdən 93,4 faiz arasında dəyişir. Ən çox eroziya prosesi Naxçıvan MR-in ümumi ərazisinin 392,2 min ha və ya 73,1 faizini təşkil edir ki, bunun da 229,7 min hektarı və ya 42,7 faizi şiddətli dərəcədə eroziyaya uğrayıb. Culfa rayonunun ərazisinin 89,4 min hektarı və ya 90 faizi, Ordubad rayonunun isə 84,7 min ha və ya 93,4 faizi eroziyaya uğrayıb".
Müsahibim yay-qış otlaqlarında eroziyanın yaranma səbəbini fermerlərin eroziya haqqında bilgilərinin olmamasında görür. Onun sözlərinə görə, eroziyaya uğramış torpaqlarda əkinçilik eroziya ilə mübarizə texnologiyası əsasında aparılmalıdır: "Eroziyaya qarşı mübarizə olmadan əkinçilik sahələrində aqro-texnik tədbirlərin yerinə yetirilməsi torpağın sıradan çıxmasına səbəb olur. İnstitutumuz tərəfindən fermerlərə eroziyaya qarşı mübarizə istiqamətində bir sıra təkliflər irəli sürülür. Belə ki, eroziyanın qarşısını almaq üçün yamacın eninə səpin aparılması, çarpaz səpinlərin aparılması, kulis əkinlərindən istifadə, müasir texnologiyaların istifadəsi, torpağın becərilməsinin minimuma endirilməsi, torpağın şumlanılmaması, səthi becərmə, konservasiyalı əkin texnologiyası, torpaqda işləyən maşınların minimuma endirilməsi, eyni vaxtda bir neçə əməliyyatı həyata keçirən texnologiyaların tətbiq edilməsi vacibdir. Amma sadalananlar yalnız elmi-tədqiqat yönümlü tədbirli işlər zamanı istifadə olunur".
İnstitut direktoru Qobustan ərazisində, Abşeron yarımadasında, Naxçıvanda, Kür-Araz ovalığında səhralaşmanın əlamətlərinin mövcud olması barədə də danışdı. Bildirdi ki, bu ərazilərdə yağıntıların miqdarının azlığı (il ərzində 200-300 mml), səhra bitkilərinin üstünlük təşkil etməsi, şoranlaşma səhralaşmaya gətirib çıxarır: "Otlaqların düzgün istifadə olunmaması, mal-qaranın otlaqlarda həddən artıq otarılması otlaq eroziyasına gətirib çıxarır. Otlaqların eroziyadan qorunması üçün daimi olaraq yaşıllaşdırma işləri görülməli, toxumlar səpilməlidir. Fermerlərlə söhbət əsnasında məlum olub ki, onların otlaq eroziyası barədə məlumatları yoxdur. Bir problem də var ki, fermerler otlaqlara heyvanları tez buraxırlar. Bitkilər tam yetişməmiş heyvanlar tərəfindən yeyilir və otlaqlar deqradasiyaya uğrayır. Bu da tədricən səhralaşma probleminə gətirib çıxarır".
S.Səfərli institutun GIS texnologiyası vasitəsilə ərazilərin eroziya təhlükəsizlik xəritələrinin hazırlanması ilə məşğul olduğuna diqqət çəkərək bildirdi ki, hazırda Dağlıq Şirvan zonasının üç rayonunda-Ağsu, İsmayıllı və Şamaxı rayonlarında GIS xəritələri (təhlükəlilik, meyllilik xəritələri) hazırlanıb. Bundan əlavə qurum Qobustan ərazisində səhralaşma proseslərinə qarşı mübarizə tədbirlərinin hazırlanmasını da həyata keçirir.
"Eroziya ərzaq qıtlığına səbəb ola bilər"...
Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun direktoru Çingiz Əliyev isə torpaq eroziyalarının ərzaq təhlükəsizliyinə gətirib çıxara biləcəyini düşünür. Onun fikrincə, eroziya ilə mübarizədə torpağa minimum müdaxilə, şumlama, malalama, bitki örtüyünün uzun müddət qorunub saxlanılması, düzgün növbəli əkin sisteminin seçilməsi başlıca rol oynayır: "Son zamanlar kənd təsərrüfatı sahələrində torpaq eroziyası böhran halını alıb. Torpağın fasiləsiz şumlanması, torpaqda olan qidalı maddələrin məhv olmasına gətirib çıxarır. Torpağın tərkibində olan orqanik maddələrin məhv olması torpağın yumşalmasına səbəb olur. Bu böhranın qarşısını almaq üçün mala və fırlanan kurtuvatorlardan, bioloji şumlamadan istifadə etmək lazımdır. İnstitutumuz torpaq eroziyasının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirib. Belə ki, ölkə ərazisində şoranlaşmış torpaqlarda quraqlığa davamlı və səhralaşmanın, şoranlaşmanın qarşısını alan xaşa və soya bitkilərinin əkilməsi həyata keçirilir. İnstitutun Kürdəmir rayonunda yerləşən yardımçı-təcrübə stansiyası 3 hektar ərazidə soya bitkisinin əkilməsi ilə bağlı tədqiqat işləri aparır və tədqiqat zamanı soya bitkisinin iki növündən istifadə olunub".
İnstitut direktorunun sözlərinə görə bitkinin torpağa təsirini öyrənmək üçün 0-10, 10-20, 20-30 sm qalınlığında torpaqdan analiz götürülüb. Analiz nəticəsində məlum oldu ki, torpaq, həqiqətən şoranlaşmaya, eroziyaya meyllidir:"Ötən il əraziyə soya bitkisi əkildikdən sonra isə analizlərin nəticəsində şoranlaşmış torpaqların yenidən bərpasının mümkün olduğu məlum oldu. Eroziyanın qarşısının alınması və heyvandarlığın inkişafı üçün xaşa bitkisinin əkilməsi də önəmlidir."
"Eroziyaya uğramış torpaqların dəqiq statistikası mövcud deyil..."
Müstəqil Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov eroziya prosesinin inkişafının yararlı torpaq sahəsinin azalmasına səbəb olduğunu deyir. Onun sözlərinə görə, elə torpaq kənd təsərrüfatı dövriyyəsindən çıxaraq yararsız torpağa çevrilir: "Məhsuldar torpaqların itirilməsi dövrü indi də davam edir. Torpaq eroziyası prosesinin qarşısı vaxtında alınmasa, onun təsirinin daha da kəskin artması gözlənilir. Ona görə də müasir dövrdə əsas problemlərdən biri torpaq ehtiyatlarının optimal istifadəsi, qorunması və münbitliyin bərpasıdır".
T.Zeynalovun sözlərinə görə ölkədə eroziyaya uğramış torpaqların mövcud statistikası bəlli deyil. Ekoloqun fikrincə müxtəlif dövlət qurumlarının hesablamaları bir-birini tamamlamır: "Ölkə ərazisində eroziyanın qarşısını almaq üçün ilk növbədə bu torpaqlarda monitorinqlər aparılmalı, dəqiq statistika müəyyən edildikdən sonra isə mübarizə tədbirləri görülməlidir. Müxtəlif, bir-birinə uyğun olmayan rəqəmlər üzərində bərpa işləri barədə düşünmək olmaz".
"Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı" 2004 cü il 22 may tarixində imzalanan sərəncamla qüvvəyə minib. Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə dövlət proqramında ölkədə kənd təsərrüfatına yararlı torpaqların, o cümlədən, təbii otlaq və biçənək sahələrinin, habelə heyvandarlıqda istifadə olunan yemin strukturunda sənaye üsulu ilə hazırlanmış yüksək qidalı konsentratların az olması, təbii yem sahələrinin normadan artıq yüklənməsi, onların nəzarətsiz istismarı nəticəsində torpaqların eroziyaya uğraması və şoranlaşmasının ölkənin meşə fonduna, su ehtiyatlarına və bütövlükdə ətraf mühitə ciddi ziyan vurduğu qeyd olunur. Bu ziyanı aradan qaldırmaq məqsədilə dövlət proqramının həyata keçirilməsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyinə tapşırıldığını deyən V.Əhmədov proqram çərçivəsində nəzərdə tutulan işlərin həyata keçirildiyini qeyd etdi.
Otlaqlarda güclü surətdə normadan artıq otarma gedir...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Oqtay Cəfərov səhralaşma probleminin aradan qaldırılması üçün ilk növbədə torpaqların inventarlaşdırılmasının aparılmalı olduğunu dedi. Son dəfə qış otlaqlarının 1949-51-ci illərdə inventarlaşdırıldığını bildirən O.Cəfərov aradan 60 il keçməsinə baxmayaraq, hələ də bu sahədə işlərin görülmədiyindən gileyləndi: "Qış otlaqlarında həddən artıq nöqsanlar var. Bəzi sahələr aramsız əkildiyi, bəziləri isə normadan artıq otarıldığı üçün sıradan çıxıb. Amma təəssüflər olsun ki, bu problemlərin aradan qaldırılması təkcə bizim işimiz deyil. Çünki yay-qış otlaqlarının idarə edilməsi yerli icra hakimiyyətləri strukturlarına da həvalə edilib. İdarə olunma isə göz qabağındadır. ETSN səhralaşma probleminin aradan qaldırılması məqsədilə yay-qış otlaqlarının inventerlaşdırılmasını nəzərdə tutur". Müsahibim deyir ki, yay-qış otlaqları dövlətin torpaqlarıdır və fermerlər icarə yolu ilə bu otlaqlarda fəaliyyət göstərirlər. Amma fermerlər unudurlar ki, bu sahələr təkcə heyvan otarmaq üçün deyil: "Bu torpaqların heyvan və bitki aləmi məhv edilir. Tam səmimiyyətlə deyə bilərəm ki, həqiqətən həmin ərazilərdə vəziyyət acınacaqlıdır. Respublika ərazisində qış otlaqları 1,3 milyon ha, heyvan otarma tutumu 3,1 milyon, yay otlaqları 569 min ha (203 min ha işğal altındadır) otarma tutumu 1 milyondur. Amma statistikaya görə bu rəqəm 9 milyonu aşıb. Otlaqlarda güclü surətdə normadan artıq otarma gedir".
Baş məsləhətçi səhralaşma probleminin həm də iqtisadi-sosial məsələlərlə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə ilk növbədə səhralaşma probleminin aradan qaldırılması üçün bölgələrdə alternativ iş yerləri açılmalıdır."Axı çobana necə demək olar ki, çobanlıq etmə. Bunu etmək üçün iş yerləri açılmalı, insanların maarifləndirilməsi lazımdır,"deyən ekspert bu işin həddən artıq çətin olduğunu dilə gətirdi:"Səhralaşmanın qarşısının alınması üçün yay-qış otlaqlarının inventarlaşdırılması, onların məhsuldarlıq səviyyəsinin öyrənilməsi önəmlidir. Sıradan çıxmış yaylaqları kənd təsərrüfatı dövriyyəsindən çıxarmaq,onları dincə qoymaq, müəyyən reabilitasiya işlərinin aparılması lazımdır. Torpaqlar fermerlər tərəfindən yararsızlaşdırılır, amma bərpa işlərini dövlət həyata keçirməlidir. Niyə" Mənə elə gəlir ki, cavabdehliyi bir qədər artırmaq lazımdır".
Dövlət vəsait ayırmalıdır...
Kənd Təsərrüfatı Nazirliyinin Kənd təsərrüfatı aparatının heyvandarlıq məhsullarının istehsalı, emalı,damazlıq işi və otlaqlar şöbəsinin müdiri, əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovun sözlərinə görə isə bu barədə dövlət proqramı olsa da, dövlət bu problemin aradan qaldırılması üçün heç bir vəsait ayırmayıb. "Əgər sahibkar bir ərazini 50 illiyinə icarəyə götürürsə, səhralaşmanın qarşısının alınması üçün o, vəsait qoymalıdır. Buna baxmayaraq, dövlət də vəsait ayırmalıdır," deyən şöbə müdiri qış-yay otlaqlarının yaxşılaşdırılması, duzlaşma, şoranlaşma, eroziya və səhralaşmanın qarşısının alınması istiqamətində işlərin görülməsi üçün heç bir dövlət vəsaitinin ayrılmadığını bildirdi.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün
![]()