Mövcud ekoloji problemlər
Məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi
Müasir texnologiyalar və əhalinin həyat tərzində son 20 ildə baş vermiş dəyişikliklər tullantıların kəskin surətdə artmasına səbəb olub. Xarici məhsulların bazarımıza axını, qablaşdırma materiallarının və şüşə əvəzinə plastikin geniş istifadəsi və s. məişət tullantılarının həcminin və onlardan istifadə edilməsi problemlərinin kəskin artması ilə nəticələnib.
Bu zaman zibilin sonrakı emala yararlı olan komponentlərə ayrılmasının təşkili çox vacib əhəmiyyət kəsb edir, çünki üzvi tullantılarla bir konteynerdə olmuş xammalın işlənilməsi çətinləşir və ya ümumiyyətlə mümkün olmur. Bərk məişət tullantılarının azaldılması və emalı istiqamətində dünyada göstərilən səylər bu prosesin uğurunda zibilin çeşidli toplanmasının əsas həlledici rol oynadığını müəyyənləşdirib. Çeşidləməyə əhalinin cəlb edilməsi isə həm ilkin mərhələdə çeşidlənmiş zibilin çeşidli halda toplanılması və daşınması, həm onun emalı effektivliyinin artırılması, həm də dövlətin emala xərclədiyi vəsaitin azaldılmasına xidmət edir. Qeyd etməliyik ki, qanunvericiliyimizdə istehsalçıların buraxdığı məhsulun emalına cavabdehliyi nəzərdə tutulub. Belə ki, 30 iyun 1998-ci il tarixli 514 saylı "İstehsalat və məişət tullantıları haqqında" qanunda tullantılarla bağlı fəaliyyətdə ətraf mühitə dəyən zərərin zərər yetirən tərəfindən ödənilməsinin təmin edilməsi nəzərdə tutulub.
Eyni zamanda həmin maddəyə tullantıların toplanması və emalı üçün qanunvericilikdə müəyyən edilən qaydada iqtisadi həvəsləndirmənin təmin olunması da daxil edilib. Amma reallıqda istehsalçıların fəaliyyətləri nəticəsində ətraf mühitə vurulan ziyanın aradan qaldırılmasında onların özləri iştirak etmirlər. Nəticədə yaranan zibilin həcminin azaldılması və emal üçün yararlı vəziyyətdə toplanılmasında əhalinin iştirakının əhəmiyyəti daha da artır. Beləliklə, sadə vətəndaşların və istehsalçıların tullantılarla davranma mədəniyyətinin artırılması məsələsi gündəmə gəlir.
Tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə olunacaq
Azərbaycanda, xüsusilə də Bakıda kommunal təmizlik mədəniyyətinin nə yerdə olduğu hamıya məlumdur. Bakının hər yerində "göz oxşayan" tullantıları, zibillikləri görməmək mümkün deyil. Amma məsələ burasındadır ki, artıq bu zibillərdən qurtulmaq üçün zibil zavodu inşa edilir və təxminən gələn il üçün zibillərimiz bizə fayda verməyə başlayacaq. Belə ki, cənab prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində tullantıların yandırılması, emalı, çeşidlənməsi zavodunun tikilməsi qərara alınıb. Bununla bağlı Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavodun layihələndirilməsi, tikintisi və 20 illik istismarı nəzərdə tutulur. Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə etmək mümkün olacaq. Elektrik enerjisinin miqdarı ildə 231,5 mln KVt saat enerjiyə bərabər olacaq. Zavodun 2012-ci ildə istifadəyə veriləcəyi bildirilir. Avropa İttifaqının istismar və ekoloji tələblərinə cavab verən müasir texnologiyalar əsasında inşa edilən zavodun tullantılarının yandırılmasından yaranan kül yol tikintisində istifadə olunacaq.
Tullantıların tərkibində müxtəlif tərkibli maddələr olduğundan onların hamısının yandırılması düzgün deyil
Qeyd edək ki, Bakıda il ərzində təxminən 1 milyon tona yaxın zibil yaranır. Gün ərzində adambaşına 700-800 qram məişət tullantısı atılır. Dövlət başçısının sərəncamı ilə mövcud ekoloji problemlərin planlı sürətdə həll edilməsi məqsədilə də "Təmiz Şəhər" adlı ASC yaradılıb. "Təmiz Şəhər" dən tulantıların necə çeşidlənəcəyini öyrənməyə çalışdıq. ASC-dən konkret olaraq bildirildi ki, bu qurum Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. Qurumdan bildirildi ki, tullantıların toplanması və daşınması, o cümlədən onların ilkin mərhələdə çeşidlənməsi onların səlahiyyətində deyil.
Onu da bildirək ki, tullantıların tərkibində müxtəlif tərkibli maddələr olduğundan onların hamısının yandırılması düzgün deyil. Belə ki, müxtəlif kimyəvi tərkibli maddələrin yandırılması ətraf mühitə daha çox ziyan vurduğundan, yandırılma prosesindən öncə zibillərin çeşidlənməsi mütləqdir. Hazırda Bakıda əhali bütün tullantıları, yəni şüşədən tutmuş plastik, karton, qida qalıqları, adi çörək qırıntılarına kimi hər bir şeyi eyni torbaya dolduraraq bir zibil qutusuna atır. Bir çox inkişaf etməkdə olan ölkələrdə isə məişət tullantıları üçün xüsusi rəngli sellofan torbalar paylanır. Rəngli torbalar öz rənglərinə görə onlara atılacaq tullantıların mənalarını bildirir. Və ya küçələrdə yerləşdirilən zibil qablarının üzərində lazımi şəkillər yerləşdirilir. Bəzi ölkələrdə müəyyən növ tullantı, məsələn, plastik şüşələr üçün həftənin bir günü elan edilir ki, əhali müvafiq torbaları yolun kənarına yığır. Tullantıların yığılıb çeşidlənməsi ilə məşğul olanlar isə proses zamanı çətinlik çəkmir. Azərbaycanda da belə bir təcrübə artıq mövcuddur. "Təmiz şəhər" ASC "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu ərazisində yaranan bərk məişət tullantılarının daha səmərəli idarə edilməsi məqsədi ilə bir neçə ildir ki, tullantıların çeşidlənməsi üzrə tədbirlər həyata keçirir. Milli Ekoloji Departament Forumunun rəhbəri Telman Zeynalov bildirir ki, "Təmiz Şəhər" ASC bu yaxınlarda Balaxanı qəsəbəsinin özündə məişət tullantılarının çeşidlənməsi ilə bağlı layihələr keçirir: "Biz tullantıların idarə edilməsi məqsədi ilə əhali arasında güclü və mütəmadi maarfiləndirmə işləri aparmalıyıq. Məsələn, küçələrə müxtəlif qutular qoymaq və hansı qutuya nəyi tullamaq olar barədə məlumatlar verilməlidir. Ən vacibi isə zibillərin toplanmasını eyni maşınlar həyata keçirməməlidir. Məsələn, Bakı şəhəri İcra Hakimiyyəti avtodayanacaqlarda ağır metaldan olan zibil qutuları qoyub. Onların 3 dəliyi var və hər birinə özünəməxsus tullantılar atmaq lazımdır. Amma zibilyığan maşın gəlib onların hamsını bir yerə töküb aparır. Onda belə sual yaranır ki, bu zibil qabları niyə qoyulur? Əgər onların hamısı bir yerə yığılıb aparılırsa, bu cür daşınacaqsa, belə zibil qutularının qoyulmasına nə ehtiyac var?"
"Tullantıların istehsalı ilə bağlı minizavodların təsis edilməsinə ehtiyac var"
İqtisadçı ekspert Nazim Məmmədov isə hesab edir ki, nəinki Bakının özündə, hətta rayonlarda belə tullantıların istehsalı ilə bağlı minizavodların təsis edilməsinə ehtiyac var: "Bu həm də iqtisadiyyatın inkşafına müsbət təsir göstərər. Çünki tullantılardan kifayət qədər məhsullar, o cümlədən elektrik enerjisi almaq mümkündür. Qeyd edim ki, Avropa İttifaqı vaxtilə inkişaf etmiş ölkələr, o cümlədən Azərbaycana da bu tipli layihələrin həyata keçirilməsi üçün qrantlar ayrımışdı. O vəsaitlərin Azərbaycana 25-30 illik faizsiz olaraq verilməsi nəzərdə tutulurdu. Bir neçə il bundan öncə bizim bölgədə belə bir layihənin həyata keçirilməsi ilə bağlı bir layihə göndərdik. Bu layihələrə maliyyə dəstəyini xarici şirkətlərin ayırmasına baxmayaraq, layihə yerlərdə dəyərləndirilmədi. Yerli icra başçıları bildirdilər ki, Nazirlər Kabineti buna icazə verməlidir. Lakin heç bir qanunda belə bir şey nəzərdə tutulmayıb. Yerli icra hakimiyyəti orqanlarından tələb olunan zavodla bağlı müvafiq torpaq sahələri, sənədlərin verilməsi ilə bağlı olan məsələlərdir. Biz vaxtı ilə belə bir təklif irəli sürmüşdük. Hesab edirəm ki, bu məsələdə Nazirlər Kabinetinin də bir qərarı olmalıdır. Bu iş təkcə Bakı şəhərində deyil, bölgələrdə də həyata keçirilməlidir".
"Zibillik yerlərində baş verən yanğınlar mütləq söndürülməlidir"
Məsələ burasındadır ki, zibilliklərdən qurtulmaq prosesi adətən onun yandırılması ilə həyata keçirilir. Amma ekoloqlar bildirirlər ki, zibilin içərisində elə şeylər olur ki, onu yandırmaq düzgün deyil. Bu həm ekoloji duruma mənfi təsir göstərir, həm də insanların səhhəti baxımından yolverilməzdir. Gənc Ekolojistlər Birliyinin rəhbəri Niyamət Novruzov deyir ki, zibilin çeşidlənmədən başqa onun yandırılması prosesi də var: "Abşeron yarımadasında küləyin iki böyük istiqaməti var ki, bunun biri şimal, digər isə cənub şərq küləyidir. Yandırılan zaman tullantılardan ayrılan tüstü, emissiya tamam şəhəri tuta bilər. Bu isə çox böyük ekoloji fəsad verə bilər". "Rüzgar" Ekoloji Cəmiyyətinin rəhbəri İslam Mustafayev də bildirir ki, zibillik yerlərində baş verən yanğınlar mütləq söndürülməlidir. Çünki yanğınlar davam etdikcə əhalinin zəhərlənməsi də davam edir. Onun sözlərinə görə, yanğınlar söndürüldükdən sonra isə ərazi qorunmalıdır: "Həmin ərazi qorunmalıdır ki, kimsə tərəfindən bilərəkdən zibilliklər yandırılmasın. Prezidentin sərəncamı ilə "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə bütün texnika verilib. Əgər zibillikdə yanğın özü-özünə baş veribsə belə, dərhal onun qarşısı alınaraq söndürülməlidir. Buna cavabdeh olan şəxslər var. Yoxsa gündən-günə vəziyyət ağırlaşa bilər. "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin strateji araşdırmalar üzrə mütəxəssisi Oqtay Məmmədov dünya praktikasına ekskrusiya edərək bildirdi ki, dünya praktikasında belədir ki, zibilliklərdə baş verən yanğınların qarşısını almaq üçün əvvəlcə onun baş verməsinə şərait yaratmamalısan. Tullantılar bir yerə toplandığı üçün istər-istəməz həmin ərazidə istilik enerjisi yaranır, metan qazları ayrılır. Bu da müəyyən yanğınlara, özündən alışmaya gətirib çıxardır. İnsan faktoru olmasa da, yanğın baş verir.
![]()