Natiq Qocayev

QARANLIQ KEÇMİŞDƏN İŞIQLI GƏLƏCƏYƏ DOĞRU...

TƏHSİLDƏ APARILAN İSLAHATLAR AZƏRBAYCANIN PARLAQ GƏLƏCƏYİNƏ QOYULAN ƏN BÖYÜK SƏRMAYƏDİR

Cəmiyyəti inkişaf etdirən yeganə amil təhsildir. Ayrı-ayrı insanların təhsil səviyyəsi bütövlükdə cəmiyyətin səviyyəsini formalaşdırır. Deməli, təhsilə qoyulan investisiya dolayısı ilə bütün sahələrin inkişafına qoyulan investisiya sayılmalıdır. Belə ki, cəmiyyətin savad almış bir nəfəri artan silsilə ilə başqalarını da savadlandıra bilir. Nəticədə, bütün cəmiyyətdə savadlıların sayı daha da artır və bu da inkişafın təkanverici qüvvəsi rolunu oynayır.Təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikri bu gün cəmiyyətin fəaliyyət konsepsiyasına çevrilmişdir. Aparıcı dünya dövlətləri də təhsilə, xüsusilə ali təhsilə müstəsna önəm verirlər.

Müasir dövrdə hər hansı bir dövlətin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. İnsan kapitalı dedikdə, insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq, vərdiş, yüksək insani keyfiyyətlər və motivasiya ehtiyatı başa düşülür. Bu kapitalın xüsusiyyətləri kifayət qədər əsrarəngizdir. O, bir insana məxsus olsa da, eyni zamanda cəmiyyətin mülkiyyətidir. Dövlət, cəmiyyət öz üzvlərini təhsillə təmin etmək üçün sərmayə qoyur, lakin xərclərlə paralel olaraq onun kapitalı bir neçə dəfə artmış olur. Deməli, təhsil xərcləri nəinki humanist yanaşmanı əks etdirir, həm də verimlilik baxımından istənilən kapital növündən qat-qat effektivdir. Heç təsadüfi deyil ki, təbii ehtiyatlarına görə bir sıra ölkələrdən qat-qat geridə olan Yaponiya iqtisadiyyatın digər sahələrində onlardan müqayisə olunmayacaq dərəcədə öndə gedir. Bu da ilk növbədə təhsilə və elmə verilən qiymətin məntiqi nəticəsidir. Ulu öndərin uzaqgörən siyasətinin layiqli davamçısı prezident İlham Əliyev bu aksiomu nəzərə alataq demişdir: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir. Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir."

Elm-texnikanı, texnologiyaları formalaşdıran amilin məhz təhsil olduğunu nəzərə alsaq görərik ki, bu konseptual yanaşma ölkə təhsilində islahatları və dünya təhsilinə inteqrasiya kimi təxirəsalınmaz vəzifəni labüd edir. Belə ki, sovet dövründə ümumi SSRİ məkanına daxil olan Azərbaycan və onun təhsil sistemi demək olar dünyadan təcrid olunmuş şəkildə fəaliyyət göstərirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, real mənzərə əks olunsun. O zamanlar dünya elmində əldə olunan ən son nailiyyətlər əvvəlcə rus ədəbiyyatında işıqlanır, sonra rus dilindən digər xalqların dilinə tərcümə olunurdu. Bu zaman həm operativlik pozulur, həm də ikili tərcümədə qüsurlara yol verilirdi. Dövlət müstəqilliyi bərpa olunduqdan sonra təhsilə yanaşma tərzi kökündən dəyişdi. Bu proses Ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra düzgün məcraya yönəldi və böyük sürət aldı. 1993-cü ildən etibarən təhsildə əsaslı dəyişikliklərin həyata keçirilməsinə, ikipilləli kadr hazırlığına, ali təhsilin strukturu, məzmunu, idarə olunması və bir çox digər sahələrdə ciddi islahatlara başlandı.

1997-ci ildə bakalavrın ilk buraxılışı baş tutdu, eyni zamanda həmin il respublikanın 26 ali məktəbində magistr hazırlığına başlanması ilə əlamətdar oldu.

Təhsil müəssisələrinin müstəqilliyi, səlahiyyətləri genişləndirildi. Bir sıra ali məktəblərə özünüidarəetmə hüququ verildi. 2001-ci ildən həmin ali məktəblər dövlət büdcəsindən birbaşa maliyyələşdirilməyə başladı. 1998-ci ildə Azərbaycan UNESKO-nun "Təhsil hamı üçün" (THÜ) Proqramına qəbul olundu. Digər ölkələrdə də həyata keçirilən bu Proqramın əsas məqsədi hər bir ölkədə təhsilin gələcək inkişaf prioritetlərini müəyyən etmək və THÜ-nün məqsədlərinin uğurla həyata keçirilməsinə zəmin yaratmaqdır. Azərbaycan üzrə hazırlanmış hesabat məktəbəqədər, xüsusilə də ümumi orta təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətlərini müəyyənləşdirdi.

2004-cü ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın UNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ölkəmizin UNESKO ilə əlaqələrində, xüsusilə təhsil sahəsində əməkdaşlığında yeni səhifə açdı.

Qloballaşan dünyada inkişaf tendensiyası yüksək və sürətli olduğundan hər bir cəmiyyət bu tərəqqi ilə ayaqlaşmaq məcburiyyətindədir. Bu reallığı nəzərə alan Azərbaycan da təhsil sistemində dünyaya, o cümlədən Avropaya inteqrasiyanı daha geniş şəkildə şaxələndirməyə başladı. Qısa müddət ərzində müxtəlif seminarlar, treninqlər, layihələr həyata keçirildi. Ən əsası isə odur ki, Azərbaycan təhsil sistemi yeniləşərək, müasir dünya standartlarına uyğunlaşdı. Başqa sözlə desək, orta və orta ixtisas məktəblərində kurikulum, ali məktəblərdə isə Boloniya sisteminə keçid baş tutdu.

Təhsilin çoxpilləli olduğunu nəzərə alaraq, ilk əvvəl orta məktəblərin yeni dərs metodlarının üstünlüklərinə diqqət yetirək. Əgər əvvəllər şagirdin biliyinin qiymətləndirilməsi təkcə sinifdən-sinfə keçməsi üçün nəzərdə tutulurdusa, yeni sistemdə bu belə deyil. Şagirdin qiymətləndirilməsi onun özünün bilik səviyyəsinin ölçü meyarı olmaqla yanaşı, həm də təhsil aldığı müəllimin, dərsliyin, fənn proqramının, məktəb rəhbərliyinin, tədris ocağının, hətta təhsil idarəsinin ümumi vəziyyətinin göstəricisi sayılır. Kurikulum latıncadan hərfi tərcümədə "kurs", "dərs proqramı" mənasını verir. Göründüyü kimi, hər bir fənn üzrə tədrisin konkret proqramı, bu proqramın minimum və maksimum dərəcələri müəyyən edilir. Şagird üçün bir fənn üzrə minimum, digər fənn üzrə maksimum biliklər əldə etmək imkanı yaranır. Beləliklə, ali məktəbə hazırlaşan yuxarı sinif şagirdləri izafi dərs yükündən azad olur. Bu da son nəticədə köhnə sistemin yaratdığı ən böyük fəsad sayılan repititor institutunun avtomatik surətdə aradan çıxmasına xidmət edəcək. Yeni sistemin digər üstün cəhəti də ondan ibarətdir ki, bu sistem əvvəlkindən fərqli olaraq müəllimyönümlü deyil, şagirdyönümlüdür. Yeni dərs prosesində hər bir şagirdin potensial imkanlarının üzə çıxması üçün münbit şərait yaradılır. Bu da onların nəzəri biliklərinin praktika ilə vəhdətini təmin etmiş olur. Lakin kurikuluma keçiddə problemlər də az deyil. Belə ki, kadr və dərslik çatışmazlığı, yeni sistemin məntiqinin çoxları tərəfindən dərk edilməməsi, bəzi məktəb rəhbərlərinin bu sistemə adaptasiya ola bilməmələri və ya sadəcə bu istəkdə olmamaları bir çox təbii və süni əngəllər yaradır. Sözsüz ki, təcrübə artdıqca bu məsələ də öz həllini tapacaq.

1992-ci ildə Azərbaycanda ali məktəblərə tələbə qəbulunun mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılması ümumtəhsil məktəblərində də şagirdlərin yekun attestasiyasının uyğun model əsasında həyata keçirilməsini zəruri etdi. Tezliklə Xİ siniflərdə dörd fənn üzrə buraxılış imtahanlarının Təhsil Nazirliyi tərəfindən hazırlanmış test sualları əsasında keçirilməsinə başlandı. Sonradan bu, mərkəzləşdirilmiş buraxılış imtahan modeli ilə əvəz olundu. Beləliklə, hər bir məzun üçün eyni dərəcədə obyektiv şərait yarandı. İslahatların miqyası yalnız orta məktəbləri əhatə edə bilməzdi. Orta təhsilin tərkib hissəsi olan orta ixtisas təhsilində də yeniliklər mütləq idi. 2007-ci il iyunun 18-də Azərbaycan Respublikası hökuməti və Heydər Əliyev Fondu ilə UNESCO arasında "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin həyata keçirilməsi haqqında sazişin imzalanması bu sahədə də islahatlara zəmin yaratdı. Layihəyə əsasən peşə təhsili sahəsində mehmanxana xidməti, turizm, informasiya və kommunikasiya texnologiyaları, ingilis dili üzrə müasir tələblərə cavab verən yeni kurikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma və təlim-resurs mərkəzi yaradıldı. Ölkənin təhsil islahatları bununla da məhdudlaşmadı. Belə ki, cəmiyyətin inkişafının ən güclü katalizatoru ali təhsildir. Ali təhsilli vətəndaşları çox olan cəmiyyət ali cəmiyyət adlana bilər. Əlbəttə ki, bu zaman söhbət sadəcə diplom üçün ali təhsil alanlardan getmir. Əks halda, həmin cəmiyyət diplomlu savadsızlar cəmiyyəti adlanmalı idi. Məhz bu paradoksu aradan qaldırmaq, ədalət prinsipini təmin etmək üçün ali təhsil sistemində də inqilabi yeniliklər baş verdi. Ali təhsil sahəsində qloballaşmanın ən nəzərəçarpan təzahürlərindən biri vahid Avropa təhsil məkanının formalaşdırılması olmuşdur ki, onun da təməlində Avropada ali təhsilin inkişafının magistral xəttini təşkil edən və bir sıra vacib prinsiplər əsasında qurulan Boloniya prosesi durur. Boloniya prosesinin üstün cəhəti ondan ibarətdir ki, bu zaman tələbəyə daha çox sərbəstlik və seçim imkanı verilir. O, bu və ya digər fənnlər üzrə proqramı hissə-hissə öyrənmək və imtahan vermək imkanı əldə edir. Yeni sistem tələbələrə təhsil proqramını daha asanlıqla mənimsəməyə imkan yaratmaqla yanaşı, həm də ali məktəblərdə kök salmış və cəmiyyətin haqlı narazılığına səbəb olan neqativ halların da qarşısını qətiyyətlə alır. Nəticə etibarilə yerli diplomların əcnəbi ölkələrdə tanınmasına zəmin yaradır.

Yeni sistemin üstünlüklərini nəzərə alan möhtərəm prezidentimiz İlham Əliyev cari ilin yanvar ayının 31-də "Azərbaycan Respublikası ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, Təhsil Nazirliyi tabeçiliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsini martın 30-dək hazırlamalıdır. Göründüyü kimi, Azərbaycan təhsil sistemi köklü islahatlarla çoxillik təcrübəyə malik olan Avropa təhsil sisteminə inteqrasiya yolunu tutmuşdur. Uğurlar, nailiyyətlər göz qabağındadır. Bununla belə, qüsurlar və nöqsanlar da mövcuddur. Bir çox ali məktəblərdə heç bir sosial sifarişə əsaslanmayan kafedraların, ixtisasların mövcudluğu, ştatlı müəllimlər var ikən ştatdankənar mütəxəssislərin təhsilə kütləvi şəkildə cəlb olunmaları, ali təhsil müəssisələrinin vahid tədris konsepsiyası ilə fəaliyyət göstərməmələri sadalanan problemlər sırasındadır. Fikrimcə, ən böyük problem isə müəllimlərin maddi durumunun arzuolunan səviyyədə olmamasıdır. Əgər biz təhsildə Avropa standartlarına keçiriksə, deməli, müəllimlərin maddi stimullaşması da mövcud kriteriyaya uyğun olmalıdır. Əks təqdirdə, islahatlar təhsildə inkişafa deyil, daha da kəskin deformasiyalara gətirib çıxaracaq. Bu amilin ümdə şərt olduğunu nəzərə alan möhtərəm prezident İlham Əliyev müəllimlərin maddi durumunun yüksəldilməsi və Avropa standartlarına çatdırılması yolunda durmadan çalışır. Bu isə Azərbaycanın gələcəyinə qoyulan ən böyük sərmayədir.




Bu yazı 1179 dəfə oxunmuşdur.