Nail Rəhimzadə

2010 Ekoloji problemlərin həllində dönüş ili

Bu gün planetimizdə ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ekoloji məsələlərə diqqətin artırılmasını zəruri edib. Bu məqsədlə xüsusi dövlət proqramları təsdiqlənib, müvafiq normativ sənədlər imzalanıb. Bu sənədlərdən ən önəmlisi isə 2006-cı ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən "Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"dır.

Artıq bu il Sənədin icra müddəti başa çatır. Ötən müddət ərzində ekoloji mühitin yaxşılaşdırılması istiqamətində hansı işlər görülüb? Hansı nəticələr əldə olunub? Qarşıda hansı vəzifələr dayanır? Təbii ki, bütün bu sualların cavabı olduqca əhəmiyyətlidir. Hesab edirik ki, mövzu ilə bağlı ekspertlərin rəyləri daha maraqlı olar.

Əsas problemlərdən biri Bakı və ətraf qəsəbələrdə formalaşan tullantı sularının idarə olunması idi...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Mirsalam Qənbərovun sözlərinə görə, Azərbaycanda ən çox çirklənməyə məruz qalan bölgə Bakı və Abşeron yarımadasıdır. ETSN tərəfindən tərtib edilən xəritədə göstərilir ki, Abşeron yarımadası və ümumiyyətlə çirklənməyə məruz qalmış ərazilər 33,3 min hektar sahəni əhatə edir. "2006-2010-cu illər Kompleks Tədbirlər Planı"nda Bibiheybət zonasında ekoloji durumun yaxşılaşdırılması, Bakı Buxtası və s. sahələrin bərpası, rekultivasiyası və bu ərazilərdə geniş yaşıllıqların salınması öz əksini tapıb. Bu il Sənədin icrasının axırıncı ilidir. Proqram uğurla icra olundu."

M.Qənbərov hesab edir ki, əsas problemlərdən biri də Bakı və ətraf qəsəbələrdə formalaşan tullantı sularının idarə olunması idi. "Şəhər böyüyür, əhalinin sayı artır, yeni yaşayış massivləri salınır və bu ərazilərdə formalaşan tullantı suları onsuz da müvafiq standartlara cavab verməyən mövcud kanalizasiya sistemlərinə axıdılırdı. Bu sistemlər isə tullantı sularını qəbul edə bilmirdilər və onlar Xəzər dənizi və başqa su hövzələrinə axaraq problemlər yaradırdılar. Bunun qarşısını almaq üçün "Azərsu" QSC tərəfindən bir sıra tədbirlər həyata keçirildi. Sənədin icrası dövründə bioloji təmizləyici qurğular kompleksi istifadəyə verildi. Bu qurğular isə problemin həllində əhəmiyyətli dərəcədə rol oynadı. Hazırda bu işlər davam edir."

Ekoloji mühitə təsir edən digər bir problem bərk məişət tullantılarının idarə olunmasıdır. İdarə rəisinin sözlərinə görə, problemə son qoyulması üçün ETSN hökumətə bir sıra təkliflər təqdim etdi. "Nəhayət 2009-cu ildə Balaxanıda məişət tullantılarının utilizasiyası zavodunun inşasına başlandı. İnanıram ki, yaxın gələcəkdə Zavodun işə düşməsi problemin həllinə öz müsbət təsirini göstərəcək."

Araşdırmalar zamanı məlum olur ki, tikinti aparılan bəzi ərazilər ekoloji ekspertizadan keçməyib...

2010-cu il "Ekologiya İli" olduğunu xatırladan Mirsalam müəllim bu il ölkədə, xüsusilə Abşeron yarımadasında geniş yaşıllıq zolaqlarının salınmasının nəzərdə tutulduğunu bildirdi. "Ötən il cənab Prezident tərəfindən 3 milyon ağacın əkilməsi tapşırığı verildi. Artıq bu işlərə başlanılıb və 2010-cu ildə kampaniya daha geniş vüsət alacaq. Bunun üçün 11 ərazi seçilib. Bunlar Zığ gölü və onun ətrafı, Zığ gölü və Hava Limanı arası, Səngəçal ətrafı, Zirə və Binə qəsəbələri arası, Əzizbəyov, Sabunçu dairələri ətrafı və s. bu kimi ərazilərdir. Artıq layihələndirmə işləri başa çatdırılıb."

Bütün bunlara baxmayaraq Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi bəzən qanunsuz olaraq ağacların kəsilməsi məsələsinə də aydınlıq gətirdi. "Belə hallar baş verir. Bu cür hallar aşkar olunduqda müvafiq inzibati cərimələr tətbiq olunur. Ağacların kəsilməsinin əsas səbəblərindən biri isə tikinti aparılacaq yerlərin ekoloji ekspertizadan keçməməsidir. Bəzən görürük ki, müəyyən bir ərazidə artıq nə isə tikilib və ağaclar kəsilib. Ancaq araşdırmadan sonra məlum olur ki, həmin ərazi ekoloji ekspertizadan keçməyib. Təbii ki, bu zaman torpaq verən təşkilatlar daha diqqətli olmalıdırlar."

Ən azı tullantını zibil qutusuna ataq

Mirsalam müəllim vurğulayır ki, bu gün insanlar ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyi bilmirlər. "Elə əsas problem də buradan başlayır. Əgər insan fəaliyyətdədirsə, deməli, ətraf mühitlə təmasda olur. Ona görə bu münasibəti balanslaşdırmaq lazımdır. Çalışmalıyıq ki, ətraf mühitə mənfi təsir göstərməyək. Ən azı tullantını zibil qutusuna ataq. Bununla da digər insanlara nümunə olaq."

160 ildən bəri bizə miras qalan ekoloji problemlər artq öz həllini tapmağa başlayır...

"2006-2010-cu illər Kompleks Tədbirlər Planı"nda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də (ARDNŞ) üzərinə böyük vəzifələr qoyulub. Şirkətin Ekologiya İdarəsinin rəisi Azər Əliyevin sözlərinə görə, Sənədin icrası ilə əlaqədar daxili sənəd-"ARDNŞ tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan işlərin qrafiki" təsdiq olunub. "Bundan başqa ARDNŞ-in fəaliyyət sahələrində ətraf mühitə neqativ təsirlərin minimuma endirilməsini təmin etmək məqsədi ilə "0 tullantı" prinsiplərinin elan olunduğu Ekoloji Siyasəti qəbul edilib. Ötən müddətdə isə bir çox layihələr həyata keçirilib."

Təbii ki, bu gün ARDNŞ-in qarşısında duran əsas məsələ neft və neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan neft sənayesinin 160 ildən artıq tarixi var. Bu müddətdə neft-qaz hasilatının sadə texnologiya ilə, açıq üsullarla aparılması isə ekologiyaya mənfi təsir göstərib. Uzun illər ərzində hasilatın ətraf mühitə neqativ təsiri davam edib. A.Əliyev bildirir ki, nəticədə Bakı və Abşeron yarımadasında 7 min hektara yaxın torpaq sahəsi yararsız hala düşüb. "Problemin həlli ilə bağlı ARDNŞ ilk növbədə neft və neft məhsulları ilə çirklənmiş ərazilərin idarə olunan elektron coğrafi məlumat bazasının yaradılması, layihələrin hazırlanması işini həyata keçirib. Bu gün hasilat başa çatmış ərazilərdə təmizləmə işləri həyata keçirilir. Təmizlənən ərazilərin isə gələcəkdə yenidən dövlətin istifadəsinə qaytarılması nəzərdə tutulur. Bu günə kimi isə 300 hektara yaxın ərazi təmizlənib."

ARDNŞ 2010-cu ildə 400 hektar neft və neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsini nəzərdə tutur

Bu il Dövlət Neft Şirkəti tərəfindən 400 hektara qədər mədən ərazilərində torpaqların təmizlənməsi nəzərdə tutulur. 2010-cu ildə həmçinin 150 min ağacın əkilməsi planlaşdırılır. Konkret olaraq bu il Siyəzəndə, "Abşeronneft" NQÇİ-nin (40 hektar sahə), H.Z.Tağıyev NQÇİ-nin (10 hektar sahədə ekoloji park), "Balaxanıneft" NQÇİ-nin (135 hektar sahə) və N.Nərimanov adına NQÇİ-nin ərazisində təmizləmə işlərinə başlanacaq. Artıq layihə-smeta sənədləri hazırdır. Qeyd olunan ərazilərin təmizlənməsinin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Gələcəkdə digər ərazilərin təmizləməsi də sürətlə davam etdiriləcək.

Bu gün dəniz suyunun şirinləşdirilməsi də qarşıya qoyular əsas vəzifələrdən biridir. Azər Əliyev qeyd edir ki, ARDNŞ dəniz suyunun şirinləşdirilməsi ilə bağlı qurğuların quraşdırılması sahəsində müxtəlif layihələr həyata keçirir. "Hazırda "Neft Daşları"nda 2 minə yaxın insan işləyir, yaşayır. Burada gücü sutkada 500 kubmetr olan dəniz suyunun şirinləşdirilməsi qurğusu fəaliyyət göstərir. Adada yaranan məişət-çirkab sularının təmizlənməsi üçün bioloji təmizləyici qurğu da mövcuddur. Bu qurğuların işi nəticəsində təmizlənən sular texniki məqsədlər üçün istifadə olunur. Bununla yanaşı, Çilov adasında gücü sutkada 300 kubmetr olan yeni qurğunun layihələndirilməsi başa çatıb. Yaz aylarında qurğu işə düşəcək. Qurğunun quraşdırılmasında əsas məqsəd adada yaşayan insanların texniki məqsədlər üçün istifadə olunan suya tələbatını ödəməkdir. Çilov adasında həmçinin bioloji təmizləyici qurğu da fəaliyyət göstərir."

Qeyd edək ki, Dövlət Neft Şirkəti həmçinin 2010-cu ildə özüllərdə, estakadalarda bioloji təmizləyici qurğuların quraşdırılmasını nəzərdə tutur ki, bunun da nəticəsində insanların formalaşdırdığı məişət-çirkab sularının təmizlənərək dənizə buraxılması mümkün olacaq.

Ekoloji mühitin qorunmasına lazım olan diqqəti göstərə bilirikmi və ya insanların düşüncəsində bu istiqamətdə hansısa dəyişiklik varmı?

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev hesab edir ki, insan şüurunun dəyişməsi inqilabi yolla baş verə bilməz. "İnsanın psixologiyasında, hər hansı bir məsələyə yanaşma tərzində təkamül prosesi olmalıdır. Bu cür dəyişkənliklərə aparan yollardan biri də insanların maarifləndirilməsindən, ekoloji layihələrdən keçir. Artıq hər bir vətəndaş öz həyətində, evində, ətrafında, yaxınları arasında ekologiyaya münasibətini dəyişməlidir və görməlidir ki, hər şey dəyişir."

S.Əliyevin sözlərinə görə, Azərbaycanda 50 il bundan əvvəl də neft hasil olunub. "Fikir versək görərik ki, əsrin əvvəllərində neft hasilatı zamanı daha çox çirklənmələr baş verirdi. Ancaq elm, texnika inkişaf etdikcə çirklənmələrin qarşısı alınmağa başlandı. ARDNŞ öz Ekoloji Siyasət proqramını hazırlayıb. Bu sənədin əsas tövsiyələrindən biri də odur ki, neft-qaz hasilatı zamanı yeni texnika və texnologiyalardan istifadə olunmaqla ətraf mühitə daha az təsir göstərilsin. Doğrudan bu gün elmin, texnikanın inkişafı ekoloji tarazlığın pozulmasına yox, onun bərpasına gətirib çıxarır."

Azərbaycan Respublikası Konstitusiyasının "Sağlam ətraf mühitdə yaşamaq hüququ" adlı 39-cu maddəsinin I bəndində qeyd olunduğu kimi, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Gəlin özümüz öz hüququmuzu pozmayaq. Əgər gələcəkdə sağlam mühitdə yaşamaq, təmiz hava udmaq, təmiz su içmək istəyiriksə, ən azı ekologiyaya mənfi təsir göstərməyək. İnanıram ki, buna da iradəmiz çatar...




Bu yazı 1153 dəfə oxunmuşdur.