AZƏRBAYCAN EKOLOGİYASI:
PROBLEMLƏRİ VƏ HƏLLİ YOLLARI
"Təbiət qeyri-dəqiqliyi sevmir və səhvləri bağışlamır"
Ralf Emerson, ABŞ filosofu
Ekologiya yunan sözüdür. "Ekos" ev, təsərrüfat, vətən, "logiya" elm anlamındadır. Elmə ilk olaraq bu termini 1866-cı ildə alman bioloqu Ernst Hekkel "Orqanizmlərin ümumi morfologiyası" («Generalle Morphologie der Organismen») kitabında gətirib. 50 ilə yaxın ekologiya sırf biologiya elmlərindən biri kimi qəbul edilərək, canlı və cansız təbiətin qarşılıqlı əlaqələrinin tədqiqi istiqamətində fəaliyyət göstərdi. XX yüzilliyin əvvəllərindən başlayaraq, ekologiyanın təkcə biologiyanı deyil, daha geniş spektri əhatə etdiyi müəyyən olundu.
Bu gün ekologiya canlı orqanizmi populyasiya (bir növ canlının müəyyən ərazidə yerləşməsi), ekosistem səviyyəsində tədqiq edir, onun ətraf mühitlə təmasını dərindən öyrənir. Hazırkı dövrdə geniş eksperimental və nəzəri materiallar əsasında ekologiyaya təbii mühit və onun insanla - insan cəmiyyəti ilə qarşılıqlı təsiri haqqında təbiət və sosial elmlərin məlumatlarını birləşdirən kompleks elm kimi baxılır. Təsadüfi deyil ki, kimya, biologiya, riyaziyyat, epidemiologiya, fizika və coğrafiya elmləri ilə intensiv əlaqəyə malik ekologiyanı tədqiqatçılar gələcəyin bir saylı elmi olaraq görürlər.
Gerçəkdən müasir dünyanı ekologiyasız təsəvvür etmək mümkün deyil. Ekologiyaya biganəlik dünyanı məhvə sürükləyir. Texnogen sivilizasiya çox yüksək səviyyəyə çatdığı bir zamanda dünya ekoloji problemlərlə qarşı-qarşıya durur. Enerjiyə olan tələbatı ödəmək üçün gücünə görə Xirosimaya atılmış atom bombasından milyon dəfə artıq dağıdıcı gücə malik nüvə stansiyalarının qurulması, ozon təbəqəsinin ilbəil nazikləşməsi və ozon deşiklərinin açılması, flora və faunanın məhv edilməsi, torpağın deqradasiyası, havanın və suyun zəhərli, zərərli maddələrlə çirklənməsi və s. problemlər dünyanı çox ciddi narahat etməkdədir.
Artıq hər hansı bir regionda baş verən və baş verməsi gözlənilən ekoloji qəza təkcə o regionun problemi kimi yox, bütün dünyanın problemi kimi qəbul olunur. Vərəm xəstəliyi bir nəfərə, bir ailəyə yox, ətrafdakılara da təhlükə yaratdığı kimi, ekoloji tarazlığın pozulması da lokal deyil, qlobal fəsadlarla nəticələnir.
Ekspertlər qeyd edirlər ki, ekoloji tarazlığın pozulması inkişaf etməkdə olan, müstəmləkə buxovundan təzəcə azad olmuş ölkələrdə daha qabarıq şəkildə özünü büruzə verir. Yeraltı sərvətlərlə, xüsusən neft yataqları ilə zəngin ölkələrdə ekoloji problemlər həddən artıq çoxdur. Bu tip ölkələrdə adətən havanın, suyun və torpağın ekoloji sağlamlığı bərbad vəziyyətdə olur.
Azərbaycanın müstəqillik yaşının iyirmiyə çatmasını, iqtisadiyyatımızın təzə-təzə inkişaf yoluna qədəm qoymasını və böyük neft yataqlarına malik olduğumuzu nəzərə alsaq, bizdə ekologiyanın mövcud durumu açıq-aşkar görünər. Yazının geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu əsas götürərək, Azərbaycanın əsas ekoloji problemlərini təxminən aşağıdakı kimi ümumiləşdirmək olar:
1. Münbit torpaqların deqradasiyaya (eroziya, şorlanma) məruz qalması;
2. Meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatının azalması;
3. Biomüxtəlifliyin seyrəkləşməsi;
4. Nəqliyyat vasitələri və sənaye müəssisələri tərəfindən atmosfer havasının çirklənməsi;
5. Kanalizasiya xətlərinin azlığı;
6. Əhalinin içməli su təminatının aşağı səviyyədə olması;
7. Sənaye və məişət tullantıların, o cümlədən təhlükəli tullantıların nizamlı şəkildə, tələb olunan səviyyədə idarə olunmaması;
8. Su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi.
Azərbaycan ərazisində Rusiyaya məxsus giqant hərbi obyektin - Qəbələ RLS-in varlığını və transsərhəd çaylarının ekoloji terrora məruz qalmasını da problemlərin siyahısına əlavə etsək, ölkəmizdə ekoloji durumun o qədər də könülaçan olmadığı ortaya çıxar.
Azərbaycan hökumətinin son illər ekoloji tarazlığı bərpa etmək üçün gördüyü işlər problemlərin həlli istiqamətində müsbət addım kimi dəyərləndirilə bilər. Bakı və Sumqayıt şəhərlərində bir sıra zəhərli kimya zavodlarının, istehsal müəssisələrinin bağlanması, yeni yaradılmış modul tipli çirkab su təmizləyici qurğulardan ibarət "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyətinin qurudularaq ekoloji tarazlığın bərpa olunması təqdirəlayiqdir.
Su ehtiyatlarının, torpağın və havanın mühafizəsi üzrə görülmüş müəyyən işlər, magistral avtomobil yollarının kənarına ağac və kolların əkilməsi, Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Sədərək və Binə ticarət mərkəzləri köçürüldükdən sonra həmin ərazilərdə təbii landşaftın bərpası, Abşeron yarımadasında 3 milyon ağacın əkilməsinə start verilməsi, ölkənin müxtəlif regionlarında Dövlət Təbiət Yasaqlığının, Bakıda müasir standartlara cavab verən Zooloji Parkın yaradılması, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün görülən tədbirləri qeyd etməyə dəyər.
Ekoloji problemlərin həllində dövlətin xüsusi marağı olmalıdır. Yüz illərlə əcnəbilərin müstəmləkəsi olan, sərvətləri ilə bahəm ekologiyası da ciddi istismara məruz qalan Azərbaycanda ekoloji tarazlığı sabitləşdirmək təbii ki, qısa zaman kəsiyində mümkün olmayacaq. Etiraf etməliyik ki, biz ekologiyanın mahiyyətini hələ təzə anlamağa başlamışıq. Ekoloji problemlərin sağlamlığa vurduğu zərərin fərqində deyilik.
Bu gün stabil iqtisadi inkişafa malik olan Qərb dövlətlərində də bir zamanlar belə idi. İnsanlar bütövlükdə ekologiyaya biganə münasibət bəsləyirdi. Atmosferin çirklənməsinin yuxarı tənəffüs yollarına ağır təsirini elmi cəhətdən isbatladıqdan sonra Almaniyada ekologiyaya diqqət artırıldı. "Bir ağac əkmək şərəf gətirir, əkilmiş ağacı qorumaq hamının borcudur" şüarı ölkə boyu yayıldı. Bütün şəhər və kəndlərdə saysız-hesabsız bağlar salındı. Ölkənin siyasi həyatına sirayət etmək gücündə olan "Yaşıllar" hərəkatı formalaşdı və ətraf mühitin mühafizəsi istiqamətində dövlət səviyyəsində proqramlar gerçəkləşdirildi. Nəticədə ağ ciyər və bronxların xəstəlikləri kəskin şəkildə aşağı düşdü.
Böyük Britaniyada ətraf mühitin mühafizəsi üçün xüsusi qanunlar qəbul edildikdən sonra vətəndaşların sağlamlıq göstəricilərində müsbət dinamika özünü açıq-aşkar büruzə verməyə başladı. Heç də təsadüfi deyil ki, ingilislər "təmiz hava, saf su, münbit torpaq sağlamlıqdır " cümləsini tez-tez işlədirlər.
Bu gün Avropa Birliyi (AB) sıralarına qəbul etdiyi dövlətlərin ekoloji problemlərə önəm verməsinə çox ciddi yanaşır. İstehsal olunan meyvə-tərəvəzin, ət və süd məhsullarının ekoloji standartlara uyğun gəlməsi Avropa Birliyinin Ərzaq Proqramında xüsusi qeyd olunur. AB ekoloji sabitlik yaratmaq üçün sərt qanunların qəbulunu belə tələb edir. Ən maraqlısı isə avropalıların özlərinin ekoloji mədəniyyəti asanlıqla həzm etməsidir ki, bu özəllik də hər xalqa nəsib olmur.
Azərbaycanda ekoloji problemlərin aradan qaldırılması üçün müəyyən işlər görülüb və görülməkdə davam edir. Xüsusi qeyd etməyə dəyər ki, ekoloji tarazlığı qoruyub saxlamaq üçün təkcə dövlət proqramları yetərli deyil. Bu işdə ictimaiyyətin iştirakı da vacibdir. Ekoloji mədəniyyətə yiyələnmək o qədər də sadə bir iş deyil. Buna alışmaq lazımdır. Ekoloji mədəniyyəti mentalitetimizin çox vacib elementlərindən birinə çevirmədən, ekologiyanın həyatımız, ailəmiz, ətrafımız, xalqımız, vətənimiz üçün əhəmiyyətini anlamadan problemlərin həlli mümkün olmayacaq. Daha nə etmək lazımdır?
1. Ekologiya bir fənn kimi orta məktəblərdə tədris olunmalıdır. Uşaqlara kiçik yaşlarından ətraf mühitin həyat üçün, bəşəriyyət üçün nə qədər zəruri olduğu öyrədilməli;
2. Hər bir fərdin, ailənin, müəssisənin, kəndin, qəsəbənin, rayonun və şəhərin ətraf mühitə verdiyi töhfəyə rəğmən, ekoloji pasportun tərtibi üçün hazırlıq görülməli, bu pasportun kriteriyaları müəyyən edilməli;
3. Buraxılan məhsulun ekoloji standartlara uyğunluğuna nəzarət üçün istər ərzaq, istərsə də qeyri-ərzaq istehsalı ilə məşğul olan müəssisələrə ekoloji sertifikat təqdim edilməli;
4. Ekoloji cəhətdən təmiz ərzaq məhsullarının sağlamlıq üçün zəruri olduğu geniş təbliğ olunmalı, belə məhsulların ticarət şəbəkəsi qurulmalı;
5. Ekoloji təmiz məhsul istehsalını artırmaq üçün kənd təsərrüfatı məhsullarının, xüsusən ət və süd məhsullarının istehsalı ilə məşğul olanlara ölkə vətəndaşlarını zərərsiz ərzaqla təmin etdiklərinə görə Avropanın bəzi ölkələrində (Almaniya, Hollandiya) olduğu kimi dövlət tərəfindən xüsusi güzəştlər olunmalı;
6. Atmosferi çirkləndirən minik və yük avtomobillərinin hərəkətinə, istehsal müəssisələrinin fəaliyyətinə qadağa qoyulmalı, onlara tətbiq edilən cərimələrin miqdarı artırılmalı;
7. Transmilli neft şirkətləri ilə bağlanan müqavilələrdə əldə ediləcək gəlir yox, ekoloji maraqlar önə çəkilməli;
8. Neftimizin istismarı ilə məşğul olan transmilli şirkətlərdən illik ekoloji vergi tutulmalı;
9. İctimai yerlərdə, parklarda, iaşə müəssisələrində siqaret çəkilməsinə qadağa qoyulmalı;
10. Televiziyada, mətbuatda mütəmadi ekoloji diskussiyalar təşkil olunmalı;
11. Sırf ekologiya mütəxəssisləri hazırlayan universitet yaradılmalı;
Bir sözlə, bu günümüzü, gələcəyimizi qorumaq üçün ekologiyaya xüsusi diqqət yetirməliyik. Çünki söhbət özümüzün sağlamlığından gedir. Anlamamız lazım ki, təbiətə vurduğumuz bir zərbəyə görə on qatını, yüz qatını da almağa məhkumuq. Onu da dərk etməliyik ki, öz sağlamlığımıza biganə qalmağımızı həm də Allah bizə bağışlamaz...
ABŞ-ın məşhur ekoloq alimi Barri Kommoner məqalələrinin birində yazır: "Təbiət yalnız onunla insan kimi davrananlara insani münasibət bəsləyir". Biz azərbaycanlılar da təbiətlə sivil millətlər kimi davranmağı bacarmalıyıq. Onu sevməyi, qiymətləndirməyi bacarmalıyıq. Gəlin etiraf edək, Allahın zəngin sərvətlər bəxş etdiyi Azərbaycanı ekoloji baxımdan cənnətə çevirmək olar. Yetər ki, təbiəti dərk edək, onun əsrarəngiz gözəlliyini anlaya bilək. Başa düşək ki, torpağı da, suyu da, havanı da qorumaq, onu gələcək nəsillərə yararlı, saf, münbit halda ərməğan etmək hər birimizin insani borcudur.
Mahatma Qandinin gözəl bir kəlamı var: "Dünya insanın hər bir zəruri tələbatını ödəmək üçün çox böyükdür, fəqət insan acgözlüyünə rəğmən çox kiçik görünür". Kiminsə tamahı, acgözlüyü ucbatından təbiətə vurulan zərbələrə biganə qalmaq - öz sağlamlığımıza biganəliyə bərabərdir. Bunu heç bir vaxt yaddan çıxarmaq olmaz.
Tanrı Azərbaycana 11 iqlim nümunəsindən 9-nu bəxş edib. Tanrı Azərbaycana Xəzər kimi inci bəxş edib. Tanrı Azərbaycana zəngin neft yataqları bəxş edib. Tanrı Azərbaycana meşələr, bağlar, qoruqlar, çaylar, göllər bəxş edib. Vətənimizin meşə, dağ və düzənliklərində 97 növ məməli heyvan, 346 növ quş, göl və çaylarında 95 növ balıq məskən salıb. Tanrı bunları bəxş edib ki, bizlər bu töhfələrdən yararlanaq, onu qoruyaq, gələcək nəsillərə ötürək. Bizlərin naşükür olmasına heç bir əsas yoxdur. Çiynimizə düşən yük ətraf mühiti qorumaq, Allahın bəxş etdikləri ilə insan kimi davranmaqdır. Bu məqsədlə də hər birimizin ekologiyaya münasibətimiz dəyişməlidir. Ekologiyanı mentalitetimizə oturtmaq üçün beynimizdə inqilab etməliyik. O inqilabı edə bilsək, təbiəti qoruya biləcəyik. Və əminəm ki, edə biləcəyik...
![]()